azia.az
azia.az

SLB Qarabağda geotermal quyular üçün kəşfiyyat quyusu qazmağı planlaşdırır

2-06-2025, 14:17

Ən böyük neft xidməti şirkəti olan “Schlumberger” (SLB) bu il Qarabağ ərazisində geotermal layihənin ikinci mərhələsinə başlayacaq.

Bu barədə şirkətin satış və marketinq meneceri Dmitri Kofman məlumat verib.

O xatırladıb ki, COP29 çərçivəsində SLB Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Green” MMC ilə Qarabağda geotermal layihənin inkişafı haqqında memorandum imzalayıb.

"Hazırda layihənin birinci mərhələsi həyata keçirilir. İlkin tədqiqatlar aparılıb. Növbəti mərhələ bu tədqiqatların praktiki ölçmələrlə tamamlanmasını nəzərdə tutur. Bu il biz ikinci mərhələyə keçməyi planlaşdırırıq, bu isə layihənin potensialının əlavə təhlilini, kəşfiyyat quyusunun qazılmasını və gələcəkdə SOCAR ilə birgə tam inkişaf planlaşdırmasını əhatə edəcək. Ümid edirik ki, artıq bu il qazma mərhələsinə keçəcəyik", - o bildirib.

D.Kofmanın sözlərinə görə, bu, onlar üçün geotermal quyuların qazılması və məhz bu istiqamətin inkişafı ilə bağlı ilk əsas layihədir.

"Biz burada yaxşı perspektivlər görürük. Əlbəttə, biz müxtəlif şirkətlər və bazar iştirakçıları ilə əlavə imkanları - yeni perspektivli layihələrin inkişafını da müzakirə edirik. Hələlik nəyisə açıqlamaq çətindir, lakin bu istiqamətdə işləyirik və məlumat olan kimi mütləq təqdim edəcəyik", - o əlavə edib. “Report”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi