“Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir”.
Mehriban Əliyeva Azərbaycan qadını tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər paylaşmaqla cəmiyyətin inkişafına önəmli töhfələr vermişdir. Atabəylərin Möminə xatunu və Mehrican xatunu, XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara xatunu, Qarabağ Xanlığının sonuncu vərəsəsi – Xan qızı Natəvan, sovet sisteminin fədakar qurucularından və eyni zamanda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər. Tariximizin həssas məqamlarında Azərbaycan xanımlarının göstərdiyi sarsılmaz iradə, əvəzsiz fədakarlıq, sonsuz vətənpərvərlik bu günkü dövlət quruculuğumuzda, cəmiyyətimizin siyasi-iqtisadi, mənəvi–sosial inkişafında yorulmadan çalışan Azərbaycan qadını üçün ilham və enerji mənbəyidir.Bu yaradıcı enerjini xalq və dövlət üçün, bu günkü və gələcək nəsillərın rifahı üçün hərtərəfli real fəaliyyət proqramına çevirmək missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş XXI əsrın ən görkəmli Azərbaycan xanımı isə Mehriban Əliyevadır.
Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır.
Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə, o Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır.
Mehriban xanım Əliyeva Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi sistemli və aydın, bir-birini təkrarlamayan fəaliyyət zənginliyinə malikdir. Hələ 21 il öncə –1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondunu təsis edən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban xanım Əliyevanın belə bir müqəddəs missiyanı üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə "Azərbaycan-İrs” jurnalı işıq üzü görmüş, milli musiqimizin korifeylərinin albomları hazırlanmış, həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən çoxsaylı təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri təşkil edilmişdir. "Bakı Muğam Mərkəzi”nin yaradılması, "Qarabağ xanəndələri” musiqili albomun buraxılışı, "Bakı payızı”, Beynəlxalq Bakı Caz festivallarının təşkili kimi ölkəmizin incəsənət tarixində xüsusi yer tutan mədəniyyət hadisələri Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə reallığa çevrilmişdir.
Azərbaycanın "Eurovision” Mahnı Müsabiqəsində iştirakının təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyeva bu musiqi yarışması vasitəsilə Azərbaycanın və onun musiqisinin dünyada tanıdılmasına xüsusi səy göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il "Eurovision” Mahnı Müsabiqəsinin təşkili və keçirilməsi haqqında müvafiq Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyeva bu musiqi yarışmasının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsinə nail olmuş və Azərbaycanın müxtəlif məzmunlu beynəlxalq tədbirlərin təşkilində qabaqcıl dövlətlərdən birinə çevrildiyini ortaya qoymuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiqdir. Bu, həm də Mehriban xanım Əliyevanın fəaliyyətinə verilmiş layiqli vətəndaş qiymətinin bariz nümunəsidir.
Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir. Cəmiyyətə layiqli vətəndaş qazandırmağın onu cəzalandırmaqla deyil, bağışlamaqla, sosial həyata inteqrasiyasına lazımi şərait yaratmaqla mümkünlüyü düşüncəsində olan Mehriban Əliyeva hər zaman məsuliyyətli qərarlar vermək bacarığını nümayiş etdirmişdir.
2004-cü ildə Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təsis edilməsi müasir Azərbaycan tarixinin əlamətdar hadisələrindən biridir. Heydər Əliyev Fondu Azərbaycanın dövlətçilik tarixini zənginləşdirmiş ümummilli liderimizin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək məramı ilə, ulu öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, milli dövlətçilik ideyalarının nəsildən-nəsilə ötürülməsi zərurətindən yaranmışdır.
Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən ən innovativ təsisatlarından biri olaraq təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə cəmiyyət və dövlətimiz üçün aktual olan layihələrin həyata keçirilməsində təşəbbüskar və təşkilatçı qurum kimi çıxış edir. Xüsusi qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, Azərbaycan vətəndaşlarının yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsinə, mənəvi dəyərlərimizin qorunmasına dəstək verilməsi, azərbaycançılıq ideologiyasının təbliği Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətləridir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan Respublikasının beynəlxalq nüfuzun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi Fondun fəaliyyət dairəsinə daxil olan prioritet sahələrdir
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində ölkə səhiyyəsinin inkişafı və təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi də xüsusi yer tutur. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəblər”, Uşaq evləri və internat məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Talassemiya Mərkəzinin tikilməsi, 50 mindən çox insana sağlamlığına qovuşması üçün zəruri dəstəyin göstərilməsi kimi vacib tədbirlər Mehriban Əliyevanın ölkəmizdə fiziki və əqli cəhətdən sağlam nəslin yetişməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür.
Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın ictimai-siyasi-mədəni sahələrdə çoxsaylı təşəbbüslərin müəllifi kimi önə çıxması Azərbaycan qadınının inkişafı üçün yeni üfüqlər açmışdır. Bu ənənənin davamı olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya Nümayəndəliyinin rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər artıq gənc Azərbaycan xanımının cəmiyyət üçün aktual olan məsələlərin həllində söz sahibinə çevrildiyini göstərir.
İdmana qayğı, ölkəmizdə sağlam nəslin yetişməsinə dəstək də Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet sahələrdəndir.
Mehriban xanımın ölkə və qlobal səviyyədə gördüyü işlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilməkdədir. 2016-cı ildə Mehriban xanım Əliyeva Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif edilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın "Şərəf Legionu” ordeninə və bir çox dövlətlərin orden və medallarına, çoxsaylı mükafatlarına layiq görülmüşdür.
Azərbaycan xanımına xas olan bütün nəcib xüsusiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycanda qadın hərəkatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xeyriyyəçilik və humanitar təşəbbüslərin irəli sürülməsi kimi çoxşaxəli fəaliyyət dairəsi Azərbaycan xanımının tükənməz gücünü nümayiş etdirir.
Xalqımız Mehriban Əliyevanın fəaliyyətinə layiqli qiymət verərək onun bütün təşəbbüslərini dəstəkləyir və onun şəxsində Azərbaycan xanımına ən yüksək hörmət və ehtiramını ifadə edir. Xüsusilə bu gün, Mehriban xanım Əliyevanın doğum günündə milyonlarla insanın ürəyində sevinc və minnətdarlıq hissi yaşanır. Bu ürəklərdə səslənən ən xoş arzular xalq üçün, Vətənimiz üçün yorulmadan çalışan fədakar insana – Mehriban Əliyevaya ünvanlanır. Sonsuz xalq sevgisinə sahib olan Mehriban Əliyevaya milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətində davamlı uğurlar arzusu ilə,
Sücəddin Əbdülov,
Lənkəran Şəhər Uşaq Xəstəxanasının nəzdində olan Zona üzrə Uşaq Reanimasiya Şöbəsində 23 il şöbə müdiri işləmiş, ali dərəcəli sertifikat almış revmotoloq, Uşaq Xəstəxanasının həkimi