Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı işlər planlı şəkildə həyata keçirilir
Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər dövlətimizin başçısının öz xalqını nə qədər dərindən sevdiyini, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsi və xalqın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf etdiyini, insanların sevgi və böyük dəstəyini qazanan lider olduğunu bir daha təsdiqlədi.
Bu müsahibə, eyni zamanda, ölkə rəhbərinin Azərbaycanı güclü dövlətə çevirməklə və ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə ümummilli lider Heydər Əliyevin vəsiyyətini, həmçinin xalqımızın bütün istək və arzularını gerçəkləşdirdiyini bariz şəkildə diqqətə çatdırdı.
Bu, dövlətimizin başçısının müxbirin dahi şəxsiyyət Heydər Əliyevin Şuşa ilə bağlı vəsiyyəti barədə qeyd etdiyi fikrinə münasibətindən də aydın göründü.
Prezident vurğuladı ki, Ulu Öndərin vəsiyyəti təkcə Şuşa ilə deyil, həm də o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi:
“Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım…
Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik.
Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”.
Azia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib:
“Müsahibədə dövlətimizin başçısının bir fikri də xüsusi diqqət çəkdi.
Prezident İlham Əliyev 44 günlük müharibə günlərində “Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayadırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi, amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu, sona qədər gedəcəyik” sözləri xalqımızda Böyük Zəfərə tam əminlik yaratdı.
Bu dönməzlik həm də dövlətimizin başçısının xarakter bütövlüyünü, güclü şəxsi keyfiyyətlərini, qətiyyətini, cəsarətini, vətənpərvərlik nümunəsini bütün dünyaya nümayiş etdirdi”.
Rəşad Mahmudov sözlərinə əlavə edərək bildirib ki, Ermənistanın 30 ilə yaxın bir dövrdə torpaqlarımızın 20 faizini işğal altında saxlaması faktına dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən ikili standartlarla yanaşılırdı, münaqişənin ədalətli həllinə ciddi maraq göstərilmirdi.
Ən başlıcası isə bu təcavüzkarlığa qarşı ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən gəlmirdi, bu təşkilatın bəzi həmsədrlərinin ermənilərin tərəfini saxlamaları, işğala göz yummaları açıq-aydın nəzərə çarpırdı.
Bununla da Ermənistanın cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhdid yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, əksər hallarda isə ikili standartlara söykənən bəyanatları prosesi, necə deyərlər, ölü nöqtədən tərpətməyə imkan vermirdi.
Yaranmış vəziyyət isə həm vasitəçiləri, həm də işğalçını qane edirdi. Təbii ki, Azərbaycan da öz milli məsələsi olan Qarabağ münaqişəsi ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı və getdikcə səbr kasası daşırdı.
Bax, belə bir şəraitdə yuxarıda vurğulandığı kimi, dövlətimizin başçısının qətiyyətli, cəsarətli qərarları bizi addım-addım böyük Qələbəyə yaxınlaşdırdı və nəhayət, Azərbaycan Ordusunun güc-qüdrəti ilə torpaqlarımız yağı tapdağından azad edildi.
Silahlı Qüvvələrimiz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Ordumuza inamı bu tarixi Zəfəri reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.
Rəşad Mahmudov açıqlamasında bir məqamı da xüsusi vurğulayıb:
“Dövlətimizin başçısının rəhbərliyi ilə hazırda Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı aparılan gərgin iş işlər planlı şəkildə, maksimal sürətlə həyata keçirilir.
Bununla da, beynəlxalq aləm Ermənistanın dağıdıcı, Azərbaycanın isə qurucu, yaradıcı dövlət olduğunun bir daha şahidi olur. Belə bir vəziyyət Prezident İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfəri çərçivəsində sürətlə reallaşdırılan bərpa-quruculuq tədbirləri fonunda aydın nəzərə çarpır.
Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda aparılan işlər-yarımstansiyanın fəaliyyətə başlaması, dövlətimizin başçısının su elektrik stansiyasının tikintisi ilə tanış olması, Laçında beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması və digər infrastruktur layihələrinin icrasına başlanılması, adları çəkilən rayonlarda aqrar sektorun inkişafı istiqamətində görülən işlər bunun bariz ifadəsidir”.
Deputat sonda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərman ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradıldığını xatırladaraq, bu inqilabi addımla Qarabağın iqtisadi dövriyyəyə qayıtmasını və regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivinin yeni reallıqlar üzə çıxardığını, Qarabağ bölgəsinin, o cümlədən, Laçın və Kəlbəcər rayonlarının sürətli inkişafına zəmin yarandığını da diqqətə çatdırıb.