Məmurların milyon dollarlıq hədiyyələri hərracda
Dövlət qulluqçularına hədiyyələrin yuxarı limitini sıfra endirməyin vaxtı çatıb.
Məmurlara dəyəri 55 manatdan yuxarı olan hədiyyələrin alınmasının qadağan edilməsi əslində Amerika təcrübəsindən gəlir.
Müstəqil hüquqşünas Ələsgər Məmmədli ANS PRESS-ə müsahibəsində ABŞ qanunvericiliyində bu qadağanın 50 dollar olduğunu deyir: “2004-cü ildə bizdə də “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edilərkən buna uyğun rəqəm kimi 55 manat götürüldü”.
Ələsgər Məmmədlinin sözlərinə görə, bu məbləğin rüşvətə heç bir dəxli yoxdur: “Yəni heç bir məmur düşünə bilməz ki, qanunla görməli olduğu işi yerinə yetirmək üçün rahatlıqla 40-50 manat rüşvət istəyə bilər. Bu, sadəcə bəzi prosedur qaydaları zamanı, məsələn, xaricə səfərlər zamanı verilən hədiyyələrə aiddir. Bəzən bu hədiyyələri almamaq etik normalara uyğun olmur. Həmin hədiyyələr alınır və dəyəri 55 manatı keçdikdə dövlətə təhvil verilir”.
Məsələ Naxçıvan Ali Məclisinin sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nın təsdiq edilməsi ilə gündəmə gəldi. Qaydalarda xüsusi olaraq məmurlara dəyəri 55 manatdan yuxarı olan hədiyyə almaq qadağan edilib.
Təbii ki, indiki zəmanədə 55 manatlıq urvatlı bir hədiyyə tapmaq mümkün deyil, indi hədiyyəlik qalstukların qiyməti belə 100 manatdan başlayır. Bəzən bir nəfərlik konsert bileti belə 55 manatı keçir. Qərbdə geniş yayılmış praktikaya görə, hədiyyənin qiymətinin həmin həddi keçməməsi üçün üzərinə qəbz də qoyurlar.
Lakin praktikada bəzən bu cür hədiyyələrdən gizli rüşvət vasitəsi kimi istifadə edilir. Məsələn, dəyəri bir neçə yüz min dollar olan rəsm əsəri mağaza vasitəsi ilə 50 dollar səviyyəsində qiymətləndirilir və yüksək çinli dövlət məmuruna hədiyyə verilir. Bu məmurlar pensiyaya çıxdıqdan sonra həmin əsərləri rahat şəkildə sataraq istifadə edirlər. Aradan keçən zaman əsərin qiymətində yaranmış qiymət fərqini təbii saymağa imkan yaradır.
Məhz buna görə bəzi ölkələr ümumiyyətlə dövlət məmurlarına verilmiş hədiyyələrin hamısının dövlətə təhvil verilməsini tələb edirlər. Məsələn, 2015-ci ilin dekabr ayında Rusiya əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Aleksey Çerkasov bütün dövlət idarələrinə məktub yazaraq 2016-cı ilin 1 yanvar tarixindən məmurlara verilən bütün hədiyyələri qiymətindən asılı olmayaraq dövlətə təhvil verməyi tələb edib. Çerkasov sözlərini Rusiya Mülki Məcəlləsinə edilən düzəliş ilə əsaslandırıb.
Əslində, dövlət məmurlarına edilən hədiyyələrin normal uçotunu aparmaqla və əlverişli satış siyasəti təmin etməklə dövlət büdcəsi üçün əlavə gəlir mənbəyi əldə etmək olar. Amma reallıq budur ki, çox vaxt həmin hədiyyələr ünvansız yoxa çıxır. Məsələn, Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev ANS PRESS-ə müsahibəsində sovet illərində Omanda ona bağışlanmış bir hədiyyənin izsiz yoxa çıxdığını bildirib: “O vaxt 5 min rubldan bahalı hədiyyələri mütləq dövlətə təhvil verməliydik. Oman krallığında mənə bir qutu hədiyyə verdilər, açıb baxmağa utandım, geri qaytarmaq da olmazdı. Burada açanda çox bahalı gümüş servis olduğunu gördüm. Dövlətə təhvil verdim. Sonradan dəfələrlə baş vermiş hakimiyyət dəyişiklikləri zamanı siyasətçilərdən birinin həmin servisi mənimsədiyini eşitmişəm”.
Bu, dövlət hədiyyələrinin saxlanmasının və satışının xüsusi qaydalarla idarə edilməsinin vacib olduğunu göstərən və ortaya çıxmış faktlardan biridir. Bəlkə də belə yoxa çıxan hədiyyələr çox saydadır və onların bəzilərinin indi milyon dollarlarla ölçülən dəyəri var. Çünki çox vaxt verilən hədiyyələr - rəsmlər və tanınmış sənətkarların əl işləri zaman keçdikcə min dəfələrlə bahalaşır. Bunun üçün onların xüsusi hərraclarda satılması və sosial ehtiyaclara xərclənməsi daha məsləhətdir. Azərbaycan qanunvericiliyi də bu məsələ üzərində ciddi işləməlidir.