Paşinyanın Türkiyə arzusu: iki şərtə əməl edilməlidir
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. O, sərhədlərin bağlı qalmasının bölgədə sabitliyə mənfi təsir etdiyini vurğulayıb.
Azia.az xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyanın Türkiyə ilə münasibətlərin normallaşmasından danışması ilk dəfə deyi:
“O, inqilab yoluyla hakimiyyəti ələ keçirdikdən bir neçə ay sonra da qeyd-şərtsiz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirirdi. Ancaq Ankaranın şərti bəlli idi – Ermənistan Azəırbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımalı və ərazi iddialarından vaz keçməlidir. Paşinyandan əvvəlkilər də bunu etmədilər, onun özü də Qarabağ müharibəsində məğlubiyyətinə rəğmən, iki qonşusunun ərazi bütövlüyünü tanımağa tələsmir. Belə olan halda onun çağırışları nəticəsiz qalacaq”.
Politoloq bildirib ki, Paşinyan özünü sadəcə sülhpərvər və danışıqlara meyilli kimi göstərməyə çalışır:
“Birincisi, Paşinyan deyir ki, Azərbaycan prezidenti ilə görüşməyə hazırdır. İkincisi, uzun fasilədən sonra kommunikasiya xətlərinin açılması məqsədilə Moskvada üçtərəfli komissiyanın işinə razılıq verib. Üçüncüsü, Paşinyan Türkiyə ilə barışığa çağırır.
Paşinyan müharibədən sonra nazirləri vasitəsilə də Türkiyəyə sülh çağırışları edirdi. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri müharibədə məğlubiyyətdən sonra demişdi ki, artıq Türkiyə ilə sərhədin açılmasına heç nə mane olmur. Yəni erməni nazir bununla faktiki demək istəmişdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edibsə, demək, Türkiyənin əsas şərti yerinə yetirilib və sərhəd açıla bilər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində “Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır” ifadəsini səsləndirmiş və bu açıqlama sosial şəbəkələrdə və yerli mediada qalmaqala səbəb olmuşdu. Armen Qriqoryan jurnalistin “Ermənistan Türkiyəni düşmən ölkə hesab edirmi?” sualına belə cavab vermişdi: “Əgər biz regionun blokadadan azad edilməsinə gediriksə, bizim yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və bu istiqamətdə işləyirik”. Daşnaksütyun partiyasının tərəfdarları bu açıqlamalara görə Ermənistan Təhlükəsizlik Şurası binası qarşısında etiraz aksiyası keçirmişdi.
Aydın idi ki, Paşinyan Armen Qriroryan vasitəsilə cəmiyyətinə mesaj göndərir və bu yolla cəmiyyətinin Türkiyə ilə münasibətlərin nizamlanması məsələsində nəbzini yoxlayırdı. Paşinyan bu ilin mart ayında Armavir vilayəti sakinləri ilə görüşündə özü də eyni mövzuda çıxış etmişdi: “Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizdə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək. Bu yeni situasiyada qarşımıza tapşırıq qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın. Çünki siz bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmir yollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq ki, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik”.
E.Şahinoğlu Paşinyanın səs itirməmək üçün parlament seçkiləri vaxtı bu mövzuya qayıtmadığını vurğulayıb. Parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o, qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb:
“Ancaq bunun üçün açıqlama vermək azdır, Paşinyan ən azı iki addım atmağa hazır olmalıdır: 1) Kommunikasiya xətlərinin açılması prosesinə start verməli; 2) Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi istiqamətində danışıqlara başlamalıdır”.