azia.az
azia.az

Seçkidə iştirak edən partiyalara pulsuz efir vaxtı ayrılacaq

7-11-2019, 12:05

Seçkidə iştirak edən partiyalara pulsuz efir vaxtı ayrılacaq
Dünənədək seçkilərdə iştirak etmək üçün 23768 nəfər namizədliyini irəli sürüb
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 23768 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Onlardan 11899 nəfər fərdi qaydada müraciət edib. 11839 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 30 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Noyabrın 3-dən Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsinə başlanılıb. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış, yəni 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək təqdim edilməlidir.

Noyabrın 6-da Mərkəzi Seçki Komissiyası dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq barədə elan yayıb. Elanda deyilir: “2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- “Xalq qəzeti”;

- “Bakinski raboçi” qəzeti".

MSK bildirib ki, yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

MSK-da həmçinin bələdiyyə seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə də baxılıb. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5020287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi