“Qırmızı işıqda rahat hərəkət edə bilərsiniz”-MÜSAHİBƏ
Kambocada ingilis dilini tədris edir. Uzaq və tam fərqli ölkə olsa da, burada şagirdlərə daha faydalı olacağını düşünür. Deyir ki, bu ölkədə müəllim hər zaman haqlıdır. “Kaspi” qəzetinin müsahibi Kambocada müəllim işləyən azərbaycanlı Elnur Kərimovdur. Həmsöhbətimiz Sumqayıtda anadan olub. Ali təhsilini Qafqaz Universitetinin (İndiki Bakı Mühəndislik Universiteti) ingilis dili və ədəbiyyatı fakültəsində alıb. İlk müəllimlik təcrübəsinə də elə sözügedən universitetdə başlayıb. Eyni zamanda, Bakıda və Sumqayıtda fərqli kurslarda ümumi və biznes ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Daha sonra fəaliyyətini Kambocada “Paragon İnternational School Combodia”da (Kamboca Paraqon beynəlxalq məktəbi) davam etdirib.
- Elnur müəllim, insanların əksəriyyəti adətən iş üçün Avropa, Amerikaya üz tutur. Nə üçün Asiyanı seçdiniz?
- İngilis dili müəllimi olduğum üçün ingilisdilli ölkələrə getmək şansım aşağı idi. Əksər Avropa ölkələrində əgər siz ingilis dili müəllimi kimi müraciət edirsinizsə, sizdən tələb olunan ən birinci şərt ana dilinizin hansı olmasıdır. Orada ingilis dili müəllimi işləmək üçün ingilis, amerikan, avstraliyalı, yeni zelandiyalı, ən azından cənubi afrikalı olmağınız lazımdır. Çünki bu ölkələrdə ingilis dili daşıyıcı dildir. Azərbaycan vətəndaşı olduğum üçün beynəlxalq sertifikatım, iş təcrübəm, ingilis dili biliyimin olmasına baxmayaraq, bu rəqabətdə uduzuram. Ona görə də Asiya ölkələrinə getməyə üstünlük verdim. Ən əsası isə düşünürəm ki, Vyetnamda, Çində, Taylandda, Kambocada daha faydalı ola bilərəm, nəinki ABŞ, İngiltərə və ya digər inkişaf etmiş ölkələrdə. Düzdür, bu ölkələrdə də fərqli millətin nümayəndələrinə ingilis dili öyrətməkdə köməklik edə bilərəm, amma Kamboca qədər faydalı olmaram.
- Bu, Kambocaya həm də ilk səfəriniz idi. Ölkəyə adaptasiya olmaq çətin deyildi ki?
- Asan olmadı. İlk vaxtlar küçələrdə həddindən artıq motosikletlərin olması məni təəccübləndirdi. Ən əsası isə qətiyyən yol hərəkəti qaydalarına əməl edilmir. Bizdə də sürücülər, piyadalar bu problemdən şikayətlənirlər. Amma Kambocanı görsələr, şikayətlənməzlər (gülür). Nəqliyyat vasitələrini istədikləri kimi idarə edirlər. Təsəvvür edin, işıqforlar quraşdırılıb, amma qırmızı işıqda çox rahatlıqla hərəkət edə bilərsiniz. Heç kim sizə cərimə tətbiq etmir. Onlarda bizim kimi radarlar yoxdur. Polislər də güclü nəzarət etmirlər. Qayda pozmaq adi haldır. Küçələrdə həddindən çox çöl yeməkləri satılır. Bizim adət etmədiyimiz fərqli qoxular məni narahat edirdi. Bu, bəzən natəmizlikdən yaranırdı, bəzən də yeməklərin normal iyi belə idi. Amma insan yaşadığı yerə adaptasiya olur. Bir müddət sonra hətta mən də motosiklet aldım.
Əgər düyü və dəniz məhsulu ilə aranız yaxşıdırsa...
- Yemək qoxularının sizi narahat etməsi yəqin ki, qidalanma ilə bağlı da problem yaradıb.
- Digər Asiya ölkələri kimi Kambocada yeməklər çox ədviyyatlı və acı deyil. Tələbəlik illərində Hindistanda olmuşdum. Bir həftə qidalanmada çətinlik çəkdim. Hindistanda hətta siz aşpaza desəniz də ki, yeməyimi acı etmə, yenə də acı olur. Kambocada əgər düyü ilə aranız yaxşıdırsa, ac qalmayacaqsınız. Yeməklərinin 70 faizini düyü təşkil edir. Ölkədə çəltik plantasiyalarında bu məhsulun 200 növü becərilir. Düyüdən desertlər, əriştə də daxil olmaqla, çox sayda yemək hazırlamaq üçün istifadə olunur. Hətta şərab da hazırlayırlar. Səhər yeməklərində belə düyü yeyirlər. Bizdən fərqli olaraq, onlarda dəniz məhsulları çoxdur və ucuzdur. 11-12 dollar ödəməklə istədiyiniz qədər yeyə bilərsiniz. Məni daha çox düyü və dəniz məhsullarını sevməyim xilas etdi. Azərbaycanda dəniz məhsullarından daha çox balıq yeyilir. Burada isə çoxşaxəlidir. Krab, ahtapot, osminoq, krevetkalar, omar çox ləzzətlidir. Hörümçəklər, ilanlar, qurbağalar, tarakanlar, çəyirtkələr, tısbağalar, həşərat sürfələri çərəz kimi yol kənarında satılır. Tarantulaları sarımsaq və acı bibərlə bişirirlər. Biz yemirdik, amma mətbəxlərinə də hörmətlə yanaşırdıq. Şorbaları isə çox dadlı idi. Tez-tez şorba içirdim.
- Şorba alarkən tərkibi ilə maraqlanırdınızmı?
- Xeyr (gülür). Dadlı olduğu üçün maraqlanmırdım. Əsas tələbim donuz əti olmasın. Donuz ətindən əlavə şorbada nə olsa, yeyirdim.
“Müəllim anlamalıdır ki, şagird ondan çox bilə bilər”
- Bəs təhsil sistemlərindəki fərqlər nədir? Kambocalıların azərbaycanlı müəllimlə münasibətləri necədir?
- Müəllimə çox hörmət edirlər. Şagirdlər həddindən artıq nizam-intizamlıdırlar. Ümumiyyətlə, ölkədə nadir hallarda kiminsə mübahisə etdiyini görərsiniz. İnsanlar çox mehribandır. Səhv etmisinizsə, sizi asanlıqla bağışlayırlar. Orada olduğum iki ildə bir-biri ilə dalaşan, küsülü olan şagird görmədim. O qədər sakitdirlər ki, hətta sual vermir, müəllimin dediyini müzakirə də etmirlər. Müəllimin dediyi hər söz onlar üçün qanundur və səhv olma ehtimalı yoxdur. Müəllimin tələbləri asanlıqla həm valideyn, həm şagird tərəfindən qəbul olunur.
- Orada “müəllimin sözü sorğu-sualsız qanundur” deyirsiniz. Sizcə, belə olmalıdır?
- Xeyr, bu, mənfi xüsusiyyətdir. Düzdür, müəllim üçün rahatdır ki, özünü izah etməyə, haqlı çıxarmağa çalışmır. Lakin şagirdlər “niyə” sualını verməlidir. Bu tənqidi təfəkkürü formalaşdıran bacarıqdır ki, bunu çox az hallarda kmerlər (orada yaşayan xalqlar) müəllimə verirlər. Əslində, 2000-ci illərin əvvəllərinə kimi bizdə də müəllimlər şagirdlərdən bunu tələb edirdilər. Yəni müəllim düşünürdü ki, sən məndən ağıllısan ki, dediyimə şübhəli yanaşasan? Fərq etməz, müəllim yaxud şagird, insan beşikdən məzara qədər öyrənib, özünü təkmilləşdirməlidir. Hər kəs yanlış ola bilər və bunu qəbul etməyi bacarmalıdır. Müəllim öz ixtisasını dərindən bilsə də, yeniliklərə açıq olmalıdır. Bəzən bir şagird sizdən daha çox bilə bilər. Müəllim onu həzm edə biləcək tutumda olmalıdır. Anlamalıdır ki, o da şagirdə “uduza” bilər.
- Müəllimlik karyeranızda şagirdə “uduzmusunuzmu”?
- Bəli, olub. Bir dəfə Azərbaycanda işləyərkən tapşırıqların cavabları əvvəlcədən məndə olduğu üçün özümə əmin idim və güclü hazırlaşmamışdım. Şagirdlərdən biri tapşırığa tam fərqli cavab yazmışdı. Şagirdə səhv etdiyini bildirdim. O, mənə əksini izah etdi və qəbul etmək məcburiyyətində qaldım. Çünki haqlı idi. Şagirdin təhlilini o qədər bəyəndim ki, ona şokolad da aldım. Hətta illər keçsə də, o şagirdimin adını unutmuram.
“Kmerləri çox sıxışdırsanız sizdən qaçarlar”
- Dili mənimsəmə baxımından kmerlərlə azərbaycanlılar arasında fərq hiss etmisinizmi?
- Çalışqan tələbə hər yerdə fərqlənir. Dil öyrənirsinizsə, yaxşı nəticə almaq üçün həvəslə yanaşmalı və çox vaxt sərf etməlisiniz. Amma tez qavramaqda rol oynayan əsas məqam ana dilinizdir. İngilis dilinin ana dilinizə nə qədər yaxın olmağı önəmlidir. Kmer dili ilə müqayisədə Azərbaycan dili ingilis dilinə daha yaxındır. Üstəlik, bizdə əksər şagirdlər bu dili 3-cü dil kimi öyrənir. Çünki onlar ana dilindən əlavə, rus dilini də bilirlər. Bu şagirdlərin ingilis dili öyrənmələri daha rahat olur, nəinki kmerlərin. Bundan əlavə, kmerlər ingiliscə danışarkən ana dili aksentləri çox hiss olunur. Bizdə isə bu proses rahat keçir.
- Elnur müəllim, sizcə tam yad olan ölkədə müəllim işləməyin çətinlikləri nədir?
- Məsuliyyətin ikiqat artır. Siz sinfə daxil olmadan öncə ölkənin mədəniyyətini mütləq bilməlisiniz. İlk dərsinizdə bilməyərəkdən etdiyiniz kiçik səhv haqqınızda mənfi təəssürat yaradar. Məsələn, onlar salam verəndə, əllərini qovuşdurub, baş əyirlər. Biz isə əl ilə görüşürük. Salam vermək üçün əl uzadanda qəribə reaksiya verirlər. Onlara müraciət formasında diqqətli olmaq lazımdır. Kmerləri çox sıxışdırsanız, sizdən qaçarlar. Bacardığım qədər buna riayət etməyə çalışırdım. Ailələr əsasən çoxuşaqlıdır. Təəssüfləndirici hal odur ki, burada uşaq əməyindən çox istifadə olunur. Dövlət məktəblərinin də şəraiti ürəkaçan deyil. Uşaqların valideynlərinə maddi yardım etmək üçün işləmələri təhsilə sərf edəcəkləri vaxtı əllərindən alır. Bunları bilib, ona uyğun hərəkət etmək lazımdır.
“Müəllim şagird və valideyndən hədiyyə ala bilməz”
- Yəqin ki, bizdə sosial şəbəkələrdə müəllimlərə bahalı hədiyyələrin verilməsi, bayramdan öncə pul yığılması hallarını müşahidə etmisiniz. Maraqlıdır, Kambocada müəllimə hədiyyə verilir?
- Onların bayramları fərqlidir. Dövlət məktəblərində özlərinin Yeni il bayramında qırmızı zərflərdə pul qoyub hədiyyə verirlər və bu, normal qəbul olunur. Mənim işlədiyim məktəbdə isə belə deyil. Siz işə qəbul olunarkən müqavilə imzalayırsınız. Həmin müqavilədə xüsusi qeyd var ki, heç bir halda şagird və valideyndən hədiyyə qəbul edə bilməzsiniz. Hədiyyəni ancaq məktəb rəhbərliyi verə bilər.
- Kambocada şəhər əhalisi ilə necə ünsiyyət qururdunuz? Yəqin ki, orada hər kəs ingilis dilini bilmir.
- İlk vaxtlar çətin idi. Daha sonra özümü ifadə edə biləcək qədər yerli dili öyrəndim. Orada ingilis dilini yeni nəsil başa düşür, yaşlı nəsil ümumiyyətlə bilmir. Xüsusilə, paytaxtdan kənarda ingilis dili köməyinizə çatmır. Burada tərcümə proqramları həyatımı rahatlaşdırırdı. İstədiyimi telefona ingiliscə yazırdım, proqram onların əlifbası ilə tərcümə edirdi, yazılı göstərib dərdimi izah edirdim. Genişürəkli, xeyirxah, kömək etməyi sevən insanlardırlar. Kambocalılarla bağlı təəssüratlarım çox yaxşıdır.
“Burada dadlı dolma, bozbaş bişirmək olmur”
- Kambocaya həyat yoldaşınız, övladlarınızla getmisiniz. Onların təəssüratları necə idi?
- Gedəndə qızım beş, oğlum bir yaşında idi. Onlar üçün hər şey maraqlı gəlirdi. Yoldaşımla isə mətbəxi kəşf edirdik. Orada 100-dən çox fərqli kofe növləri var. Həm kofedən, həm də ekzotik meyvələrdən hazırlanan çox dadlı içkilər mövcuddur. Biz onları daha çox alırdıq. Yoldaşım da dəniz məhsullarını sevdiyi üçün bəxtim gətirmişdi. Əsasən, yeməyi çöldə yeyirdik. Orada ən böyük problem Azərbaycandakı kimi dadlı ətin olmamasıdır. Ümumiyyətlə, ət Azərbaycandakı qədər çox istifadə edilmir. Üstəlik, Kambocada halal ət də tapmaq asan deyil. Məcbur olub Hindistandan gələn 20 kiloluq donmuş ət alırdıq. O da o qədər dadlı olmurdu. O ətdən siz yaxşı dolma, yaxud bozbaş hazırlaya bilməzsiniz. Ona görə də evdə, əsasən uşaqlar üçün yemək hazırlayır, özümüz daha çox çöldə yeyirdik.
“Dadlı ətin həsrətini çəkirdik”
- Kambocada olarkən daha çox nə üçün darıxırdınız?
- Dönər və ət üçün. Dadlı ətin həsrətini çəkirdik. Azərbaycana gəldikdə isə, özümüzdən asılı olmadan kambocalılar kimi salam veririk. Artıq baş əyərək salam vermək refleks halını alıb. Yoldaşımla yavaş-yavaş alışsaq da, uşaqlarım baş əyərək salam verir.