“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, istefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Asiya.info-nun suallarını cavablandırıb.
-Son günlər odumuz ətrafında nələr baş verir?
-Son günlər odumuz ətrafında çoxlu müzakirələr gedir. Ancaq, şəxsi qənaətim ondan ibarətdir ki, qeyri-adi və ya hansısa fövqəladə hadisə baş verməyib. Razıyam ki, ordu sıralarında özünə münbit şərait tapmış bir qrup şəxs düşmən ölkənin bəzi şəxsləri ilə əlaqələr qurmağa çalışmış və bu xoşagəlməz hadisə də elə Müdafiə Nazirliyinin öz struktur bölmələri tərəfindən aşkarlanmışdır. Sadəcə bir qrup özündən razı şəxs və şəxslər sosial medianın onlara verdiyi imkanlardan geniş istifadə edərək bu olay barəsində o qədər şişirdilmiş və həqiqətdən uzaq fikirlər səsləndiriblər ki, adam bəzən oxuyanda öz ordumuzu tanımır. Əslində isə bütün dünya ordularında, xüsusən də müharibə şəraitində olan dövlətlərdə baş verən hadislərdən biridir ki, bizdə də baş verib. Əlbəttə ki, olmamasını istərdik. Amma, artıq baş verənlər olub və günahkar şəxslərin dairəsini müəyyənləşdirmək üçün şübhəli şəxs qismində saxlanılanlar da var. İnşallah tez bir zamanda biz hər şeyi biləcəyik və kimliyindən və tutduğu vəzifəsindən, rütbəsindən asılı olmayaraq hər kəs etdiklərinə görə cavab verəcək.
-Sərhəd bölgələrində smartfon telefonlar işlətməmək təkcə hərbiçilərəmi şamil edilib?
-Mən o fikirlə razıyam və tərəfdarıyam ki, cəbhəyanı zonalarda smartfon telefonlar işlətmək əsla yolverilməzdir. Ona görə yox ki, bu kiminsə istəyidir və ya arzusudur. Bu sırf o yerdə yaşayan vətəndaşlarımızın, ələlxüsus da hərbçilərimizin təhlükəsizliyi baxımından çox önəmlidir. Dəfələrlə olub ki, məhz ən xırda ehtiyatsızlıq və diqqətsizlik böyük faciələrə və xoşagəlməz nəticələrə gətirib çıxarıb.
- Ordumuzda baş verənlərlə bağlı Rusiya barmağı olduğu ehtimalı nə dərəcədə realdır?
-Baş verənlərdə Rusiyanın barmağının olub-olmaması məsələsinə gəldikdə isə, deyə bilərəm ki, bəli var və biz bilirik ki, erməni ağlının məhsulu deyil ki, onlar gəlib ölkəmizin ərazisində hansısa agentura şəbəkəsini qurmağı bacarsınlar. Böyük ehtimalla, məhz bizim qonşularımız bu işdə öz forpostlarına bacardıqları köməyi göstərməyi bacarıblar. Amma, biz də artıq kimin və nəyin nə olmasını yaxşı anlıyır və bilirik.