Məşhur müğənninin ölüm səbəbi bilindi
Dünyanın ən məşhur müğənnilərindən biri, əsl ad və soyadı Prins Rocers Nelson olan 57 yaşlı "Prins"in ölüm səbəbləri araşdırılır. Müğənni, aktyor, prodüser və bəstəkarın meyidi Minnesota ştatındakı Şanhassen şəhərində, "Paisley Park" malikanəsindəki səsyazma studiyasında aşkarlanıb.
Studiya Prinsə məxsusdu.
Ötən həftə konsert turnesi əsnasında Prins İllinoys ştatındakı tibb mərkəzlərindən birinə aparılmışdı. Onda soyuqdəymə və zökəm olduğu deyilirdi. Prinsin səhhətində yaranmış problemlərə görə onun Atlanta şəhərindəki konserti təxirə salınmışdı.
"Grammy", "Oscar" və "Golden Globe" mükafatlarının laureatı olan Prinsin ən məşhur albomu və mahnısı "Purple Rain" (1984) sayılır. Albom dalbadal tam 24 həftə "Billboard 200" çartının lideri olmuşdu. "Purple Rain" adlı filmin eyniadlı saundtreki olan bu mahnı "Oscar" mükafatına layiq bilinmişdi.
Bu günsə iddia olunub ki, Prinsin ölüm səbəbi çox güclü dərman preparatlarının qəbul normasını aşmasıdır. O, ölümündən 15 saat əvvəl "Walgreens" aptekinə yollanaraq xeyli dərman almışdı.
Ölümün real səbəbinin xəstəlik yox, narkotik maddələr olduğu da deyilir. Prins son illərdə narkomaniyaya qurşanmışdı.
Prinsin xanımı Mayte Qarsiya ərinin narkotik maddələr qəbulundan ölməsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, Prinsi öldürən qrip və bu xəstəliyə görə qəbul olunan dərmanlar olub. Üstəlik, müğənninin baldır-çanaq sümüklərində də problemlər vardı. O, son günlərdlə güclə yeriyirdi. Buna rəğmən, "Yeqova şahidləri" sektasına qatılan Prins "dini səbəblər"dən protezdən imtina etmişdi.