azia.az
azia.az

Azərbaycanı sevməyən və burun silməsi ilə yadda qalan “kommunist”

10-01-2019, 15:27

Azərbaycanı sevməyən və burun silməsi ilə yadda qalan “kommunist”
Azia.az xəbər verir ki, Yaddaşlı oxucu, sovetlər dövrünü görmüş və yaşamış yaşlı və orta yaşlı nəslin nümayəndələri söhbətin kimdən getdiyini bildilər.

Anatoli İvanoviç Lukyanov...

Söhbət keçmiş SSRİ Ali Sovetinin sonuncu sədri, Mixail Qorbaçovun ən yaxın və sadiq tərəfdarlarından olan, hələ gənc yaşlarından komsomolun və Kommunist Partiyasının üzvü olmasına baxmayaraq, SSRİ-nin çöküşü layihəsində aktiv rol oynamış, kommunist əqidəsinə xəyanət etmiş (hərçənd ki, sonradan Gennadi Züqanovla birgə Rusiya Kommunist Partiyasının təsisçilərindən biri və 1993-2003-cü ildə Rusiya Dumasının deputatı olub) Lukyanovdan gedir.

O Lukyanovdan ki gənc yaşlarından məsul vəzifələrə irəli çəkilsə də, “ulduzu” Qorbaçov “perestroykası”nda parlayıb, əvvəlcə, 1988-1990-cı illərdə iki palatadan – İttifaqlar Sovetindən və Millətlər Sovetindən ibarət olan SSRİ Ali Soveti sədrinin birinci müavini işləyib, 1990-cı ilin martından SSRİ-nin çöküşünə kimi isə sədrlik funksiyasını yerinə yetirib.
Sədrlik etdiyi dövrdə Ali Sovetin sessiyalarında (iclaslarında) daha çox ermənilərə və onları dəstəkləyənlərə açıq və gizli rəğbəti, eyni zamanda, Azərbaycana o qədər də xoş olmayan münasibəti ilə seçilib.

O Lukyanovdan ki məhz qorbaçovların, yazovların, primakovların, barannikovların qanlı ssenarisi ilə həyata keçirilən 20 Yanvar hadisələrindən az sonra Qorbaçov tərəfindən, necə deyərlər, ödülləndirilib, ölkənin rəsmən ikinci şəxsi (sonradan ikinci şəxs statusu Qorbaçov tərəfindən təsis edilən vitse-prezidentə, “QÇKP” hadisələrinin baş rollarından birinin ifaçısı Yanayevə verildi) statusuna qaldırılıb.

Əgər Lukyanova Qorbaçovun simpatiyası, xüsusilə də qatı ermənipərəst Raisa Qorbaçovanın ətrafında lövbər salan erməni mafiyasının dəstəyi olmasaydı, belə bir vəzifəyə irəli çəkilməzdi.

Lukyanov mənim yeniyetməlik xatirələrimdə, hafizəmdə həm də çox iyrənccəsinə və çox kobudcasına, heç nə olmamış, heç kim yox imiş kimi davranaraq, Ali Sovetin sessiyalarında bir neçə dəfə sanki fınxıraraq, bərkdən burnunu dəsmal çıxarıb silməsi ilə qalıb.

O, hər dəfə dəsmal çıxarıb və bərkdən fınxırıb burnunu siləndə az qalırdı ekrandan hər yerə yayıla, Ali Sovetin iclaslarının keçirildiyi möhtəşəm bina lərzəyə, adamın ürəyi ağzından gələ.

Bəli, dünən 89 yaşında dünyasını dəyişən Lukyanov mənim yaddaşımda bu cür - Azərbaycanı sevməyən, həm də ürəkləri ağıza gətirən burnunu silməsi ilə qalıb.

İslam dinində ölənin arxasınca danışmazlar, deyilib.

Odur ki, mən də, sadəcə, Allah etdiyi günahlarını bağışlasın, deyirəm!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi