Sərdar Cəlaloğludan Qərbə qarşı şok suçlamalar
Sərdar Cəlaloğlu: “Milli-azadlıq hərəkatından çıxmış siyasi qüvvələrin məhv edilməsi, sıradan çıxarılması əslində Qərbin proyekti idi”
Azərbaycanın müxalifət düşərgəsinin ən məlumatlı siyasi fiqurlarından biri kimi tanınan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, ABŞ, Avropa Birliyi Azərbaycanda milli-azadlıq hərəkatından çıxmış qüvvənin hakimiyyətə gəlməsini istəmir. S.Əkbər bunun səbəblərini özünəməxsus şəkildə izah edib.
Bu mövzuda “Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu daha heyrətamiz açıqlamalar verib. S.Cəlaloğlu bildirib ki, Azərbaycanda milli-azadlıq hərəkatından çıxmış siyasi qüvvələrin məhv edilməsi, sıradan çıxarılması əslində Qərbin proyekti idi. Müxalifət partiyalarının sırasında olan zəkalı, elmli adamların əksəriyyətini Qərb fondları qəsdən şirnikləndirib siyasətdən uzaqlaşdırdı: “Həmin şəxslərin QHT sektoruna axın etməsi bununla bağlı idi. Qərb dairələri bu taktika ilə Müsavatdan, AXCP-dən, AMİP-dən, ADP-dən aktiv adamları siyasətdən uzaqlaşdırdılar. Onlara bir neçə il qrant verdilər, demokratiyadan kənar layihələrdə işləmələrinə zəmin yaratdılar, sonra isə əksəriyyətinə "atdılar". Beləliklə, müxalifət özünün aktiv intellektual potensialının 90 faizini itirmiş oldu. Qərb onun diktəsi ilə hərəkət etməyəcək, onun maraqlarını Azərbaycanın maraqlarından üstün tutmayacaq müxalifət qüvvələrinin hakimiyyətə gəlməsini, hətta güclü şəkildə müxalifət olmasını belə istəmir.
Mən “Totalitarizmin metomarfoziyası” kitabımda ayrıca “Qərbin demokratiyaya "dəstəyi" adlı bir bölümdə bu barədə yazmışam. Qeyd etmişəm ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan, Avropa Birliyi ilə əməkdaşlıq etdikdən sonra Qərbə daha çox yaxınlaşdıqca Azərbaycanda demokratiya geriləyir. Son illərin hadisələri göstərir ki, əslində demokratik hərəkatlar bəzi dairələrin hərbi intervensiyası üçün zəmin hazırlamaq məqsədilə dəstəklənir. Məsələn, Suriyada müxalifət dəstəkləndi, qısa müddət sonra ABŞ, Rusiya, Türkiyə, İsrail və digər ölkələr Suriyaya hərbi intervensiyaya başladılar. İraqda demokratik qüvvələr dəstəkləndi, ancaq qısa müddət sonra hərbi intervensiya açıldı. Bu faktlar göstərir ki, müasir dünyada demokratiyaya verilən dəstək hansısa bir xalqın xoşbəxt olması, irəli getməsi üçün yox, həmin demokratik hərəkatların olduğu ölkələrə hərbi müdaxilə üçün yol açmağa xidmət edir. Azərbaycanda demokratik hərəkatın inkişaf etdiyi dönəmlərdə müxalifətə qarşı aparılan repressiv siyasətdən ən çox bəhrələnən Qərbin maraq dairələri oldu. İqtidar və müxalifət arasında münasibətlərin kəskinləşməsindən Qərb, iri dövlətlər öz maraqlarını həyata keçirmək üçün istifadə ediblər".
ADP sədri vurğuladı ki, demokratiyaya, Azərbaycandakı müxalifətə indiyə qədər real dəstək verilməyib: “Suriya müxalifətinin demokratik mübarizəsi üçün maliyyə ayırmayan Qərb ölkələri bu gün hərbi müxalifətə milyardlarla vəsait ayırır. Qərb gözlədi-gözlədi Suriyada vəziyyət vətəndaş müharibəsi həddinə gələndə, ortaya hərbi müxalifət çıxanda kisəsinin ağzını açdı. Demokratik qüvvələrə uzun illər dəstək verməyən, demokratiyanın boğulmasına susan, demokratiyanın boğulmasında yerli hakimiyyətlərlə əməkdaşlıq edən Qərb dövlətləri hərbi müxalifət meydana gələndə dəstək verməyə başladılar. Bu gün Azərbaycanda da demokratik, dinc müxalifətə hər hansı bir dəstək yoxdur. Sabah Azərbaycanda bir hərbi müxalifət meydana gəlsə, baxın görün onun Qərbdən nə qədər dəstəkçisi tapılar. Qərbdə maddi və mənəvi dəyərlərin tərəfdarları var. Çox təəssüf ki, müasir Qərb dünyasında maddi dəyərlərin müdafiəçiləri mənəvi dəyərlərin müdafiəçilərindən güclüdür. Avropa Şurasının, Avropa Birliyinin, bəzi Qərb dövlətlərinin Azərbaycanda demokratiyaya dəstək adı ilə verilən dəstəklər də dolayısı yolla demokratiyanın boğulmasına gətirib çıxaran dəstəklərdir. Avropa Şurasının, ATƏT-in seçkilərlə bağlı verdiyi ziddiyyətli bəyanatlara baxsanız görəcəksiniz ki, bu təşkilatların heç biri birmənalı şəkildə demokratiyanı dəstəkləmirlər. İqtidar da demokratiyanı boğduqca Qərbin tələsinə asanlıqla düşür və Qərbin maraqlarını güdən Qərbdən gələn şərtləri yerinə yetirməyə məcbur olur. Xarici dövlətlərin Azərbaycanda demokratiyanın qurulmasında maraqlı olduğu barədə fikirlər mifdən başqa bir şey deyil”.
S.Cəlaloğlu qeyd etdi ki, Qərb dairələri ilə zaman-zaman görüşlərində, əməkdaşlıqda məqsəd onların Azərbaycanın maraqlarına daha ciddi ziyan vurmasının qarşısını almaq olub: “Bütün görüşlərimizdə öz etirazımızı çatdırmışıq, görüşlər həddən artıq gərgin keçib. Azərbaycan Avropa Şurasına daxil olan ərəfədə Avropa Şurasının bir alman təmsilçisi ilə görüşümüzdə mərhum Əbülfəz Elçibəy onunla əlbəyaxa vuruşma həddinə çatdı. Həmin diplomat Azərbaycanda demokratiyanın pozulmasına haqq qazandırdı və dedi ki, hakimiyyətin bu müxalifətə etdiyi hələ bu da azdır. Əbülfəz Elçibəy onun üzərinə yeridi və dedi ki, sən kimlərlə danışdığının məsuliyyətini bil, Azərbaycan dövlətinin müstəqilliyinə nail olan insanlar burada oturub. Bu cür gərgin vəziyyətlər əksər görüşlərimizdə müşahidə edilib. Biz həmişə Qərbin yanlış yol tutduğunu demişik, qeyd etmişik, Qərbin bugünkü yanlışlığı gələcəkdə onun özünün də əleyhinə yönələcək. Bu gün heç təsadüfi deyil ki, Qərbin xüsusi kəşfiyyat orqanlarının yaratdığı ”əl-Qaidə", İŞİD kimi qüvvələr indi Qərbin özünə başağrısı yaradıb, Avropada terror törədirlər".
S.Cəlaloğlu Qərb dairələrinin demokratiyaya deyil, əhəmiyyətsiz layihələrə pul ayırdığından da danışdı: “Mən Azərbaycanda də postsovet məkanında demokratikləşmə problemlərinə həsr olunmuş kitabımın çapına lazım olan beş min manat üçün müraciət etdim. SOROS fondu, ABŞ səfirliyi, Norveç səfirliyi bu kitabın maliyyələşdirilməsindən imtina edib. Amma götürün onların hesabatlarına baxın, hesabatlarında Azərbaycanda demokratiyanın inkişafına ildə 30-40 milyon dollar ayırdıqlarını yazırlar. Bəs o pullar ayrılırsa nəyə gedir? ABŞ-dan bir caz qrupu gətirib aparıb Lerikin dağ kəndində konsert vermişdilər və bu layihə üçün bir neçə yüz min dollar ayrılmışdı, özü də bunu demokratikləşməyə dəstək adlandırmışdılar. Yaxud da Soros Fondu Lerikdə yollarda işıqfordan istifadə layihəsinə 15 min dollar pul ayırmışdı. Lerikdə işıqfor yoxdur. Amma Soros Fondu həmin layihəyə 15 min dollar ayırmışdı. Bunların demokratiyaya dəstəyi bu cür dəstəkdən ibarətdir. Milyonlarla qrantı heç bir demokratiyaya aid olmayan qondarma qurumlara ayırıblar və bəlli olmayıb ki, o pullar hara xərclənir. Nəticədə ölkədə bir dənə institut inkişaf eləməyib. Hətta bir vaxtlar Azərbaycana qaçqınlar üçün göndərilən humanitar yardımları araşdırarkən dəhşətli vəziyyətlə üzləşmişdik. Həmin yardımların böyük əksəriyyəti insanlarda impotensiya yaradan, qadınlarda sonsuzluq əmələ gətirən maddələrlə zəngin idi. Bir dəfə 3 milyon dollar həcmində humanitar yardım göndərilmişdi, onun yarısı ”perezervativ" çıxmışdı. Biz gözləyirik ki, qaçqınlara paltar, normal ərzaq, dərman verəcəklər, məlum olur ki, bunlar qaçqınların arasında uşaq artımını azaltmaq üçün xüsusi qoruyucu vasitələri, hamiləlik əleyhinə preparatları göndərirlər. O preparatları qəbul edən qadınlar isə sonsuzluğa düçar olur".