ABŞ Putinin ətrafını “qara siyahı”ya saldı - sensasion gəlişmə
"Ekspertlər Vaşinqtonun bu qərarının Rusiya və Putin üçün mümkün nəticələrindən danışdılar
ABŞ Maliyyə Nazirliyi Konqresin 2017-ci ilin iyulunda qəbul etdiyi və avqustun 2-də prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya qanunu əsasında hazırladığı “Kreml hesabatı” adlı sənədi qanunverici orqana təqdim edib. Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiyanın yüksək vəzifəli məmurları, 96 nəfəri isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən oliqarxlardır.
Siyahıda Rusiya baş naziri Dmitri Medvedyev başda olmaqla, hökumətin bütün üzvlərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun, Prezident Administrasiyasının rəhbəri Anton Vaynonun, onun birinci müavini Aleksey Qromovun, prezident Putinin köməkçisi Vladislav Surkovun, prezidentin mətbuat katibi Dmitri Peskovun, Federasiya Şurasının sədri Valentina Matviyenkonun, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun, baş prokuror Yuri Çaykanın, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinın, Milli Qvardiyanın komandanı Viktor Zolotovun, Moskva meri Sergey Sobyaninin, Sankt-Peterburq qubernatoru Georgi Poltavçenkonun, “Qazprom”un rəhbəri Aleksey Millerin, “Rosneft”in rəhbəri İqor Seçinin, hərbi-sənaye kompleksinin aparıcı şirkəti olan “Rostex”in başçısı Sergey Çemezovun, “Sberbank”ın sədri German Qrefin, VTB-nin sədri Andrey Kostinin, “Vneşekonombank”ın sədri Sergey Qorkov un və digərlərinin adları var.
Oliqarxlar - varidatı 1 milyard dollardan çox olan iş adamları siyahısına isə Roman Abramoviç, Oleq Deripaska, Leonid Fedun, Mixail Qutseriyev, Mixail Fridman, Yevgeni Kasperski, Leonid Mixelson, Pyotr Aven, Aleksey Mordaşov, Vladimir Potanin, Arkadi Rotenberq, Boris Rotenberq, Dmitri Rıbolovlev, Gennadi Timçenko, Alişer Usmanov, Vladimir Yevtuşenkov, Viktor Vekselberq, Süleyman Kərimov, Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, İsgəndər Mahmudov, Qod Nisanov, Samvel Karapetyan, Danil Xaçaturov kimi məşhurların və tanınmışların adları daxil edilib.
Bəs Rusiyada prezident seçkisi öncəsi ABŞ-ın belə bir addım atmasının hakimiyyət üçün, ABŞ-Rusiya münasibətləri üçün hansı nəticələri ola bilər?
Politoloq Şahin Cəfərli bildirdi ki, bu, addım “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) ötən ilin iyulunda Konqresdə qəbul olunan qanunun tələbi kimi atılıb: ““Kreml hesabatı” adlanan sənəd iki hissədən ibarətdir və mətbuata açıqlanmayan məxfi hissəsi də var. Məxfi bölümdə siyahıda adları olan şəxslərin harada, nə qədər aktivlərə, mal varlığına malik olduğuna dair məlumatlar, eləcə də əlavə siyahının ola biləcəyi ehtimal edilir. Açıq siyahıya Azərbaycan əsilli 4 iş adamının - Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanovun da adı daxil edilib. Oradakı iş adamlarının və oliqarxların bilinən ümumi varidatı 386 milyard dollardan çoxdur. Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi mənasına gəlmir. Amma siyahıdakı bəzi şəxslər hazırda sanksiya altındadır. Əvvəla, məqsəd budur ki, siyahıya düşənlər basqı altına alınır, hesab edilir ki, onlar gələcək sanksiyalardan yayınmaq üçün Putinə təsir-təzyiq göstərərək Rusiyanın siyasətində dəyişikliyə nail ola bilərlər. Mümkün olarsa, Putinlə həmin oliqarxların üz-üzə qoyulması, aralarının açılması da hədəflənir. Lakin bu iki düşüncənin gerçəkləşmə ehtimalı azdır. Əgər hər hansı real nəticə əldə olunmasa, onda həmin şəxslərə qarşı sanksiyaların (səyahət qadağası, aktivlərinin dondurulması, dollar sistemindən təcrid və s.) tətbiqinə başlanacaq".
Şahin Cəfərli ile ilgili görsel sonucu
Bununla yanaşı, Ş.Cəfərli hesab edir ki, siyahının açıqlanması faktının özünün də qaçılmaz təsirləri olacaq: “Adı sadalananlar ”toksik" və “viruslu” subyekt halına gəlir. Yəni əcnəbi sərmayə ABŞ və Avropa biznesi başda olmaqla, artıq bu adamlarla iş görməkdə ən azı tərəddüd edəcək, çoxları bundan yayınacaq. Onların xaricdən maliyyə cəlb etməsi, öz biznesini genişləndirməsi xeyli çətinləşəcək, bəlkə də qeyri-mümkün olacaq. Üstəlik, CAATSA qanununda açıq göstərilir ki, sanksiya altına düşən Rusiya şirkətləri ilə böyük həcmdə iş görən, o cümlədən Rusiyadan ciddi məbləğlər ödəyərək silah alan üçüncü ölkələrin müvafiq qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Rusiyanın qiymətli kağızlarına, dövlət istiqrazlarına, avrobondlarına sanksiyanın tətbiqi də nəzərdən keçirilir. Konqres hökumətdən bu haqda da hesabat istəyib".
Politoloq qeyd etdi ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti, ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Bəşər Əsəd rejiminə dəstəyi kimi səbəblərlə əsaslandırılıb: “Qanuna görə, hökumət, prezident sanksiyaları yalnız Konqresin icazəsi ilə ləğv edə bilər, bu isə sanksiyaların uzunmüddətli olması deməkdir. Bu baxımdan CAATSA qanunu 1974-cü ildə SSRİ-yə qarşı qəbul olunan və 38 il sonra - 2012-ci ildə ləğv edilən ”Cekson-Venik" qanunu ilə müqayisə edilir. “Cekson-Venik”in ləğvindən sonra Rusiyaya qarşı dərhal başqa bir sanksiya qanunu - “Maqnitski Aktı” qəbul olundu. Sonradan qlobal mahiyyət verilən bu qanunun ucu açıqdır hər il ora yeni adlar əlavə edilir".
Ş.Cəfərliyə görə, Azərbaycanla bağlı sanksiya məsələsi də ötən ilin sonlarına doğru, xüsusən də “Turan” agentliyinin rəhbəri Mehman Əliyevin həbsindən sonra aktuallaşmışdı: “Mehman Əliyev beynəlxalq miqyasda tanınan Azərbaycan jurnalistlərindən biridir və bu səbəblə, onun həbsinə sərt reaksiyalar gəldi. Hətta ABŞ-ın nüfuzlu senatorları - Marko Rubio, Benjamin Kardin və digərləri bu barədə məsələ qaldırdılar. Azərbaycan iqtidarı məsələnin ciddiliyini anlayaraq və situasiyanı düzgün qiymətləndirərək Mehman Əliyevi vaxtında azad etdi. Buna baxmayaraq, insan haqlarının müdafiəsi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlar ABŞ hökumətinə müraciət etmişdilər ki, bəzi orta səviyyəli azərbaycanlı məmurların adları ”Maqnitski Aktı"na daxil edilsin. ABŞ hökuməti bu müraciəti nəzərə almadı. Düşünürəm ki, bu məsələdə Azərbaycan hökumətinin Əfqanıstana əlavə sülhməramlıların göndərilməsi barədə qərarı və ümumilikdə Qərblə dialoqa açıq olması amili rol oynadı. Lakin bu, təhlükənin tam sovuşması anlamına gəlmir. “Maqnitski Aktı” qlobal miqyasda tətbiq olunur və hər il oraya dünyanın istənilən ölkəsindən, o cümlədən Azərbaycandan insan haqlarını pozan şəxslərin, dövlət məmurlarının adlarının daxil edilməsi ehtimalı qalır".
Sabiq maliyyə naziri Fikrət Yusifov ile ilgili görsel sonucu
Sabiq maliyyə naziri Fikrət Yusifov isə bildirdi ki, ABŞ-ın bu addımı ilə Rusiya ilə münasibətləri gərginliyin pik həddinə çatdırıb: “Ümumiyyətlə, bu iki nüvə dövlətinin maraqları təkcə Ukrayna, Suriya və İraqda deyil, Sovetlər dönəmində olduğu kimi, dünyanın əksər bölgələrində toqquşur. Rusiyanın bölgələrdəki münaqişələrlə bağlı öz maraqlarını maksimum qorumaq cəhdləri və bu səbəbdən barışmaz mövqedən çıxış etməsi Amerika rəsmlərini qəzəbləndirir. Əslində ABŞ-ın buna kifayət qədər özünəməxsus ”əsasları" mövcuddur. Hər iki dövlətin nüvə silahlarına malik olmasına baxmayaraq, ABŞ dünyanın super gücüdür və dünyada istehsal edilən Ümumi Daxili Məhsulun 1/4-i bu ölkənin payına düşür. Rusiyanın payı isə cəmi 1,7%-dir. Bu səbəbdən də yaranmış münaqişəli məsələləri öz istəyinə uyğun şəkildə həll etmək naminə ABŞ Rusiyaya qarşı işləyə biləcək mümkün kartların hamısından istifadə etməyə çalışır. Gələcəkdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bir qədər də genişləndirməsi, neftin qiymətlərinin yenidən kəskin azaldılması kimi kartlardan istifadə edəcəyi də gözləniləndir".