azia.az bildirir ki, Millət vəkili Q.Paşayeva Ankarada “Türkiyə – Azərbaycan münasibətləri:Qardaşlıq və strateji ortaqlıq” mövzusunda beynəlxalq simpoziumda birliyimizı daha da gücləndirməliyik çağırışı edib.
Ankarada EkoAvrasiya(Avrasiya Ekonomil İlişkiler Derneyi) və Pursaklar bələdiyyəsinin təşkilatçılığı ilə “Türkiyə – Azərbaycan münasibətləri:Qardaşlıq və strateji ortaqlıq” mövzusunda beynəlxalq simpozium keçirilib. TİKA, Türkiyə Kültür və Turizm Bakanlığı və Azərbaycanın Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin də qatqıları ilə keçirilən tədbirin açılışında çıxış edən millət vəkili, siyasi elmləri doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva təşkilatçılara belə önəmli tədbirin təşkili üçün təşəkkürünü bildirib və Türk dünyasına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva Türk milləti 100 il sonra yeni bir Çanaqqaladan keçir və güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Q. Paşayeva “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” deyərək bu birliyin dosta da, düşmənə də bir məsaj olduğunu söyləyib. Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağın işğaldan azad edilməsi üçün çalışmalıdır:” Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı QHT və KİV-lərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyərək münasibətlərimizin daha da inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər, həyata keçirdiyi layihələr, Azərbaycan prezidenti İlham Əliyevin yeritdiyi siyasət, görülən işlər, həyata keçirilən böyük layihələr, hər iki qardaş dövlətin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi böyük dəstək barədə də geniş məlumat verib. O, Ankarada Pursaklar bölgəsində Qarabağ parkının salınması ilə bağlı təklifinin Pursaklar bələdiyyə başqanı tərəfindən dəstəkləndiyini, qısa zamanda parkın salındığını deyərək sabah (red.bu gün) açılışını da birlikdə edəcəyik və mən Azərbaycana, onun ayrılmaz parşası Dağlıq Qarabağa böyük sevgisi və duyarlılığı üçün bələdiyyə başqanı Selcuk Çətinə və bütün Pursaklar bələdiyyəsinə təşəkkürümüzü bildirirəm deyib və bu cür addımların önəmindən də danışıb. Millət vəkili “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq” deyib. Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirin sonunda tədbirin təşkilatçıları tərəfindən millət vəkili Qənirə Paşayevaya plaket təqdim edilib.