azia.az
azia.az

“Bu - Ermənistana və vasitəçilərə son xəbərdarlıqdır”

14-11-2016, 08:53

“Bu - Ermənistana və vasitəçilərə son xəbərdarlıqdır”
Hərbi ekspert ordumuzun ən böyük hərbi təlimləri haqda: “Hər birimiz yeni döyüşlərə hazır olmalıyıq...”

Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

Azərbaycan ordusunun indiyə qədər keçirdiyi təlimlər tarixində ən irimiqyaslısı olan bu hərbi təlimlər başlanan gün Ali Baş Komandan, prezident İlham Əliyevin də hərbi formada Füzuli, Cəbrayıl istiqamətində cəbhə xəttinə getməsi, hərbçilərlə səngərdə görüşməsi və aprel ayında işğaldan azad edilən Lələtəpədən sərt mesajlar verməsi sıradan bir hadisə sayılmamalıdır.

Hərbi ekspert Üzeyir Cəfərov öncə bildirdi ki, silahlı qüvvələrimizin başladığı irimiqyaslı təlimlər 2015-ci ilin sonunda 2016-cı ilin təqvim planına salınmış təlimlərdən biridir: "Bu hərbi təlimlərə miqyasına görə əvvəlkilərdən daha böyükdür. Bu təlimləri il ərzində keçirilmiş döyüş hazırlığının final mərhələsi hesab etmək olar".

Ü.Cəfərovun sözlərinə görə, bu qədər geniş kontingentin, çoxlu sayda texnikanın, ehtiyatda olan hərbçilərin də cəlb edildiyi hərbi təlimlər şübhəsiz ki, işğalçı Ermənistan üçün bir xəbərdarlıq da sayılmalıdır: “Təlimlərin növbəti mərhələsində ehtiyatda olan qüvvələrin də təlimlərdə iştirakını görəcəyik. Bu qədər iri miqyaslı hərbi təlimlərin keçirilməsi ilə yanaşı, Ali Baş Komandan İlham Əliyevin hərbi geyimdə birbaşa cəbhə xəttinə getməsinə, azad olunmuş Lələtəpədən verdiyi bəyanatlara da diqqət etdikdə göstərir ki, bütün bunlar çox ciddi düşünülmüş və bir-biri ilə bağlı olan planın tərkib hissəsidir. 1994-cü ildə Azərbaycan silahlı qüvvələri düşmənə məhz Füzuli istiqamətində ən böyük zərbəni vurmuşdu. 2016-cı ilin aprel ayında yenə Füzuli istiqamətində Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbə vurub. İndi Ali Baş Komandanın məhz həmin əraziyə getməsi, Ermənistana xəbərdarlıq etməsi təsadüfi və adi məsələ deyil”.



Hərbi ekspert qeyd etdi ki, Azərbaycan ordusunun başladığı iri miqyaslı təlimlər, orada istifadə olunan hərbi texnika, silahlar, ölkə başçısının hərbi təlimlər başlanan gün birbaşa cəbhə xəttinə getməsi, işğala son qoyulacağını sərt şəkildə bəyan etməsi faktiki olaraq dayanmış sülh danışıqlarının ciddi şəkildə bərpa olunmasına da gətirib çıxara bilər: “Ermənistan və vasitəçi dövlətlər daha ciddi şəkildə gördü ki, Azərbaycan silahlı qüvvələrinin kifayət qədər gücü var və hər an hərbi əməliyyatlara başlamaq imkanındadır. Prezidentin cəbhə xəttinə hərbi geyimdə getməsi, verdiyi bəyanatlar, başlanan hərbi təlimlər dünyaya, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinə bir mesajdır ki, əgər işğal olunmuş torpaqların azad olunması üçün yaxın vaxtlarda diplomatik istiqamətdə irəliləyiş olmayacaqsa, hərbi yola əl atılması üçün bütün imkanlara sahibik. Biz lazım olsa, nəinki 60 min, əlavə bu sayda da şəxsi heyəti cəlb eləmək imkanındayıq”.



Həmsöhbətimizin fikrincə, hərbi təlimlər həm də Ermənistanın yeni müdafiə naziri Vigen Sərkisyanın Qarabağa gəlişinə ciddi cavab sayıla bilər: “İşğalçı Ermənistan son zamanlar hərbi ritorikanı artırıb. Azərbaycan ordusunun çox böyük miqyaslı hərbi təlimləri, Ali Baş Komandan İlham Əliyevin Lələtəpəyə gedib oradan verdiyi açıqlamalar Azərbaycanın işğalçı ölkənin hərbi ritorikasından, hədələrindən çəkinmədiyini də nümayiş etdirir. Azərbaycan ordusunun hərbi təlimləri və Ali Baş Komandan İlham Əliyevin xəbərdarlığı bəlkə də Ermənistana, vasitəçilərə sonuncu xəbərdarlıqdır. Bu hərbi təlimlərin ilk günündən və ölkə başçısının arxayınlıq üçün əsaslar verən açıqlamalarından bir daha əminlik yarandı ki, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Bu da son nəticədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına gətirib çıxaracaq. Buna köklənmək lazımdır. Hər birimiz yeni döyüşlərə hazır olmalıyıq”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi