Prezidentə verilən qalaq-qalaq məktublar...
Məmurlar niyə şikayətlərin qarşısını almaq deyil, problemləri həll etməyə çalışmırlar?
Prezident İlham Əliyev rayonlara etdiyi son səfərləri zamanı əhali ilə birbaşa təmaslarda olmağa üstünlük verib. Belə təmaslar zamanı yerli sakinlər tərəfindən prezidentə onlarla məktub təqdim olunub. Son olaraq martın 7-də Şamaxı və Ağsu rayonlarına edilən səfərlərdən sonra Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, ölkə başçısına təqdim olunan müraciətlərin araşdırılmasına başlanılıb: "Azərbaycan prezidentinə regionlardakı görüş zamanı edilən bütün müraciətlər diqqətlə araşdırılır. Hətta deyərdim ki, orada əks olunan bütün məsələlərin həllinə başlanılıb".
PA rəsmisinin sözlərinə görə, ölkə başçısına edilən müraciətlər müxtəlif sahələrlə bağlıdır: “İş yerləri, sosial problemlər, məhkəmə və digər sahələrlə bağlı müraciətlər var. Onların hər birinə diqqətlə baxılır”.
Göründüyü kimi, regionlarda əhali prezidentlə canlı təmaslardan onları narahat edən problemləri onun diqqətinə çatdırmaq üçün yararlanmağa çalışır. Bu vəziyyət nədən qaynaqlanır? Niyə insanlar məktublarını birbaşa prezidentin özünə çatdırmağa çalışırlar?
Sualların cavabını tapmaq üçün regionlarda vətəndaşların müraciətlərinə reaksiya, həmçinin bu müraciətlərin ünvanına çatdırılması məsələlərinə nəzər yetirmək lazımdır. Məsələ burasındadır ki, yerli icra hakimiyyəti orqanları, nazirlik və komitələrin yerli strukturları vətəndaş müraciətlərinə əksər hallarda etinasız yanaşırlar. Müraciətlərin böyük hissəsi ya cavabsız qalır, ya da vətəndaşın probleminin həllindən daha çox, onun gözardı edilməsinə üstünlük verilir. Bir çox hallarda şikayət yazan, problemini qaldıran insanlara müxtəlif yollarla təzyiqlər edilir. Mərkəzi icra orqanları rəhbərlərinin son illərdə dəb düşən rayon görüşləri bir çox hallarda formal xarakter daşıyır: görüşə yalnız qabaqcadan razılaşdırılmış məhdud sayda adamlar buraxılır.
Ən ağrılı məsələlərdən biri də bir çox rayonlarda yerli icra strukturlarının göstərişi ilə vətəndaşların prezidentə, birinci vitse-prezidentə, mərkəzi icra orqanlarının rəhbərlərinə ünvanlanan məktub və teleqramlarının poçt şöbələrindəcə qalmasıdır. Bununla da icra başçıları rəhbəri olduqları rayonlarda narazı insanların az olduğunu isbatlamağa çalışırlar. Nəticədə isə vətəndaşlar müraciətlərini Bakıya gəlib buradan göndərirlər, məktub və teleqramının ünvana çatmadığını bilməyən insanlar isə cavab almadıqlarına görə bütövlükdə hakimiyyətdən narazı qalırlar. Bütün bunların yekunu vətəndaşı ilə görüşən prezidentə onlarla məktubun axması olur.
Qeyd edək ki, vətəndaş müraciətləri ilə bağlı problemlər ölkə rəhbərliyinin diqqətini cəlb edib. Belə ki, martın 14-dən etibarən Prezident Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulunu keçirməyə başlayırlar. 14 və 15 mart tarixlərində ümumilikdə 22 rayonda belə qəbulların təşkili ilə prosesə start veriləcək.
Jurnalist-bloger Elman Babayevin fikrincə, insanlarla birbaşa işləyəcək bu format forma etibarilə nazir qəbulları formatına yaxın olsa da, məzmunca fərqliliklər istisna deyil: “Burada müəyyən mənada bölgə insanının qayğılarını ölkənin birinci şəxsinə, yaxud administrasiya rəhbərliyinə dərhal məruzə proseduru formalaşır. Ümumiyyətlə isə qəbullara əlavə dövlət vəzifəlilərinin qoşulması o deməkdir ki, hökumət üzvlərinin keçirdikləri görüşlər kifayət etmir və vətəndaşla yaxın olmaq, obyektiv araşdırmalar, təhlillər aparmaq, dəqiq məruzələr, çıxış yolları hazırlamaq, beləliklə, məsuliyyət hissini daha da gücləndirmək tələbi artır”.
Bloger hesab edir ki, yeni format nəticəsində qaldırılan problemlər daha çevik formada öz həllini tapacaq: “Vətəndaş öz dərdini prezident İlham Əliyevin tapşırığı ilə bölgəyə gələn ən mötəbər qurumun əməkdaşlarına çatdıra biləcək. Arada hər hansı bir sədd olmayacaq. Qaldırılan məsələlər yerində həllini tapacaq, maliyyə tutumlu və ya müzakirəsi vacib olan məsələlər (məsələn, məktəb, xəstəxana tikintisi, yol çəkilişi və s.) dərhal ölkənin birinci şəxsinə məruzə ediləcək.
İkincisi, hansısa məmurun qəbulunda problemini həll edə bilməyən vətəndaşın növbəti instansiya kimi Prezident Administrasiyasına üz tutmasına, bunun üçün paytaxt Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Və ya məktub yazaraq, ona cavab gözləməli olmayacaq.
Üçüncüsü, bir sıra hallarda bəzi vətəndaşların göndərdikləri məktubların ünvanına çatmaması kimi iddiaları ortaya qoyulurdu. Bunun əksi bildirildikdə isə müəyyən anlaşılmazlıq yaranırdı. Artıq bu qəbildən olan söz-söhbətlər də azalacaq.
Qeyd edək ki, vətəndaşların bölgələrdə qəbulu prosesi illərdir prezident İlham Əliyevin göstərişi ilə hökumət üzvlərinin simasında gerçəkləşməkdədir. Hər ay nazirlər, komitə sədrləri mətbuatda çap olunmuş qrafikə uyğun olaraq bölgələrdə vətəndaşları qəbul edirlər. Bu qəbullar zamanı əhalinin çoxsaylı problemlərinin öz həllini tapmasını heç kəs inkar edə bilməz. Amma həmin qəbullarla bağlı əsaslı-əsassız müəyyən narazılıqlar da səslənirdi. Yəni söhbət bəzi hallarda hansısa vətəndaşın qəbula düşə bilməməsi kimi iddialardan gedir. Düşünmək olar ki, bu qəbullarla bağlı məsuliyyət hissi bir qədər də artmış olacaq".
Sosial şəbəkə vasitəsilə canlı görüşlər təşkil olunsun
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, prezidentin son səfərlərini əvvəlkilərdən kəskin fərqləndirən məqamlardan biri vətəndaşların məktublarının ölkə başçısına çatdırmalarına imkan yaradılması idi: “Bu görüşdə adi, qabaqcadan müəyyən olunmayan vətəndaşların dövlət başçısı ilə birbaşa təmasına, hətta şikayət məktubları təqdim edilməsinə maneçilik yaradılmayıb. Sirr deyil ki, əvvəlki görüşlərdə bu tip imkanlar təsadüfi ola bilərdi. İndi isə tam fərqli bir situasiyadır.
Həm də bu cür məktub təqdim edilməsindən sonra prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bütün şikayətlərin dərhal nəzarətə götürüldüyünü də açıqlayıb".
O.Gündüz hesab edir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu ilə bağlı qaydaları innovativlik baxımından təkmilləşdirmək və sərtləşdirmək lazımdır: “Tez-tez eşidirik ki, nazirlərin və digər mərkəzi icra orqanları rəhbərlərinin regionlarda vətəndaşlarla görüşü keçirilir. Hamı bilir ki, əsasən qabaqcadan bəlli ”şikayətçilər" müəyyən olunur. Nazirliyin əməkdaşları, TV-lər və media regiona ezam olunur. Rayonların icra hakimiyyətləri, həmin qurumların regiondakı qurumlarının bütün resursları səfərbər olunur. Naziri qarşılamaq və yola salmaq üçün hazırlıqlar görülür. Xeyli vəzifəli şəxslərin, idarə, müəssisə əməkdaşlarının və adi vətəndaşların da vaxtı və resursları sərf olunur. Nəticədə, 5-10 nəfər qabaqcadan hazırlanan “şikayətçilərin” şikayətləri dinlənilir və müvafiq tapşırıqlar verilir. Bu format özünü doğrultmur. Resurslar mənasız yerə xərclənir. Oflayn görüşlərdən, hətta deyərdim ki , regionlar xeyli ziyan çəkir. Rəhbər şəxslərin və onların tabeliyində olanların da zamanı əhəmiyyətsiz yerə xərclənir. Səmərəlilik və faydalılıq isə olduqca azdır. Odur ki, hazırda “optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə vəsaitlərinə qənaət” məqsədilə aparılan islahatlar çərçivəsində vətəndaşlarla görüşün daha effektiv və çevik mexanizmlərinin yaradılmasına, sosial media üzərindən olan görüşlərə üstünlük verilməsi də faydalı olardı. Bununla bağlı hökumət tərəfindən müvafiq qərar verilməsi, qabaqcadan rəhbər şəxslərin məcburi onlayn görüş qrafikləriinin müəyyən edilməsi də vacibdir".
Nazirlər açıq mikrofon formatında görüşlərə keçsinlər
ÐаÑÑинки по запÑоÑÑ FÉzail AÄamalı
Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, prezidentin regionlara intensiv səfərləri, bu səfərlər zamanı əhali ilə yeni formatda görüşləri hamı tərəfindən pozitiv qarşılanır: “İnsanlar ölkə prezidentinin xalqla bir yerdə olduğunun, xalqa böyük məhəbbət bəslədiyinin, xalqın problemlərini həll etmək üçün böyük səy göstərdiyinin bir daha şahidi olurlar. Bu, xalq-prezident birliyinin mühüm göstəricisidir. Ölkə prezidentinin xalqdan məktubları birbaşa özü qəbul etməsi, bu prosesin televiziya ilə nümayiş olunması məmurlara bir mesaj idi. Mesajın mahiyyəti ondan ibarətdir ki, problemlər varsa, onları dərhal həll etmək, aradan qaldırmaq, xalqa xidmətin səviyyəsini artırmaq, xalqla birbaşa təmaslarda olmaq lazımdır. Bu, çox ciddi bir mesajdır”.
Deputat məmurlarla xalq arasında böyük uçurum olduğu qənaətində deyil: “Deməzdim ki, belə bir uçurum var, yəni bu kimi fikirlərlə razı deyiləm. Çoxlu sayda rayon başçıları var ki, xalqla daim təmasdadılar, hər həftə komandaları ilə kəndlərə çıxırlar, camaatla görüşüb problemlərindən xəbər tuturlar, onların həllində dəstək olurlar. Bu görüşlərdə nazirlik və komitələrin rayon şöbələrinin rəhbərləri də iştirak edirlər. Hər nazirlik üzrə müraciətlər onlara təqdim olunur ki, rəhbərliyə çatdırılsın. Yəqin ki, burada müəyyən problemlər var - rayon şöbələri, yaxud regional idarələr müraciətləri nazirlik və komitə rəhbərlərinə vaxtında çatdırmırlar. Amma bu da kütləvi deyil. Bilirsiniz, inkişaf olduqca, onun səviyyəsinə uyğun olaraq müəyyən problemlər də meydana çıxır. Belə problemlər qısa müddətə aradan qaldırılmalıdır”.
Deputatın fikrincə, nazirlik və komitə rəhbərləri rayonlardakı görüşlərin formatını bir qədər dəyişməlidilər: “Görüşmək istəyənlərin hamısını bir yerə toplayaraq, açıq mikrofon formatında görüş keçirmək olar. Bu, daha çox sayda insanı dinləməyə imkan yaradar. Dörd il əvvəl mən Neftçalada seçki görüşünə getmişdim. Rayon mərkəzinə çatdıqda gördüm ki, 200-300 adam yığışıb. Soruşdum, dedilər, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vətəndaşlarla görüşü olacaq. Bir qədər sonra işimi bitirib qayıdanda Kəmaləddin Heydərov yığışan adamların hamısını qəbul edirdi, yəni bir nəfər də kənarda qalmadı. Mənə elə gəlir ki, bütün məmurlar belə etməlidilər. Rayonlarda əsas müraciətlər Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirliklərinin xidmət sahələrinin, özəlləşmə və digər məsələlərlə bağlı olur. Xarici işlər naziri gedib rayonda hansı problemi həll edəcək ki? Buna görə də qeyd olunan nazirliklərin, komitələrin nümayəndələrindən ibarət komandalar rayonlara ezam oluna, geniş formatda görüşlər keçirərək müraciətləri qəbul edə bilərlər. Bunlar, məncə, prezidentə müraciətləri də azaldar”.
Dünya SAKİT,
“Yeni Müsavat”