Azərbaycanlı milyarderdən alınan otel yenidən satılacaq
Lüks otel satılaraq AST Telmanın banka olan borcları ödəniləcək.
Azərbaycanlı milyarderdən alınan dünyanın ən lüks otellərindən biri hesab edilən "Mardan Palace" yenidən satışa çıxarılacaq. Telman İsmayılovun inşa etdirdiyi milyard dollarlıq otel iş adamının borcları müqabilində dəyərindən dəfələrlə ucuz qiymətə ötən ilin noyabr ayında satışa çıxarılmışdı. 719 milyon lirəyə (təqribən 257 milyon dollar) satışa çıxarılan oteli 360 milyon lirə (129 milyon dollar) müqabilində "Mardan Palace" "Halkbank"a satılmışdı.
Ancaq hərracın ləğvi üçün "Mardan Palace"nin nəzdnində olduğu AST İnşaat şirkəti məhkəməyə müraciət etmişdi.
Lüks otellə bağlı məhkəmə işi davam etdiyi müddətdə məsələ Türkiyənin parlamentinə çıxarılıb. Türkiyə Böyük Millətlər Məclisində müzakirə olunan lüks otelin vəziyyəti ilə bağlı Cümhuriyyət Xalq Partiyası (CHP) Adana millət vəkili Elif Doğan Türkmen tərəfindən hökumətə sorğu göndərilib. Sorğunu cavablandıran Şimşək otelin zərərdə olduğunu, aktiv şəkildə işlədilmədiyini və ictimai bir bankın əli ilə işlədilməsinin düzgün olmadığını deyib. Bu səbəbdən də otel satılaraq Telman İsmayılovun banka olan borcları ödənəcək.
Otelin satışı uzun müddətdir gündəmdə olan məsələ olub. Ötən ilin yayında bu möhtəşəm otelin hərraca çıxarılacağı barədə xəbərlər yayılmışdı. Lakin Telman İsmayılov (AST) icra idarəsinə olan 100 milyon dollarlıq borcu ödəyəcəyini bildirib. Milyarderin bu öhdəliyi qəbul etməsi ilə otelin satışı dayandırılıb. T.İsmayılovun borcunun 68 milyon dollar civarında olduğu bildirilirdi. İş adamı 100 milyon dollarlıq borcunu 4 il ərzində illik 25 milyon dollar olaraq ödəyəcəkdi.
İş adamından borcunu ala bilməyən "Halkbank" rəsmi orqanlara müraciət edərək haqqını tələb edib. Nəticədə icra iş adamının otelini hərraca çıxarmaq haqqında qərar qəbul edilib. Ancaq otelin satışına razılıq verməyən Azərbaycan əsilli iş adamı rəsmi olaraq borcu ödəyəcəyini bildirib.
Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı.
Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.