“Xəmsə” restoranının sahibi Mürvət Həsənli ilə vəkil Aslan İsmayılovun çəkişməsi böyüyür
Ulus.Az-ın əldə etdiyi məlumata görə, iş adamı tanınmış hüquqşünası məhkəməyə verib.
Buna səbəb vəkilin səsləndirdiyi ittihamlar və MTN generalı Akif Çovdarovla əlaqəsinin olması barədə söylədikləridir. M.Həsənli tələb edir ki, məhkəmədə vəkil hüquqi müstəvidə dediklərini əsaslandırsın.
Azərbaycanın quşçuluq müəssisələrinə damazlıq yumurta, cücə və toyuq əti satmış Türkiyənin “Emre Piliç” şirkəti ilə bağlı məsələ medianın gündəmindən çıxmayıb.
Qalmaqalı böyüdən şirkətin rəsmi səhmdarları arasında 2 erməninin olmasıdır. Lakin vəkil Aslan İsmayılov məhz səhmdarları arasında ermənilərin olduğu bir şirkəti müdafiə edir.
Maraqlıdır ki, azərbaycanlı iş adamı M.Həsənli həqiqətən də yarıerməni şirkətinə olan borcunu ödəyə bilmir. Bəs, erməninin vəkilliyini niyə Aslan İsmayılov edir?
Mətbuatda gedən xəbərlərə görə, A.İsmayılovun bu iş üçün 200 min dollar qonorar alıb. Beləliklə, paradoksal vəziyyətdir:
Azərbaycanlı iş adamı erməni şərikliyi olan quşçuluq firması ilə məsələdən agah olan kimi əməkdaşlığı dayandırır, azərbaycanlı vəkil isə erməni səhmdarları olan şirkəti bu günə kimi müdafiə edir.
Ulus.Az qeyd edir ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən müraciət ünvanlanıb.
Müraciət Qərbi Azərbaycandan olan milyonlarla soydaşımızın heysiyyatını təhqir edən türkiyəli iş adamının bəyanatı ilə bağlıdır.
“EmrePiliç” şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oral və vəkili İsmayılov Aslan keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir edib.
Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf edib.
Lakin onların İstanbul doğumlu olduğu üçün türk olduğunu, ticari mübahisəsi olduğu Azərbaycan iş adamının - Həsənli Mürvət Tapdıq oğlunun isə Ermənistan (Qərbi Azərbaycan) doğumlu olduğu üçün erməni olduğunu söyləmiş, bununla kifayətlənməyərək, bu fikrini üç dəfə təkrar etmişdir ki: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”
2008-ci ildən Azərbaycanda ticarət qurub, uzun illər boyu buradan milyonlarla pul qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları olan Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan, təhqir etməkdən başqa bir şey deyil.