Çaldıran döyüşünü “türk, kürd, ərəbin ortaq qələbəsi” adlandırıb-TÜRKİYƏDƏN NÖVBƏTİ...
Prezident Rəcəb Tayyib Ərdoğanın ardınca Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaidən, onun Osmanlı sultanına məğlub olması ilə nəticələnmiş Çaldıran döyüşündən söz açıb.
Xəbər verilir ki, Böyük Millət Məclisinin sədri mayın 19-da Şırnak Universitetində keçirilən tədbirdə çıxış edərkən deyib: “Yavuz Sultan Səlimlə İdris Bitlisinin Anadolu torpaqlarını başdan-ayağa zülmlə inildədən Şah İsmayıla qarşı qurduğu böyük ittifaq 1514-cü ildə Çaldıran döyüşündə qalib gəlməklə Anadoluda müsəlman icmalarının başını dik tutub gəzə bilməsini təmin edib, onların rifah içərisində birgəyaşayışına şərait yaradıb”.
Qeyd edək ki, əvvəllər Ağqoyunlu sarayının xidmətində durmuş, sonradan Osmanlı sultanının sarayına köçmüş İdris Bitlisi XV əsrin sonu, XVI əsrin əvvəllərində kürdlərin mənəvi lideri olub və Yavuz Sultan Səlimin (9-cu Osmanlı sultanı) qızılbaşlara, ələvilərə qarşı repressiyalar həyata keçirməsində, Səfəvilər dövlətinə, Şah İsmayıl Xətaiyə qarşı mübarizə aparmasında çox mühüm rol oynayıb. İdris Bitlisi Anadolu ərazisində qırx min qızılbaşın qanına bais olduğunu fəxrlə, qürurla yazıb. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 15-də Ankarada Təşkilat Akademiyasının Liderlik Məktəbinin keçirdiyi tədbirdə çıxış edərkən XVI əsrdə Osmanlı imperiyasının Səfəvilər dövləti üzərində qələbə qazanması ilə nəticələnmiş döyüşü – Çaldıran döyüşünü “türk, kürd, ərəbin ortaq qələbəsi” adlandırıb. Ərdoğanın açıqlaması xüsusilə sosial medianın Azərbaycan seqmentində ciddi müzakirə və sərt tənqid edilməkdədir. Medianews.az
Toğrul Əli