Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.
azia.az bildirir ki, 1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
1992-ci ilin yanvar ayında Azərbaycan Ordusu özünün ilk əməliyyatını həyata keçirdi. Şuşa şəhəri yaxınlığındakı Daşaltı kəndini ələ keçirmək məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Yayda 1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi başa çatmışdır. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi. Lakin, 22 may 1998-ci il tarixli prezident fərmanı ilə həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
1997-ci ilin yanvarında Azərbaycan sülhməramlı qüvvələri yaradılmışdı.
Azərbaycan ordusunun tarixində ən böyük silah anlaşması isə 2012-ci ildə baş tutub. Həmin ilin fevral ayında İsrailin Israeli Aerospace Industries (İAİ) adlı iri hərbi-sənaye şirkəti Azərbaycana pilotsuz kəşfiyyat təyyarələrinin ən yeni versiyalarının və ən müasir Hava Hücumundan Müdafiə Sistemlərinin satılmasına dair 1.6 milyard dollarlıq müqavilə bağlayıb. İsrail hərbi mütəxəssislərinin böyük dəstəsi azərbaycanlı həmkarlarına yeni silah sistemləri ilə işləməyi öyrətmək üçün Bakıya göndərilib. Yeni müqaviləyə əsasən İsraildən düşmən hədəflərinə dəqiq raket zərbələri endirə bilən böyük pilotsuz kəşfiyyat təyyarələri "Heron”ların alınması, habelə hava və raket hücumundan etibarlı müdafiəni təmin edən HHM sistemlərinin alınmasından söhbət gedir. Bu HHM sistemləri Azərbaycan ərazisini ballistik raket zərbələrindən müdafiə etməyə qadirdir.
2008-2012-ci illərdə dövlət büdcəsindən ölkənin müdafiə qüdrətinin artırılması və silahlı qüvvələrin maddi-texniki təminatının yenilənməsinə 12 mlrd. ABŞ dollarından artıq vəsait yönəldib. Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini 4 dəfəyə yaxın üstələyib. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastruktrun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu dövrdə silah və hərbi texnikaların satın alınmasına dair Ukrayna, Rusiya, Belarus, Türkiyə, İsrail, CAR, Serbiya, Avstriya və s., hərbi məhzulların istehsalına dair Ukrayna, Belarus, Türkiyə, CAR, Polşa, İordaniya kimi ölkələrlə müqavilələr imzalanıb.