azia.az
azia.az

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müraciəti

Dünən, 23:05


 Sizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə inam dolu yol, möhkəm sağlamlıq və davamlı uğurlar arzulayıram.

Azərbaycan gəncliyi hər zaman dövlətimizin ali diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclər siyasəti olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirilmiş, 1997-ci ildən etibarən 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi gənclərə verilən yüksək dəyərin bariz nümunəsi olmuşdur.

Bu gün Ümummilli Liderin gənclərlə bağlı siyasi xətti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə gənclərin təhsili, məşğulluğu, intellektual və fiziki inkişafı, eləcə də onların ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüs və fəaliyyəti isə gənclərin sosial rifahının yüksəldilməsinə, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və sağlam düşüncəli gəncliyin formalaşmasına mühüm töhfələr verir.

Azərbaycan gəncliyi Vətənimizin taleyini müəyyən edən tarixi məqamlarda öz sözünü demişdir. Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadət, fədakarlıq və qətiyyət xalqımızın yaddaşına qızıl hərflərlə yazılmışdır. Gənclərimiz bu müharibədə üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək dövlətimizin ərazi bütövlüyünün bərpasında həlledici rol oynamışlar. Bu, müasir Azərbaycan gəncliyinin Vətənə bağlılığının, məsuliyyət hissinin və milli şüurunun parlaq təzahürüdür.

Siz Azərbaycanın bu günü və sabahısınız. Düşüncəniz, enerjiniz, yaradıcılığınız və təşəbbüskarlığınız cəmiyyətimizin inkişafına yeni nəfəs verir. Gənclərin fəallığı hüquqi dövlətin möhkəmləndirilməsində, ədalətli və güclü vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.

Öz hüquq və azadlıqlarınızı bilməyiniz, onlardan yararlanmağınız və digər şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşmanız hər bir gəncin üzərində duran vacib vəzifədir. Hüquqi maarifləndirmə gənclərin risklərə qarşı daha hazırlıqlı olmasına, düzgün qərarlar verməsinə kömək edir və cəmiyyətdə öz mövqelərini inamla ifadə etmələrinə şərait yaradır. Hüquqlarını bilən və hüquqi biliklərə malik gənclər dövlətin və cəmiyyətin inkişafında daha fəal iştirak edirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq gənclərin hüquqlarının müdafiəsi, hüquqi maarifləndirilməsi və məlumatlara əlçatanlığının artırılması fəaliyyətimizdə daim diqqət mərkəzində saxlanılır. Məqsədimiz gənclərin səsinin eşidilməsi, onların hüquqi biliklərinin artırılması və cəmiyyətin həyatında daha fəal və təsirli iştirakının təmin edilməsidir.

Əminəm ki, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı və müasir dünyagörüşlü Azərbaycan gəncliyi ölkəmizin gələcəyini daha ədalətli, təhlükəsiz və güclü edəcəkdir.

Bu əlamətdar gün münasibətilə hər birinizi bir daha təbrik edir, dövlətimizin inkişafı istiqamətində sərgilədiyiniz çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.

Yolunuz daim açıq olsun!

 

 

Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi