azia.az
azia.az

“Prezidentin qərarını gözləmək lazımdır” - Sensasion müsahibə

Bu gün, 16:42

Qüdrət Həsənquliyev: “Sanki böyük dövlətlər arasında centlemensayağı razılaşma olub”

“Ermənistanda elə bir adam hakimiyyətə gəlməlidir ki, o, həm Rusiya, həm Azərbaycan, həm Türkiyə, həm də ABŞ  ilə normal münasibətlər qursun”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibə verib.

Millət vəkili gündəmin vacib məsələləri ilə bağlı sualları cavablandırıb, bir sıra sensaion fikirlər söyləyib.

- Qüdrət bəy, Bakı ilə Moskva arasında soyuq münasibətlər davam edir. Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvəsi çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü baş tuta, vəziyyətin müzakirəsi reallaşa bilərmi?

- Görüşün baş tutması prezidentlərin iradəsindən asılıdır, amma çox istərdim ki, bu, baş versin və Rusiyanın Azərbaycana münasibətdə ikitərəfli münasibətlərin səviyyəsinə uyğun gəlməyən və soydaşlarımıza münasibətdə beynəlxalaq hüquq normalarına zidd davranışı nəticəsində yaranmış gərginliyin aradan qaldırılması üçün addımlar atılsın. İlham Əliyev alman faşizmi üzərində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada təşkil olunmuş parada dəvət olunanda da bildirmişdim ki, Moskvaya səfər barədə qərarı  Prezident verir, amma mən istərdim səfər baş tutsun, Rusiya prezidenti ilə birbaşa danışıqlarda tərəfləri narahat edən bütün məsələlər müzakirə olunsun. Rusiya ilə münasibətlərimizin daha gərginləşməsini istəyən qüvvələr var. 2013-cü il prezident seçkiləri öncəsi  ölkəmiz əleyhinə Rusiyadakı hakimiyyətdaxili müəyyən qruplar Rusiyada “Milyarderlər İttifaqı”, Azərbaycanda Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovun liderliyi ilə “Ziyalılar ittifaqı”, “Milli Şura” yaradanda da, indi də qarşıdurmanın pik vaxtı bəzi xarici dairələrin və daxildəki marginallaşmış qrupların necə sevindiyini görürdük. Biz vətəndaşlarımızın rahat və müharibə təhlükəsi olmayan xoşbəxt  həyatını təmin etməliyik. İnsanlarımız bütün həyatlarını  gərginlik içərisində yaşamamalıdır. Rusiyanı inandırmalıyıq ki, bizə təzyiq etmək yox, bizimlə dost olmaq lazımdır, həm də sözdə yox. Rusiya keçmiş sovet resbublikalarının müstəqilliyi ilə barışmalıdır. Putin sinəsinə “SSRİ” yazmış Lavrovu zarafatla yox, həqiqətdə  “imperialist” adlandırmalı, keçmiş sovet respublikaları ilə münasibətlərə ziyan vurduğu üçün cəzalandırmalı idi. Lavrov tarixin nostalgiyası ilə yaşayırsa, tarixi  xatırlamaq istəyirdisə, Alyaskaya uçduğunu əsas götürüb sinəsinə “satılmış vətən” yazmalı idi. Yaxud Şərq istiqamətində uçduğunu nəzərə alıb, sinəsinə rus knyazlıqlarını 240 il əsarətdə saxlamış, mərkəzləşmiş rus dövlətinin yaranmasına yol açmış monqol-tatar dövləti  “Qızıl Orda”nın adını yazmalıydı.

- Vaşinqtonda ilkin sülh sazişi imzalanandan sonra bir çoxları dərhal Ermənistan -Türkiyə sərhəddinin açılacağını gözləyirdi, amma bu, baş vermədi. Sicə, niyə?

- Görünür böyük dövlətlər arasında hansısa centlmensayağı anlaşmalar var. Düşünürəm ki, bu məsələnin həllinə Azərbaycanın, Türkiyənin, ABŞ-nin və Rusiyanın razılığı lazımdır. Paşinyanın “dayısı”, ABŞ demokratlarının təmsilçisi Sorosu indiki liderlərin heç biri xoşlamır. Böyük siyasətdə şəxsi münasibətlər xüsusilə ciddi əhəmiyyət kəsb edir. Əgər Paşinyan bir il ərzində hakimiyyətdən getməsə, onda sərhədlərin açılması ehtimalı arta bilər.  

- Tramp sülh danışıqları üçün Ukrayna və Rusiyaya iki həftə vaxt verdi. Sizcə, sonra nələr baş verə bilər?

- Bu, Trampdan  daha çox Putindən asılı olan məsələdir. Sonda,  əvvəllər olduğu kimi döyüş meydanındakı vəziyyəti nəzərə alıb nə olacağı barədə qərarı Putin verəcək. Ola bilsin Trampa deyəcək ki, “mənə bir az da vaxt lazımdır, bir müddət kənara çəkil, Ukraynaya silah satışına bacardıqca əngəl ol, Ukraynaya kömək edən ölkələrə təzyiq et, Ukraynanın daxilində böhran yarat” və s. İnanmıram ki, o, Şimali Koreya kimi, ABŞ-dən Ukrayna ilə vuruşmaq üçün əsgər göndərməsini istəsin. O, Trampa deyə bilər ki, bir müddət Venesuella ilə məşğul ol, cəmiyyətin başını qat. Ukrayna möcüzə gözləmədən tez bir zamanda  müharibədən az itkilərlə çıxmağın yolunu tapmalıdır. Heç bir müqavilə əbədi deyil, bu günə qədər Rusiyanın Ukrayna ilə imzaladığı saizşlər kimi. Zelenski başa düşməlidir ki, qorxaq və bəzi riyakar “müttəfiqləri” ilə birlikdə Çinin, Hindistanın, çoxsaylı böyük dövlətlərin dəstək verdiyi Rusiyaya, ona nifrət edən Tramp və  Putinə qalib gələ bilməz.

- Qüdrət bəy, maraqlıdır ki, bu günlərdə Ukrayna ilə İran arasında münasibətlərdə gərginlik yaşanır. Kiyevin diplomatik pasportu olanların vizasız gediş-gəlişlə bağlı İranla imzalanan memorandumu ləğv etməsinə Tehranın cavabının sərt olacağı bildirilib. Kiyevə qarşı “ikinci cəbhə” açıla bilərmi? Rusiya ilə İran arasında gizli və yaxud açıq hərbi əməkdaşlıq var idi. Bundan sonra Ukraynaya qarşı iki ölkənin birgə münasibəti daha da aqressiv xarakter ala, Ukrayna sürpriz yaşadıla bilərlərmi, yoxsa bu, İranın başında çatlaya biləcək əməliyyatın əsasını qoya bilərmi?

- Onsuz da Rusiya ilə İran arasında çox ciddi əməkdaşlıq var. Bütün sahələri əhatə edən, o cümlədən hərbi sahəni... Biz bilirik ki, bu gün Ukraynanın ən çox əziyyət çəkdiyi “Şahed” dronları məhz İran tərəfindən Rusiyaya verilib, sonra da yerli istehsal üçün  texnologiyası ötürülüb Rusiyaya. Rusiya da artıq kütləvi şəkildə onun istehsalı ilə məşğuldur. Bu baxımdan Ukrayna - İran münasibətləri onsuz da gərgin idi. Diplomatik əlaqələrin kəsilməsi, bütün iqtisadi əlaqələrin dondurulması düşünmürəm ki, ciddi  bir dəyişikliklərə gətirib çıxarsın. İran  Rusiyaya uzaqmənzilli raketlər verə bilər. Amma İranın özünün bu dəqiqə həmin raketlərə ehtiyacı var.  İran açıq formada öz əsgərləri ilə Şimali Koreya kimi Rusiya tərəfdən müharibəyə qatılsa, bu  İranın yenidən vurmasına yol aça bilər.

- Maraqlıdır ki, İranda ayrı - ayrı şəxslər 12 günlük müharibədə İsrailə məlumat ötürülməsinə, digər dəstəyə görə Rusiyanı ittiham edirlər. Bundan əvvəl Azərbaycana qarşı da absurd ittihamlar səslənirdi. Bu, nə anormallıqdır, bu ölkədə nə baş verir?

- İranın daxilində artıq xarici siyasətdə də fikir birliyi yoxdur. Prezident də Əl-Ərəbiyyə kanalına verdiyi müsahibədə dedi ki, ancaq seçki ilə formalaşmış hökumətin dediklərinə diqqət yetirmək lazımdır. Orada xalqın iradəsi ilə formalaşmış  xalqı təmsil edən islahatçılar və  mühafizəkarlar var, onların həm daxili, həm xarici siyasətdəki yanaşmalarında çox ciddi fərq mövcuddur. Bu baxımdan Azərbaycana münasibətdə də xatırlayırsızsa, bir müddət öncə oxşar ittihamlar irəli sürülürdü ki, guya bizim ərazimizdən istifadə olunub. Guya biz hansısa kəşfiyyat məlumatlarının toplanmasında İsrailə kömək eləmişik. Sonra özləri də etiraf etdilər ki, əllərində heç bir sübut yoxdur, boş söz - söhbətdən başqa bir şey deyil. İranda Azərbaycana, o cümlədən Rusiyaya qarşı bu tipli açıqlamalar verənlər var. Amma İranla Rusiya çalışır ki, bir çox məsələlərdə siyasətlərini maksimum dərəcədə uzlaşdırsınlar. Amma nə İran Rusiyanın çox güclü bir dövlət olmağını istəmir, nə də Rusiya İranın regionda böyük gücə çevrilməsini istəmir. Rusiya indiyə qədər belə deyək, İranı  “kiçik qardaş” kimi yanında saxlayıb və zaman - zaman ondan istifadə edib, indi də istəyir ki, vəziyyət olduğu kimi  qalsın.

- Bu arada Rusiyanın Azərbaycan üzərindən İrana qaz satmaq istəyi də ortaya çıxıb. Realdırmı?

- Bəli. Azərbaycan da bundan istifadə edib, həm İrandan, həm də Rusiyadan tələb etməlidir ki, onlar da Transxəzər qaz kəmərinin çəkilməsinə mane olmasınlar. Siz bilirsiniz ki, uzun müddət idi, biz müstəqillik əldə edəndən sonra bu məsələ gündəmdə idi, İran və Rusiyanın etirazlarına görə bu kəmər Türkmənistandan Azərbaycana çəkilmirdi.

- Azərbaycan indiki durumda Kremlin bu təklifinə müsbət qarşılıq versə, Qərbdən təzyiqlərə məruz qalmazmı?

- Yox, mən hesab edirəm ki, bu, regional  əməkdaşlıqdır və Azərbaycana lazımdır. Biz də bu və ya digər qərarı qəbul edəndə ilk növbədə öz dövlət maraqlarımızı əsas götürməliyik. Özü də bu tipli əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməyib yönəlir. Ona görə də əlbəttə, Qərbdə  narazı qalanlar olacaq, amma önəmli olan bizim özümüzün maraqlarımızdır. Amma Azərbaycan mütləq tələb eləməlidir ki, bunun qarşılığında Transxəzər kəmərinin çəkilməsinə problem yaradılmasın. Biz bu  şərti qoymasaq  böyük bir şansın itirmiş olardıq. İndi artıq Türkmənistan hazırlaşır ki, Xəzər dənizinin sahilində İstilik Elektrik Stansiyası tiksin və Azərbaycan üzərindən Xəzər dənizinin, həmçinin Qara dənizin dibi ilə Avropaya elektrik enerjisi satsın. O cümlədən iki dövlət arasında qaz kəməri çəkilsin,cəmi 79 kilometrlik bir məsafənin birləşdirilməsi qalıb. Düşünürəm ki, bu dəfə biz tələblərimiz qəbul olunacaq.

- Türkiyə də öz ərazisində Zəngəzur dəhlizinin tikintisinə başladı, amma Ermənistan hələ gözləyir. Prezident Vaşinqton görüşündən sonra işlərin sürətləndirilməsini vacib saymışdı və bunu Paşinyana ev tapşırığı hesab etmək olar. Sizcə Ermənistan ərazisində işlər nə zaman başlaya bilər?

- Mən hesab edirəm ki, sanki böyük dövlətlər arasında centlemensayağı razılaşma olub.  Paşinyan böyük dövlətlərin rəhbərlərinin heç birini qane eləmir. Ermənistanda elə bir adam hakimiyyətə gəlməlidir ki, o, həm Rusiya, həm Azərbaycan, həm Türkiyə, həm də ABŞ  ilə normal münasibətlər qursun. Mən bilmirəm, gələcəkdə bu, kim olacaq...

- Paşinyanın həbs etdirdiyi Rusiyalı milyarder Samvel Karapetyanın Ermənistanda hakimiyyətə gəlmək şansı varmı?

- Bilmirəm hakimiyyətə kim gələcək, amma həmin şəxsin Ermənistanda hakimiyyətə gəlməsi bütün tərəfləri qane etməlidir. Mənə elə gəlir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər o vaxt açılacaq, ABŞ də Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımlar atacaq. Məncə, hələlik görünür, bu məsələdə bir razılaşma yoxdur. Yəni böyük güclər razılaşdırandan sonra ola bilsin ki, bu proses sürətlənsin. Yaxud ola bilər elə Paşinyanın özü “möhkəm qoz” çıxsa, hakimiyyətini qoruyub-saxlaya bilsə, böyük güclər görsələr ki, o hakimiyyətini qoruyub saxlaya bilir və onun növbəti seçkilərdə uduzmaq ehtimalı çox azdır, o halda onlar əməkdaşlıq yolunu da tuta bilər. O zaman bir növ reallıqla barışarlar və Paşinyanla işləmək qərarı verərlər. Xatırlayırsızsa, Zelenskini də devirmək istədilər, amma görəndə ki, alınmadı və xalq Zelenskinin ətrafında birləşdi, onda da Ukrayna prezidenti ilə davam etmək qərarı verildi.

- Görünən budur ki, Paşinyan çox arxayındır. Hətta xalqa xitabən dedi ki, etirazınız varsa, inqilab edin...

- Orada proseslərin necə gedəcəyini deyə bilmərəm. Amma Paşinyan, əlbəttə, müəyyən uğurlara nail olub. Artıq ölkəsində adambaşına düşən ümumi daxili məhsulun həcmi  10 000 dollara yaxınlaşır. Bu, çox böyük bir iqtisadi göstəricidir, bu  əhalinin sosial vəziyyətində  özünü göstərir. Tutaq ki, Avropaya vizasız gediş - gəlişə nail olsa, Azərbaycanla yekun sülh sazişini imzalasa, Türkiyə ilə sərhədlər açılsa,  onun reytinqini daha da artar. Artıq mən hesab edirəm ki, Vaşinqton Bəyannaməsini imzalamaqla o xeyli dərəcədə nüfuzunu artırdı. Ona görə ki, Vaşinqton Bəyannaməsində tərəflər bir - birinin ərazi bütövlüyünü tanıdığını Almatı Bəyannaməsindən sonra növbəti dəfə elan etdilər. Özü də Amerikanın iştirakı ilə, Amerika prezidentinin imzası ilə. Hücum etməmək haqqında da öz üzərlərinə öhdəlik götürürlər. Amma görürsünüz ki, indi Amerika da hələlik kommunikasiya xətlərinin qısa bir müddətdə açılmasında istəkli görünmür. Əks halda, elə o sənəd imzalanandan dərhal sonra Türkiyə ilə də danışardı ki, indi  heç olmasa, siz sərhədləri açın. Azərbaycan da buna etiraz eləməzdi. Ona görə ki, biz artıq sülh, barış yolu tutmuşuqsa, revanşistlərin hakimiyyətə gəlməsi yox, Paşinyanın hakimiyyətdə qalması bizi daha çox qane edir və biz də onun mövqeyinin gücləndirilməsi üçün müəyyən addımlar  atmalıyıq. 

- Amma ən mühüm ev tapşırığına əməl olunmayıb, konstitusiya dəyişikliklərinə...

- Mən müsahibələrimin birində söyləmişdim ki, hətta Konstitusiyanın dəyişdirilməsi ilə bağlı tələbi Ermənistan qəbul etdiyi üçün  Azərbaycan sülh sazişini imzalaya bilər. Əgər istəyiriksə ki, Paşinyanın mövqeləri güclənsin, orda Rusiya yönümlü revanşistlər hakimiyyətə gəlməsin, bu addımı ata bilərik. Mən hesab edirəm ki, bu zərurətdir. Amma biz bilmirik axı, böyük güclərin pərdə arxasında hansı razılaşmaları var. Beynəlxalq siyasətdə bir çox məsələlər publik yox, bağlı qapılar arxasında danışılır, razılaşdırılır. Ona görə də bu məsələlərdə daha çox ölkə Prezidentinə güvənmək lazımdır.

- Sözsüz. Kəlbəcərdəki çıxışında Prezidentin xəbərdarlıqları da mühüm məqam idi.  

- Prezident Paşinyana xəbərdarlıq eləmirdi. Mənə elə gəlir ki, Prezident revanşistlərə və onların arxasında duranlara, o ölkədə sülh istəməyən qüvvələrə xəbərdarlıq edirdi. Paşinyan özü sülh sazişi üçün zəruri addımları atmır. Paşinyan qorxur ki, regionda sülh istəməyən böyük dövlətlər var,onlar  bu addımına görə ona qəzəblənər və onu cəzalandırar. Ona görə bizim də qabağa düşməyimizin adı yoxdur. Prezidentin hansı qərar qəbul edəcəyini gözləmək lazımdır. İnanmaq lazımdır ki, o, Azərbaycan üçün doğru olan nədisə, onu edəcək. Hələlik o şərtdən imtina etmiriksə, deməli belə lazımdır. Ona görə yenə də söyləyirəm ki, böyük siyasətdə bir çox məsələlər bağlı arxasında danışılır və razılaşdırılır.

Elşad Paşasoy,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi