azia.az
azia.az

“Korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz” – Nazirə sərt cavab

21-12-2021, 11:49

“Korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz” – Nazirə sərt cavab
"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uşaqpulunun verilməməsi ilə bağlı heç bir məntiqi izahı olmayan "səbəblərindən" ən təəccüblüsü və absurdu uşaqpulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olması, uşaqpulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyidir".

Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirin açıqlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, nazir media rəhbərləri ilə görüşündə bu barədə belə deyib: "Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir".

Osman Gündüz qeyd edir ki, Sahil Babayevin dediklərinə məəttəl qalıb: "Doğurdanmı, bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb?"

Ekspert daha sonra Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi unikal metodu xatırladıb: "Məlum olduğu kimi, ƏƏSM-in e-social.az resursu ötən il pandemiya zamanı, 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək tez-tez çökürdü. Belə olan halda, Nazirlik unikal bir "təhlükəsizlik metodu" tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün "obedə" çıxanda və iş vaxtı bitəndə elektron sistemi "rubilnikdən" söndürürdülər. Yəni, Nazirliyin yanaşması "sistem yoxdur, problem də yoxdur" yanaşması olmuşdu. Nazirin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz”.

O.Gündüzün sözlərinə görə, uşaqpulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini Nazirliyin problemin həllinə "unikal" yanaşması, analoqu olmayan "antikorrupsiya" tədbiri kimi də dəyərləndirmək olar.

"Əgər Nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək, topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, demək, resurslar və zaman boş yerə xərclənib. Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”,- ekspert vurğulayıb.
Mənbə: www.7news.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi