30 iyul - İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü
İnsan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnən insan ləyaqəti ilə bir araya sığmayan, insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradan qlobal problemlərdən biri də insan alveridir. Bu problemin aradan qaldırılması beynəlxalq təşkilatlarla bərabər milli hökumətlərin də prioritet vəzifələri sırasındadır.
Birləşmiş Millətlər Təşkilatının 2013-cü il 18 dekabr tarixli qətnaməsi ilə 30 iyul “İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü” elan edilmişdir. Bu günün qeyd edilməsində əsasməqsəd bu qlobal probleməqarşı birgə fəaliyyət göstərməkdir.Məqsədlər sırasında, həmçinininsan alverinə qarşı mübarizəni gücləndirmək, insan alveri qurbanlarına hüquqi, psixoloji və sosial dəstək göstərmək, cəmiyyətin bu problemlə bağlıməlumatlılığını artırmaq, dövlət orqanlarını və beynəlxalq təşkilatları daha effektiv əməkdaşlığa təşviq etməkdə var.
Ölkəmizdə də bu problemə qarşı ciddi mübarizənin əsası qoyulmuş, müvafiq institusional mexanizmlər yaradılmış, milli fəaliyyət planları, dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun formalaşdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli fəaliyyət plan”ı təsdiq edilmiş, 28 iyun 2005-ci il tarixdə isə “İnsan alverinə qarşı mübarizə haqqında”Qanun qəbul olunmuşdur.
Bu sənədlər ölkəmizin iştirakçısı olduğuBMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokolun, habelə 2002-ci il 20 sentyabr tarixində qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq qəbul edilmişdir.
Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə sahəsində qeyd olunan sənədlərlə yanaşı, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokolu”na, BMT-nin “İnsan alverinə və faişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında” Konvensiyasına qoşulmuşdur.
İnsan alverinə qarşı mübarizədə digər ölkələrin müsbət təcrübəsindən istifadə edilməsiinsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlıq olduqca vacibdir.
Qeyd etmək lazımdır ki, müxtəlif vaxtlarda Azərbaycan dövləti tərəfindən insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və səmərəli surətdə əlaqələndirilə bilən milli fəaliyyət planları qəbul olunmuş və uğurla icra olunmuşdur.
Fəaliyyəti dövründə insan alverinə qarşı mübarizə Azərbaycan Ombudsmanının diqqət mərkəzində olmuşdur.
Qeyd etmək istərdim ki, əhalinin müxtəlif kateqoriyalarının hüquq və azadlıqlarının müdafiəsi işinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə Ombudsman yanında müxtəlif istiqamətlər, o cümlədən insan alveri ilə mübarizə üzrə ixtisaslaşdırılmış müşavir fəaliyyət göstərməkdədir.
Müvəkkilin insan alverinə qarşı mübarizə sahəsində fəaliyyətini əsasən aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar:
Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasına Cinayət Məcəlləsinə insan alverinə qarşı müvafiq maddənin salınması, qadın hüquqlarına, gender bərabərliyinə və ailədə zorakılığın qarşısının alınmasına dair qanunvericilik aktlarının hazırlanması ilə bağlı təklifləri aid etmək olar.
Qeyd etmək istərdim ki, Ombudsman Milli Məclislə səmərəli əməkdaşlıq əlaqələri yaratmışdır. Parlamentdə müzakirəyə çıxarılan hər qanun layihəsi öncədən Ombudsmana göndərilir və tərəfimizdən bu qanun layihələrinə baxılır və müvafiq təkliflər verilir.
Ombudsman tərəfindən qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi də diqqətdə saxlanılmışdır. Belə ki, müvafiq sahə üzrə normativ hüquqi aktlara, habelə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2025-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın və “Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihələrinə dair verilən rəy və təkliflər nəzərə alınmışdır.
Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən ötən dövr ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan Müvəqqəti Saxlama Yerinə (MSY) və insan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
Bu başçəkmələr zamanı saxlanılan şəxslərlə fərdi söhbətlər aparılmış, onların saxlanma şəraiti, rəftar və hüquqi təminat məsələləri öyrənilmiş, hüquqları barədə məlumatlandırma işləri aparılmış, həmçinin qeydə alınan müşahidələr əsasında aidiyyəti qurumlara müvafiq tövsiyələr təqdim edilmişdir.
Məsələn, insan hüquqlarının müdafiəsi, o cümlədən zorakılığa məruz qalmış qadın və uşaqlar üçün krizis mərkəzlərinin, cəzaçəkmə müəssisələrindən azad edilmiş yeniyetmələr üçün sığınacaqların, valideyn himayəsindən məhrum olan uşaqlara yardım mərkəzlərinin yaradılması kimi təkliflər bu qəbildəndirlər.
Müvəkkilin təşəbbüsü ilə insan alveri probleminin həlli istiqamətlərinin müzakirəsi məqsədilə səlahiyyətli dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə dəfələrlə dəyirmi masalar və seminarlar təşkil edilmişdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnsan alverinə qarşı Mübarizə İdarəsi ilə birgə əməkdaşlıqda Ombudsman Aparatında əlaqədar dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzularında dəyirmi masalar təşkil olunmuşdur.
Ombudsman Aparatının təşkilatçılığı ilə insan hüquqlarının, xüsusilə də uşaq hüquqlarının müdafiəsi sahəsində ictimaiyyət nümayəndələrinin, eləcə də yeniyetmə və gənclərin geniş iştirakı ilə müxtəlif mövzularda - gender bərabərliyi, ayrı-seçkiliyin qarşısının alınması, zərərli vərdişlərə və insan alverinə qarşı mübarizə, erkən evliliyin fəsadları, sağlam həyat tərzinin təbliği, məişət zorakılığına qarşı mübarizə və digər bu kimi aktual məsələlər üzrə ailələrə, məktəblilərə və yerli icma üzvlərinə ünvanlanan silsilə maarifləndirici tədbirlər həyata keçirilmişdir.
İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa başçəkmə zamanı sığınacaq sakinləri qəbul olunmuş, onlarla konfidensial qaydada söhbət aparılmış, müraciətləri dinlənilmişdir. Qəbul edilmiş şəxslərə Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilmişdir. Həmçinin insan alveri ilə bağlı daxil olmuş ərizələr üzrə Ombudsman Aparatı tərəfindən araşdırmalar aparılmış və nəticəsi barədə müvafiq cavablar verilmişdir.
Bundan başqa, sənədsiz miqrantların insan alverinə daha çox məruz qalan əhali qrupu olduğunu nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması məqsədilə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə, xüsusilə qadın və uşaqlarla təbliğat işinin aparılması, onlara insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə üsulları barədə məlumatların verilməsinin vacibliyi diqqətdə saxlanılmışdır.
Ombudsman Aparatı və regional mərkəzlər tərəfindən daimi olaraq qadınlar və qızlar arasında hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmiş, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası, habelə “İnsan Hüquqları Aylığı” və “Uşaq Hüquqları Aylığı” çərçivəsində paytaxtda və regionlarda təlim və seminarlar təşkil olunmuşdur.
Hər il aylıqlar çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və media nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər görülür.
Erkən evlilik halları ilə bağlı daxil olmuş müraciətlər və mediada yayımlanmış məlumatlar dadiqqət mərkəzində saxlanılmış və müvafiq araşdırmalar aparılmışdır.Qeyd olunmalıdır ki, Ombudsmanın əvvəlki illik məruzələrində erkən evlilik hallarının aradan qaldırılması məqsədilə irəli sürdüyü bir sıra təkliflər, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.2-ci maddəsinin (üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) çıxarılması ilə bağlı təklifi “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununda nəzərə alınmışdır.
Ombudsman uşaq hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təşkilatlarla da əməkdaşlığını davam etdirmişdir. Belə ki, BMT-nin Uşaq Fondunun Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlıqda “BMT-nin Uşaq Hüquqları Konvensiyası” adlı maarifləndirici vəsait hazırlanmışdır. Vəsaitdə “Uşaq hüquqları haqqında” Konvensiyada təsbit olunmuş maddələr uşaqlar üçün anlaşılan dildə təqdim edilmişdir.
Bununla yanaşı, məlumat üçün bildirmək istərdik ki, Ombudsman Aparatıinsan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən milli fəaliyyət planlarının, proqramlarının, strategiyaların hazırlanması və həyata keçirilməsi prosesində yaxından iştirak etmişdir.
Hesab edirəm ki, insan alverinə qarşı mübarizə istiqamətində fəaliyyətin daha da uğurlu alınması üçün bu sahədə fəaliyyət göstərən qurumların birgə əməkdaşlığı olduqca vacibdir və müsbət nəticələr verməkdədir.
Səbinə Əliyeva,
Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman),
hüquq üzrə fəlsəfə doktoru