Ankarada, Pursaklar bələdiyyəsi ərazisində Azərbaycan və Türkiyə millət vəkillərininin, ziyalılarının, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların, Pursaklar bələdiyyə başqanının, QHT, KİV rəhbərləri və yüzlərlə yerli sakinin iştirakı ilə keçirilən Qarabağ parkının açılışı mərasimində çıxış edən Pursaklar bələdiyyə başqanı Selcuk Çetin bildirib ki, fevral ayında Pursaklarda Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfrans verən millət vəkili Q.Paşayeva Pursaklarda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur. Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı Selcuk Çetin və Ankara millət vəkili, sabiq baş nazir müavini Emrullah İşlər çıxışları zamanı bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. İşğal altında olan torpaqlarının azad olunmasını istəyirik və bunun üçün birlikdə mübarizə edəcəyik deyiblər. Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva Pursaklar bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Çıxışına Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq sözləri ilə başlayan millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan və Türkiyə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət, iki dövlətdir və bu gün Ankarada Pursaklarda Qarabağ parkının açılışı dost da düşmənə də ciddi bir mesajdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. Millət vəkili Q.Paşayeva bildirib ki, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq bu işə dəstək olmaqdan böyük məmunluq duyur və bu işə dəstək olan hər kəsə təşəkkürünü bildirib. Millət vəkili Q. Paşayeva biz getdiyimiz hər bölgədə bu təkliflə çıxış edirik, ümid edirik ki Ankarada parkın açılmasından sonra bir çox bələdiyyələr də bu addımı atacaq və onları buna çağırırıq deyib. Millət vəkili Elman Nəsirov da çıxışında Qarabağ problemi ilə bağlı geniş çıxış edərək bu cür layihələrin önəmini xüsusi vurğulayıb. Ankarada Pursaklarda Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcəklər və bu gənc nəsillər üçün çox önəmlidir deyən millət vəkili Elman Nəsirov iki qardaş ölkənin birlikdə bu problemin həlli istiqamətində də gördüyü önəmli işlərdən danışıb. İraqdan gəlmiş sabiq Türkman millət vəkili, dəyərli ziyalı Fövzi Ekrem Terzioğlu da çıxışında bu tədbirdə iştirakdan böyük məmunluq duyduğunu deyərək Qarabağ ağrısı hamımızın ağrısıdır, Kərküklə bağlı ağrılarımız da hamımızın ağrısıdır. Ona görə də birlik və brabərlik içində daha da güclənib mübarizəmizi aparmalıyıq deyən Fövzi Ekrem Terzioğlu bələdiyyə başqanından Kərkük adı daşıyan bir parkın açılması xahişi ilə də çıxış edib. Onun bu çıxışını millət vəkili Q.Paşayeva və Ankara millət vəkili Emrullah İşlər də dəstəkləyib. Bələdiyyə başqanı Selcuk Çetin isə yaxın zamanlarda Kərkük adını daşıyacaq parkın da açılacağına söz verib. Millət vəkili Q.Paşayeva Azərbaycan nümayəndə heyəti adından bələdiyyə başqanına və Emrullah İşlərə Heydər Əliyev Fondunun hazırladığı Muğam musiqilərimizin kataloqunu və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib. Tədbirdə Azərbaycandan həmçinin Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Altes Plasa şirkətlər qrupunun təmsilçisi Naibə Abdullayeva, iş adamı Yılmaz Okuklu, jurnalist Mətanət Ağamirli, şair İbrahim İlyaslı, sənətçilər də iştirak ediblər.