Fəzail Ağamalı: “Vətəndaşlarımız bilir ki, o cür avantüristlərin çağırışlarına qoşulmaq ölkəmiz və hər bir azərbaycanlı üçün fəlakətlər gətirə bilər”
Bəzi radikal müxalifət qüvvələrinin təmsilçiləri, həmçinin Avropada yerləşmiş bəzi radikal mühacirlər son vaxtlar sosial şəbəkələrdə xalqı “yatmaqda” ittiham edir. Onlar xaotik şəkildə vətəndaşları ayağa qalxmağa səsləyirlər.
Hansısa bir nizami təşkilatı, proqramı olmayan, daha çox söyüşlü ifadələr işlədənlər nəhayətdə, xalqı da “yatmaqda” suçlayırlar. Əslində həmin apolitik adamlar xalqı ayağa qalxıb ölkədə xaos yaratmamaqda, onların missioner fəaliyyətinə imkan verməməkdə ittiham edirlər. Təbii olaraq da xalq bu çağırışlara reaksiya vermir. Ümumiyyətlə, xalqı yatmaqda ittiham etmək siyasi metod kimi effekt verə bilərmi? Həmçinin xalq belə çağırışlara qoşularsa, nə baş verər?
Mövzu ilə bağlı danışdığımız Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, istəri ölkədəki, istərsə də xaricdəki radikal müxalif qüvvələr o cür çağırışlarla öz ənənələrinə sadiq qaldıqlarını nümayiş etdirirlər: “Onların fəaliyyəti hər zaman dağıdıcılıq və xaos psixologiyası üzərində qurulub. Bu gün bu psixologiyadan azad ola bilmirlər. Radikal müxalifət qüvvələrinin faktiki olaraq Azərbaycanda sosial dayaqları yoxdur. Onlar ofis partiyalarına çevriliblər. Yəqin ki, yaxın gələcəkdə radikal partiyaların bir möhürü, bir sədri və sədrin qapısının ağzında guya qəbul üçün məsuliyyət daşıyan bir-iki nəfərdən başqa heç nəyi qalmayacaq. Bu, görünəndir, onlar Azərbaycanın siyasi arenasında artıq yoxa çıxırlar. Azərbaycan xalqı bu gün kifayət qədər böyük siyasi təcrübəyə, siyasi dünyagörüşə malikdir, dünyada gedən prosesləri izləyir və özü üçün nəticə çıxarır. Azərbaycan xalqı bir toplum olaraq azadlığa, müstəqilliyə çox bağlıdır və bunun üçün canından keçməyə də hazırdır. Necə ki, 1988-ci ildən keçən zaman kəsiyində xalqımız bunu dəfələrlə nümayiş etdirib və Azərbaycan xalqı öz fenomenliyini 1990-cı ilin yanvar hadisələrində dünyaya nümayiş etdirdi və azadlığın nə dərəcədə-canından da əziz olduğunu sübut etdi. Bu gün də xalqımız belədir. Xalqımız azadlığa və dövlətçiliyə çox bağlı olan xalqdır. Xalqımız xaosu, anarxiyanı sevməyən xalqdır, əmin-amanlığı, sabitliyi dəyərləndirən, onu qorumağa hazır olan xalqdır. Ona görə ölkə prezidentinin həyata keçirdiyi siyasət Azərbaycanda siyasi sabitliyi təmin eləyib, Azərbaycan indiki çətin dünyada tutmuş olduğu yolla addım-addım irəliyə doğru gedir, onun beynəlxalq nüfuzu artır, bütün sahələrdə inkişaf gedir. Sosial problemlərin həlli üçün ölkə prezidentinin iradəsi ortalıqdadır. Dövlətimizin verdiyi imkanlar daxilində bu məsələlər öz həllini tapır, islahatlar gedir. Xalqa qənim kəsilənlər cəzasını alır. Beləliklə, xalq görür ki, ölkə prezidenti onun düşündüklərini, onun arzu etdiklərini reallaşdırır. Ona görə də xalq məhz onun yanındadır, nəinki xalqı radikallığa çağıranların. Bax, radikal qüvvələrin ”ayağa qalxın" kimi çağırışlarına xalqın arxa çevirməsi, məhəl qoymaması bununla bağlıdır. Radikal müxalifətin dayaqlarının olmamasının səbəblərini burada axtarmaq lazımdır".
F.Ağamalı qeyd etdi ki, bunu görən radikal müxalifət qüvvələri yaranmış situasiyadan əsəbiləşir, qıcıqlanır və dayaqlarını itirdikcə, onların aqressivliyi də çoxalır: “Bu aqressivlik həm ölkə daxilində verilən bəyanatlarda, keçirilən son mitinqdə edilən çıxışlarda, həm də xaricdə özlərinə yer tapmış bir qrup radikal müxalif qüvvələrin internet üzərindən çıxışlarında özünü göstərdi. Bu çıxışlar onların dövlətə, xalqa bağlı olmadıqlarını bir daha nümayiş etdirdi. Onların çıxışlarında hakimiyyətdən qisas almaq arzusu ilə alışıb yandıqları özünü göstərir. Xalq isə bunu görür və ona görə də onların çağırışlarına qoşulmur. Onlar ona görə bu gün xalqı ayağa qalxmamaqda ittiham edirlər ki, xalq onların yanında deyil. Hətta bəzi hallarda xalqı ittiham eləməkdən də o tərəfə keçərək xalqın bir sıra qruplarını, məsələn, məcburi köçkünləri təhqir edirlər. Təəssüf edirəm ki, bu cür radikal insanlar parçalanma, cəmiyyətdə nifaq salma xəttini əsas götürürlər. Onlar son illərdə radikal qüvvələrin ”ayağa qalxın" çağırışlarına qoşulan xalqların yaşadıqları dövlətlərin bugünkü halını belə nəzərə almırlar. Həmin xalqların bugünkü aqibəti acınacaqlıdır. Azərbaycan xalqı isə radikal müxaliflərdən fərqli olaraq bütün bunları görür, öz-özlüyündə təhlil edir və nəticə çıxarır, Azərbaycandakı sabitliyin hər şeydən vacib olduğuna bir daha əmin olur. Odur ki, bundan sonra da xalqımız həmin qüvvələrin çağırışlarına məhəl qoymayacaq, onları boykot edəcək, öz dövləti ilə, öz prezidenti İlham Əliyevlə bərabər olacaq. Buna şübhəm yoxdur. Radikal çağırışlar edənlərin isə tarixin arxivinə getməsi qaçılmazdır. Azərbaycan xalqı “ərəb baharı” adlanan avantüranı müşahidə etdi və əmin oldu ki, xalqları sosial şəbəkələr vasitəsilə ayağa qalxmağa çağıranların əsl məqsədi xalqlara xoşbəxtlik gətirmək yox, həmin ölkələri param-parça etmək, sərvətlərini talamaq imiş. Ona görə də son dərəcə ayıq-sayıq olan xalqımız bu məsələləri təhlil edir və özü üçün nəticə çıxarır ki, mənim ölkəm sabit ölkədir, avantüristlərin çağırışlarına məhəl qoymamaq lazımdır. Xalqımız bilir ki, o cür avantüristlərin çağırışlarına qoşulmaq ölkəmiz və hər bir azərbaycanlı üçün fəlakətlər gətirə bilər. Bunu düşünən xalq təbii olaraq həmin avantüristlərin çağırışlarına getmir".
Etibar SEYİDAĞA,