Müəlliməsi ilə evləndi, erməni ona qarşı sui-qəsd törətdi, arvadı onun yanında basdırılmağını istəmədi
Kulis.az-a istinadən aktyor Eldar Əliyev haqqında maraqlı faktları təqdim edir.
Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Atası əməkdar müəllim Həsən Əliyev Şəki teatrının yaradıcılarından biri idi. Uzun müddət Gənc Tamaşaçılar Teatrında, "Azdrama"da, kinostudiyada, İncəsənət İnstitutunda işləyib. Görkəmli aktyor Yusif Vəliyevlə qohumluq əlaqələri olub. Ona görə onun oğlanlarının hər ikisi incəsənət sahəsinə meyl edirlər. Amma o, oğlu Eldarın səhnəyə həvəsli olmasını o qədər də təqdir etmir.
***
Eldar isə atasını razı salmaq üçün əvvəlcə Axundov adına Pedaqoji İnstituta daxil olur. Elə həmin ərəfədə o, özündən beş yaş böyük olan Moskva Dövlət Universitetini yenicə bitirib universitetdə müəllimə işləyən qadına vurulur və ona evlilik təklif edir. Lakin o, evlilik təklifinə tezliklə "hə" cavabı ala bilmir. Bir gün isə Eldarın anası oğlunun sevdiyi qadının yanına gəlib deyir:
"Eldar çox əzab çəkir, siz evlənsəniz yaxşıdı. Eldara biganə olmayan qadın onunla evlənməyə razılıq verir. Onların toyu üç gün, üç gecə çəkir".
Eldar İnstitutu bitirəndən sonra bir neçə ay 20 nömrəli orta məktəbdə işləyib. Daha sonra sənədlərini M. A. Əliyev adına İncəsənət İnstitutuna verib. Rejissorluq fakültəsinə - Məlik Dadaşovun kursuna daxil olur. Universitet təhsilini başa vurub S.Vurğun adına Rus Dram Teatrında fəaliyyətə başlayır. İlk rejissor işi - "İnkoqnito" tamaşasının premyerası həmin ilin iyununda baş tutur. Sonralar bu teatrın səhnəsində "Rodstvenniki", "Moi Nadejdı", "Dikiy angel", "Sçastye moyo...", "Şeyx Sənan" əsərlərinə quruluş verir.
***
E. Əliyev həmçinin Azərbaycanda Ş. Qurbanov adına Musiqili Komediya Teatrında, Rusiyada Leninqrad Musiqili Komediya Teatrında, Komissarjevskaya adına Teatrda müxtəlif janrlarda tamaşalar qoyub.
Onun aktyorluq potensialı Rus Dram Teatrının, Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının tamaşalarında, kino sahəsində isə "Eto sladkoye slovo - svoboda", "Sən niyə susursan?", "Dəli Kür", "Mən ki gözəl deyildim", "Yenilməz batalyon", "1001-ci qastrol", "Mezozoy əhvalatı", "Gümüşü furqon", "Qız qalası əfsanəsi" və digər filmlərdə istifadə olunub.
***
Müəllimi ilə evliliyinin ömrü uzun çəkmir. Onların bir qızı olandan 8 il sonra rəsmi şəkildə boşanmasalar da, ayrı yaşamağa başlayırlar. Aktyorun qızı Leyla Əliyeva öz xatirələrində deyir:
"Anam atam üçün ömrü boyu əlçatmaz zirvə olub. Anamın təbiəti tam realist, atamın isə xarakteri tam romantik idi. Üstəlik, atam çox gərgin rejissor və aktyor həyatı yaşayırdı, dostları çox idi və dostluq etməyi bacarırdı. Belə insanların həyat yoldaşı olmaq isə, təbii ki, çox çətindir".
Eldar Aleksandr Şarovski ilə yaxın dost olub. Eldarın ölümündən sonra Şarovski onun məzarı üstündə Vısotskinin "Koni" mahsını oxumuşdu. Onun SSRİ-nin görkəmli incəsənət xadimləri olan Tovstonoqov, Jalakyaviçusla yaxşı münasibətləri var idi. Mixail Kazakov, Eduard Bredunla dostluq edirdi.
***
Aktyor çox erkən 27 fevral 1984-cü ildə 48 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb isə yıxılaraq ölümcül zədələnməsi olur. Qızı Leyla xanım müsahibələrinin birində deyir:
"Rəsmi rəy belə olmuşdu ki, atam yaşadığı binanın çıxış qapısından çıxanda ayağı buzun üstündə sürüşüb arxası üstə yıxılıb və ölümcül beyin zədəsi alıb. Amma atamın dostu İsrafil əmi gedib sahə müvəkkilini sorğu-suala tutmuşdu. O da demişdi ki, mən bildiyimi desəm, Eldarın qardaşı sakit durmayacaq. Təkcə onu deyib ki, sizin qaynınızı qonşuluqda olan bir erməni itələyib. Bu yaxınlarda da bir nəfər mənim böyük oğlumun Eldar Əliyevin nəvəsi olduğunu biləndə deyib, sən bilirsənmi ki, babanı öldürüblər? Biz bu söhbətlərdən tamam çaşbaş qalmışıq. Axı atamın düşməni yox idi. Başa düşə bilmirik ki, atamı itələmək o erməninin nəyinə lazım imiş".
Ayrıldığı həyat yoldaşı isə hələ Eldarın sağlığında vəsiyyət edir ki, onu ərinin yox, anasının yanında dəfn etsinlər. Lakin o, dünyasını dəyişən zaman anasının yanında yer olmur. Eldarın yanı isə boş olur. Beləliklə, ailəvi razılığa əsasən Eldarın bütün həyatı boyu sevdiyi xanım onun yanında dəfn olunur.