"Münaqişəsiz və sabit Qafqaz görmək istəməyən qüvvələr dünyada hələ də var -Moskvadakı kriminal kafe hadisəsi bunu göstərdi...” - Aydın Quliyev
Aydın Quliyev
Həqiqətən də tarixən aralarında heç bir münaqişə və ya anlaşılmazlıq olmayan çeçen və Azərbaycan xalqlarının arasını vurmaq cəhdləri var və bunun arxasında çox ciddi qüvvələrin dayandığına söz yoxdur. Bu qüvvələr böyük şəhərlər üçün çox xarakterik olan bir-iki nəfərin məişət zəminindəki kriminal toqquşmasını millətlər arasında ədavətin başlanğıcına çevirmək istəyir.
Bu sözləri baki-xeber.com-a bu günlərdə Moskvadakı “Neolit” kafedə azərbaycanlı və çeçen gənclər arasında baş verən olayı şərh edərkən politoloq Aydın Quliyev deyib. Artıq bu cəhdlərin nəticə vermədiyinin və verməyəcəyinin göz önündə olduğunu bildirən politoloq deyib ki, proseslər düşmən qüvvələrin gözləmədiyi bir vəziyyət almağa başlayıb:”Belə ki, iki xalqın böyük kəsimləri bu təxribata nəinki getmədi, hətta əksinə, hər iki xalqın liderləri, ziyalı, ağsaqqal və din xadimləri daha yaxın olmağın zəruriliyini bir daha başa düşdülər və gördülər ki, Qafqazın bu iki xalqının yaxın olmasından xoşlanmayan düşmənlər var. Düşmənlərin Azərbaycan və çeçen xalqlarını təxribata çəkmək niyyətlərinin iflasa uğraması təsadüf olmadı. Rusiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi, İlham Əliyevlə Putinin şəxsi münasibətləri, tarixən formalaşmış ortaq dəyərlər, din amili Qafqazda yeni milli nifaq salmaq planlarını iflasa uğradan əsas amillərdi. Hətta millətlərarası nifaq salmağın və onu idarə etməyin mütləq ustası olan sovet hakimiyyəti illərində də bu iki xalqın arasında antipativ münasibətə oxşar bir şeylər qeydə alınmamışdı”.
Düşmən dairələrin təhlükəli təxribata əl atmasının səbəbsiz olmadığını deyən Aydın Quliyevin fikrincə, ehtimal etmək olar ki, Moskvadakı kafe toqquşması həmin dairələrin öncədən hazırladığı təxribat planının tərkib hissəsıdir:”Ya da ola bilsin ki, məişət zəminində adi bir kriminal toqquşma həmin qüvvələri öncədən hazırlanmış təxribatın həyata keçirilməsinə şirnikləndirib. Bütün hallarda, toqquşmanın araşdırılmasında iki dövlətin xüsusi xidmət orqanlarının birgə işinin təşkili çox faydalı olardı”.
Aydın Quliyev deyir ki, Qafqaz dünyanın geosiyasi cəhətdən altı ən əhəmiyyətli bölgəsindən biri kimi dəyərləndirilir və belə əhəmiyyətli bölgədə hətta ən kiçik təzahürü belə təsadüf saymaq olmaz:”Qafqazda öz maraqlarına uyğun sülh və ya gərginlik istəyən böyük dünya gücləri var. Bu nöqteyi-nəzərdən, hətta ən kiçik hadisənin də onların karına gələ biləcəyi istisna edilməməlidir. Qafqazda gərginliyin ən böyük mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin həlli, demək olar ki, son fazaya keçib. Münaqişəni həll etmək gücündə olan qüvvələr artıq bir nöqtəyə gəliblər. Bu nöqtənin mahiyyəti odur ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni təcavüzünün nəticələri aradan qalxmalıdır. Daha çox Azərbaycan diplomatiyasının səyləri sayəsində yetişmiş bu nöqtə ilə münaqişənin son həlli arasında az məsafə qalıb. Bu məsafənin qət edilməsindən sonra əldə olunacaq münaqişəsiz və dayanıqlı Qafqaz kimlərəsə sərf etmədiyi üçün yeni bir xalqlararası ədavəti qızışdırmaq planları ortada ola bilər. Digər tərəfdən unutmayaq ki, az əvvəl Almatıda ermənilərin əli ilə qazax xalqını buna oxşar təxribata çəkmək üçün, uğursuz da olsa, cəhd göstərilmişdi.
Bu və digər fakt və ehtimallar Qafqaz və Mərkəzi Asiya ölkələrinin başında planlaşdırılan yeni oyunlardan xəbər verir”.