Maliyyə böhranının dünyanı ağuşuna aldığı dövrdə, iqtisadiyyatı zəif olan əksər ölkələr kimi Azərbaycan da ciddi problemlərlə üz-üzədir. Neftin qiymətləri bir neçə illə müaqayisədə iki dəfədən artıq azalıb, ölkədə ciddi valyuta böhranı var, enerejinin, ərzaq məhsullarının və digər maaların qiyməti günü-gündən artır. Bir sözlə böhran getdikcə dərinləşir.
Ölkəni böhrandan çıxaracaq addımların isə effekti yoxdur. Səbəb çox sadədir. Bütün ölkəni ağuşuna almış monopoliya və inhisarçılıq milli iqtisadiyyatın inkişafına mane olur, yerli və xarici investorların ölkədən qaçması ilə nəticələnir.
Hər kəsə məlumdur ki, ölkədə qiymətlərin qalxmasının və böhranın əsas səbəblərindən biri monopoliyadır. Məmur-oliqarxlar əksər sahələri öz nəzarətləri altında saxlayır ki, bu da süni qiymət artımına səbəb olur və böhranın günü-gündən dərinləşməsi ilə nəticələnir.
Monopoliya dedikdə göz önünə gələn əsas qurumlardan biri və bəlkə də birincisi "Trans Broker" MMC-dir. Bütün gömrük sistemini nəzarətində saxlayan bu MMC süni qiymət artımının əsas səbəbkarlarından biridir. Mediada yazılanlara, xaricdən məhsul idxal edən və ölkədən ixrac edən sahibkarların açıqlamalarına istinad edərək deyə bilərik ki, Əbülfəz Məlikovun başçılıq etdiyi "Trans Broker" MMC böhranın bu səviyyəyə çatmasının əsas səbəbkarıdır.
Bu günə qədər bu qurumla bağlı mətbuatda minlərlə yazı yazılıb, baş verən özbaşınalıqlarla bağlı çox sayda faktlar üzə çıxarılıb. Prezident İlham Əliyev də keçirdiyi müşavirələrdə, vətəndaşlarla görüşlərdə dəfələrlə məmurlara sahibkarlara mane olmamağı tapşırıb və bunu edənlərin sərt şəkildə cəzalandırılacağını bildirib. Lakin oliqarx-məmurlar tərəfindən himayə olunan Əbülfəz Məlikov və "Trans Broker" MMC-nin qarşısını heç kim almır. Daha doğrusu almaq istəmir. Belə olmasaydı, "Trans Broker"in gömrükdəki özbaşınalıqlarına dur deyən olardı...
Bəs nə baş verir? Monopoliya böhranın dərinləşməsinə və qiymətlərin artasına hansı təsirləri göstərir? Bununla bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Qadir İbrahimli də monopolistlərin bazara birbaşa nəzarət etdiyini bildirir:
"Sözsüz ki, qiymət artımında monopoliyanın da öz təsiri var. Monopoliya təsiri iki qrupa bölünür. Birincisi, istehsal monopoliyalarıdır. Daxildə istehsalı məhdudlaşdırmaqla iş yerləri azaldılır, bazar bir və ya bir neçə şirkətin nəzarətinə keçir. Bu da nəticədə həmin şirkətlər tərəfindən bazarda qiymətlərin idarə olunmasına gətirib çıxarır. Eyni zamanda idxal monopoliyaları var. İdxal monopoliyaları son bir ildə xeyli zəifləyib. Ancaq müəyyən idxalçılar imtiyazlı hüquqlara sahibdirlər. Və son nəticədə bu şirkətlər qiymətlərin artmasında maraqlıdırlar".
Bəs monopoliyada "Trans Broker" MMC-nin rolu nə qədərdir? Ekspert bildirir ki, bütün dünyada fərqli sistem hökm sürsə də, Azərbaycanda "Trans Broker" özü böyük monopoliyadır:
"Trans Broker"in monopoliyada rolu normalda olmamalıdır. Brokerlərin əsas funksiyası müştəri və gömrük brokeri arasında münasibətlər müqavilə əsasında qurulur. Belə müqavilədə müştəri gömrük brokerinə öz adından, lakin müştərinin hesabına malların gömrük rəsmiləşdirilməsi üzrə bir və ya bir neçə əməliyyatların həyata keçirilməsini tapşırır. Asan dillə desək, ölkəyə mal gətirən iş adamı vaxt itkisinə yol verməmək üçün sənədləşdirmə işini brokerlərə həvalə edir. Brokerlər də öz növbəsində bu işi icra edir. Bütün dünyada bu brokerlərin üzərinə düşən missiyadır. Ancaq Azərbaycanda brokerlərə daha böyük "səlahiyyət” verilib. Ötən ilin yanvar ayınadək borkerlər "səlahiyyət” baxımından gömrükdən üstün idilər. Ötən ilin yanvarından brokerlərin səlahiyyətləri məhdudlaşdırılsa da, ancaq hər halda könüllü qruplara sahibdirlər. Brokerlər özləri də eyni zamanda idxalçıdırlar, böyük idxalla məşğuldurlar. Konkret olaraq, "Trans Broker" MMCnin rəhbəri Əbülfəz Məlikovun Azərbaycanda böyük bir biznesə sahib olması ilə bağlı məlumatlar var. Bu biznes kərə yağlarının ölkəyə idxalı ilə bağlıdır. Azərbaycana kərə yağlarının gətirilməsi və satışı brokerlərin monopoliyasındadır. Eyni zamanda avtomobillərin ehtiyat hissələrinin idxalı və satışı da brokerlərin nəzarətindədir. Bu bir anormallıqdır ki, broker həm özü mal idxal edir, monopoliya ilə məşğul olur, həm də iş adamlarının sənədləşdirmə işini aparır".
Bu şirkətlə bağşı mətbuatda saysız-hesabsız tənqidlər yazılar dərc olunur, iş adamlarının çox sayda şikayətləri var. Bu şikayətlərin mətbuatda işıqlandırılanlarından da artığı dövlət qurumlarına ünvanlanır. Bəs niyə bu qurumla bağlı araşdırma aparmaq, tədbir görmək heç kimin yadına düşmür? Qadir İbrahimlinin fikrincə, brokerlər "gizli əl" tərəfindən himayə olunur:
"Brokerlərlə bağlı bir neçə dəfə araşdırma aparılıb. Ancaq hansısa "güclü əl" borkerləri müdəfiə edir. Konkret deyə bilmərəm ki, kimlər tərəfindən müdafiə olunur. Məndə olan məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. İndi də araşdırmalar davam etdirilir. Məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən qızıl qaçaqlmalçılığının qarşısı alınıb. Bu işlə məşğul olan gömrük işçiləri işdən çıxarılıb. Araşdırmalar aparılır, ancaq hələ də problemlər qalmaqdadır. Konkret demək çətindir ki, brokerləri kim himayə edir. Ancaq hər halda bu qüvvələr kifayət qədər güclü qüvvələrdir. Və bu qüvvələr hökumətin siyasətinə təsir etmə gücündə olan qüvvələrdir. Burada kifayət qədər böyük pullardan söhbət gedir.