Zahid Orucdan Gürcüstanı nümunə göstərənlərə cavab
“Belə demokratiyanın çox ağır nəticələrini biz zamanında görmüşük”
Gürcüstanda 28 oktyabrda keçirilən prezident seçkilərində hakimiyyətin dəstəklədiyi namizədin qələbə qazana bilməməsi və seçkinin ikinci tura keçməsini, həm Gürcüstan hökuməti, həm də Azərbaycandakı müxalifət qüvvələri demokratiya nümunəsi kimi təqdim edirlər. Azərbaycanın bir sıra tanınmış müxalifətçiləri sosial şəbəkələrdə belə təbliğata başlayıblar ki, Gürcüstandan bu nümunəni götürməliyik.
Hakimiyyətə yaxın deputat, prezidentliyə keçmiş namizəd Zahid Oruc isə Azərbaycanın hansısa qonşu ölkədən nümunə götürməsinə ehtiyacı olmadığını bildirir. “Yeni Müsavat”a açıqlamasında Zahid Oruc qeyd etdi ki, Gürcüstan üzərindən qeyd olunan yanaşmalar, təhlillər və onun bir demokratiya adasına çevrilməsi qiymətləndirmələri beynəlxalq məkanda 2003-cü ildəki “Qızılgül inqilabı”ndan başlayaraq özünü göstərib: “Bu da başa düşüləndir. Çünki Eduard Şevardandze hakimiyyətinə son qoyulması fonunda artıq məlum saray çevrilişləri, yaxud da ənənəvi hərbi çevrilişlərdən fərqli yola üz tutulması və bunun bir neçə ölkədə tətbiq edilərək uğur qazanması qeyd edilən məfhumları politologiyaya daxil etdi. İinformasiya məkanında bu, çox bərkidi, tirajlandı, özünə yer elədi. Bu bir yandan Gürcüstan daha artıq dərəcədə himayəyə götürüldü ki, nəticə etibarilə bu dalğanı davam etdirmək mümkün olsun, xüsusilə də postsovet ölkələrinə tətbiq edilsin. Həmçinin Qafqazlarda digər dövlətlərə, həmçinin İrana və Asiya qitəsinə də yayılması gerçəkləşdirilsin. O üzdən də Gürcüstanda Mixail Saakaşvili hakimiyyətinin uğur qazanması təkcə onun özünün daxili istedadına, inqilabi davranışlarına, sovet dövründən miras qalan idarəetmə sisteminin, münasibətlər strukturunu dağıtması yalnız özünün və qurduğu komandanın hesabına deyildi.
Daha artıq dərəcədə həqiqətən də onu bir uğurlu nümunəyə çevirmək üçün ABŞ və Avropa Birliyinin xərclədiyi külli miqdarda vəsaitlərin hesabına idi. ABŞ və Avropa Birliyi onu siyasi himayəçiliyə götürmüşdülər, gətirib o nöqtəyə çatdırdılar ki, onu hamı üçün ortaya tutarqa kimi qoysunlar. O üzdən bu gün məsələn, Əli Kərimlinin və ya başqa müxalifətçilərin Gürcüstanda prezident seçkilərinin ikinci tura keçməsini bizim ölkəmiz üzərinə qiymətləndirmə predmetinə çevirməyi məncə, 15 il bundan əvvəlki leksikonun çeynənməsindən başqa bir şey deyil. Ancaq məsələnin o biri tərəfi də var. Bu da ondan ibarətdir ki, həmin əvəzlənmələrin, mübarizələrin xarakterini, ruhunu, 25 namizədin arasında gedən siyasi polemikaları və dartışmaları qeyri-adi hadisə kimi təqdir eləyənlər nədən onları heç olmasa bir partiya miqyasında tətbiq eləmir. Əli Kərimlinin özü 25 ilə yaxındır bir partiyanın içərisində birinci postdan əl çəkmir, diktatora çevrilib. Mən onu da xatırlamıram ki, hətta formal da olsa sədrlik uğrunda mübarizədə alternativlik olubmu. Hər dəfə sədrlik seçkisi alternativsiz keçirilib. Axı Saakaşvilinin yeniləşdirdiyi Gürcüstanda prezidentlik uğrunda gedən mübarizəni bir demokratik hadisə kimi öyəndə gərək unutmayasan ki, onlar partiyaların apardığı mübarizədən doğan hadisədir. Bu, o deməkdir ki, siyasi qüvvələrin özü demokratikləşmədən bütövlükdə ölkədə o prosesi necə bərqərar eləyə bilərlər”.
Deputat vurğuladı ki, biz Gürcüstandakı proseslərə Almaniyadan və ya digər dövlətlərin praktikasından indiki gerçəklikdə baxa bilmərik. Həm də o cəhətdən ki, bu gün ölkənin müxalif kəsimi hakimiyyəti çox ciddi şəkildə ittiham etməkdədir: “Ancaq o biri tərəfdən də bu proses getdikcə dərinləşir və bütün siyasi qüvvələr o mübarizə əzmini əldə elədikdən sonra ölkədə müxtəlif cür mübarizələrin perspektivi meydana çıxır. Azərbaycan nə etsin ki, 2018-ci ilin aprelində keçirilən seçkilərdə bizim bir çox siyasi qüvvələr boykotçu mövqe tutublar? Onlar elə hesab edirsiniz ki, 2020-ci il parlament seçkilərində ayrı davranış sərgiləyəcəklər? Hər bir halda unutmaq olmaz ki, Cənubi Qafqaz ölkələri sırasında bütün parametrlər üzrə müqayisələr aparanda ən güclü hakimiyyət Azərbaycandadır. Bu, İlham Əliyevin liderlik keyfiyyətlərinə görədir. Lider amilindən kənarda bizim arqumentlərimiz güclü səslənməyəcək. Məgər İlham Əliyev hər hansı bir müxalif qüvvələrin imkanlarını güclü eləməlidir ki, xüsusi bir əvəzlənmələr baş versin, nə var ki, bu, kiminsə qiymətləndirməsində bizi nümunəyə çevirəcək, amma əvəzində Azərbaycan xalqı itirəcək? Belə demokratiyanın çox ağır nəticələrini biz zamanında-o əvəzlənmələr getdiyi dönəmlərdə 1990-cı illərin əvvəllərində yaşamışıq. İlham Əliyev mənim aləmimdə Azərbaycanda ən yüksək demokratdır. Çünki onun xarakteri, barışdırıcı ruhu və bütün rəqiblərinə münasibətdə davranışları, o cümlədən qlobal sistemdə ölkəsinin maraqlarını uğurla daşıması, bölgədə uzlaşdırma mövqelərini tapması, ən ağır düyün nöqtələrindən Azərbaycanı uğurla çıxarması bunu əminliklə söyləməyə əsas verir. Gürcüstan nümunələrini gətirib Azərbaycana tətbiq eləyəndə bizdə Taliban təfəkkürlü qüvvələr elə bir vəziyyət reallaşdırırlar ki, bu, cəmiyyət üçün sanki vətəndaş müharibələrinə, toqquşmalarına səbəb olur. Azərbaycandakı bir sıra müxalif qüvvələrin virtual şəbəkədə əhvallarına baxanda elə təsəvvür yaranır ki, bu adamlara minimum hakimiyyət verilsə, bunlar büs-bütün Azərbaycanı lincetmə meydanına çevirərlər”.
Etibar SEYİDAĞA,