"İmzatoplanma kampaniyasında müxalifətçilərə təzyiq olunması ilə bağlı iddialar yanlışdır"
"Bu ilin sentyabrın 26-a təyin olunan Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla bağlı təşviqat qrupu qismində iştirak etmək üçün keçirilən imzatoplanma kampaniyasında müxalifətçilərə təzyiq olunması ilə bağlı iddialar tamamilə yanlışdır".
Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O xatırladıb ki, referendumda hansısa təşkilat təşviqat qrupu qismində iştirak etməsi üçün 40 min imza lazımdır: "Azərbaycanda 125 dairə var. İmzalar ən azı 60 dairədən toplanmalıdır, hər dairədən də 100-dən aşağı olmamalıdır. Bu da Azərbaycandakı seçicilərin heç 0,1 faizi demək deyil. Azərbaycanda 5 milyon seçici var, təşviqat aparmaq üçün 40 imza tələb olunur. 40 min imza toplaya bilməyən şəxs və ya təşkilat necə təşviqat apara bilər? Bəzən internetdə xəbər portallarında və ya sosial şəbəkələrdə olan yazıların oxunma sayı 100 minə çatır. Yəni, adi bir məqaləyə bu qədər diqqət olduğu təqdirdə, hansısa təşkilat imza toplaya bilmirsə, bunun səbəbini icra hakimiyyətində deyil, özündə axtarsın".
S.Novruzov qeyd edib ki, refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb: "40 mindən çox seçici imzası toplanıb və müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Mərkəzi Seçki Komissiyası həmin sənədləri qəbul edib, araşdırmalar aparır. “Yeni Azərbaycan” təşviqat qrupu kimi qeydə alınacaqsa, Seçki Məcəlləsinə uyğun addımlar atılacaq, buraya vəkillərin, məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin təyin olunması və sentyabrın 3-də başlayacaq təşviqata hazırlıq işləri daxildir. Partiyanın bununla əlaqədar proqramı hazırlanır".