İran və Ermənistan razılığa GƏLDİ
İranın energetika naziri Abbas Əliabadi ilə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xəbər verilir ki, tərəflər üçüncü elektrik ötürücü xəttinin tikintisi üzrə 12 illik layihənin həyata keçirilməsinin vacibliyini vurğulayıblar və layihənin sürətləndirilməsi üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Görüşdə İranın energetika naziri Meğri su elektrik stansiyasının tikintisi məsələsini qaldırıb. Ermənistan tərəfi əvvəllər əldə edilmiş razılaşmalara istinad edərək bu elektrik stansiyasının tikintisi üzrə əməkdaşlığa hazır olduğunu bildirib. Həmçinin, Oman şirkətinin Meğri elektrik stansiyasının tikinti layihəsini maliyyələşdirməyə və həyata keçirməyə hazır olduğunu bildirib.
Görüş zamanı İran-Ermənistan-Gürcüstan-Rusiya elektrik dəhlizlərinin yaradılması da müzakirə olunub.
Tehran Ermənistan və Gürcüstan arasında elektrik ötürücü xəttinin tikintisini İran şirkətlərinin həyata keçirməsinə hazır olduğunu bildirib.
İranın energetika naziri Araz çayının çirklənməsi ilə bağlı işçi qrupunun iclasının keçirilməsi ideyasını dəstəkləyib:
"Hər iki ölkə həmişə münasibətləri inkişaf etdirməyə çalışıb. Ermənistan nazirinin səfərinin məqsədi müəyyən yarımçıq layihələrin davam etdirilməsi və tamamlanması, eləcə də yeni birgə layihələrə başlamaqdır. Hesab edirəm ki, bu səfər bu baxımdan çox vacib və effektiv ola bilər. Bizim üçün maraqlı olan ən vacib layihələrdən biri İranın elektrik şəbəkəsini şimal ölkələri ilə birləşdirməkdir və Ermənistan bu marşrutun əsas halqalarından biridir. Ermənistanla yanaşı, digər ölkələr də bu planda iştirak edir və biz İran, Ermənistan, Gürcüstan və Rusiyanı birləşdirəcək layihənin istifadəyə verilməsi imkanını nəzərdən keçiririk".
Digər müzakirə mövzusu Araz çayında birgə layihə olub:
“Bu çayın uyğun hidroelektrik potensialı var və təxminən 200 meqavat gücündə elektrik stansiyasının tikintisi mümkündür. Bu layihə üzrə tədqiqatlar artıq tam başa çatıb və indi onun maliyyələşdirilməsi və həyata keçirilməsi mərhələlərini müəyyən etmək lazımdır”.
Xəzər