Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər
Dövlətimizin başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır. Məktəbdə yaradılan şərait göstərir ki, dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Son illərdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edib.
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa edilmişdi. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alırdı. Binanın mövcud vəziyyəti müasir dövrün tələblərinə uyğun deyildi, eyni zamanda, qəsəbə əhalisinin sayının artması və ətraf kənlərdə tam orta məktəbin olmaması bu təhsil müəssisəsində şagird sıxlığı yaratmışdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.
Yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verdi. Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsidir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılır. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Digər mühüm məqam respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması işlərinin geniş vüsət almasıdır. Bu layihələr bütün bölgələri əhatə edir. Şamaxı rayonunda Dəmirçi-Lahıc avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması, ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Dəmirçi-Lahıc avtomobil yolu uzun müddət təmir olunmadığı və yola asfalt döşənmədiyi üçün hərəkət hissəsi sıradan çıxmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində, xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə Prezidentin ehtiyat fondundan 3 milyon, dövlət büdcəsinin investisiya xərclərindən isə 13,7 milyon manat olmaqla, Avtomobil Yolları Dövlət Agentliyinə ümumilikdə 16,7 milyon manat ayrılıb. Bu vəsait hesabına Dəmirçi-Lahıc avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir. Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub. Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib. Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla yanaşı, turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və abad yolla getməsinə imkan yaradacaq. Sonda xatirə şəkli çəkdirildi.
İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. İsmayıllı rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində son üç ildə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, üç kəndin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da İsmayıllı Elektrik Şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər ciddi şəkildə azalıb.
Diqqətə çatdırılıb ki, bu sahədə işlər hazırda da davam etdirilir. Yaxın perspektivdə 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, 35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyasını işə saldı.
Məlumat verildi ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tamamilə yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.
Bildirildi ki, rayonun Topçu, Buynuz, Sumağallı, Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılan obyektlərin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə “Topçu” yarımstansiyası inşa edilib. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı həyata keçirilir. Yarımstansiyanın fəaliyyətə başlaması üçün işlər davam etdirilir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 35/10 kilovoltluq 2,5 MVA gücündə “Yeni Basqal” yarımstansiyası da inşa edilib və istismara verilib. Yarımstansiyanı qidalandıran 35 kilovoltluq “Basqal” hava xəttinin 2,3 kilometrlik hissəsi əsaslı təmir olunub, 5,5 kilometrlik hissəsi isə yeni çəkilib.
Qeyd olundu ki, İsmayıllı Elektrik Şəbəkəsində 23 min 403 abonent mövcuddur. Onlardan 21 min 382-si əhali, 2021-i isə qeyri-əhali qrupuna aiddir.