Ermənistan israrla danışıqlardan imtina edir
Xankəndindən eşidilən sülh mesajı niyə dərhal boğuldu?
İşğalçı Ermənistanın rəhbərliyi nəinki prezidentlər, hətta xarici işlər nazirləri səviyyəsində görüşə razılıq verməməklə faktiki olaraq hərb yolunu seçdiyini nümayiş etdirdi.
Serj Sərkisyanın hərbi geyimdə bugünlərdə Dağlıq Qarabağa, oradan da təmas xəttindəki Talış kəndi istiqamətindəki mövqelərə gəlməsi, geri dönəndən sonra isə “Dağlıq Qarabağ münaqişəsinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır” deməsi növbəti savaş hazırlıqlarının anonsu kimi də qəbul olunur. Bunun ardınca işğalçı ordu Ağdamın işğal altındakı ərazilərində hərbi təlimlər keçirdi.
Bütün bunlar isə Azərbaycanın sülh danışıqlarına hazır olduğunu, Dağlıq Qarabağa muxtar respublika statusunu vəd etməsi, üstəlik, “xalq diplomatiyası” təşəbbüslərinə dəstək verməsinin qarşılığında baş verir. Bir müddət əvvəl Bakıya gələn bir qrup erməni fəal azərbaycanlı həmkarları ilə birlikdə “sülh platforması” elan edib, hər iki münaqişə tərəfinə sülh mesajı ünvanlayıblar. İlk dəfə Xankəndindən gələn sülh təşəbbüsünü Ermənistan beşikdəcə boğdu.
Belə ki, Xankəndindən olan gənc yazıçı Lusine Nersisyan virtualaz.org-a müsahibəsində Ermənistan və Azərbaycan arasındakı “sülh platforması”nı təqdir edəndən dərhal sonra Ermənistan xüsusi xidmət orqanlarının işğalçı Dağlıq Qarabağ rejimində fəaliyyət göstərən şöbəsi tərəfindən həbs edilib. “Mən ümumiyyətlə, bütün müharibələrin qəti əleyhinəyəm. Hansı gözəl ideyalarla izah olunursa olunsun. Bu gün dünya o qədər irəli gedib ki, düşünürəm, istək olarsa, bütün münaqişələr sülh yolu ilə həll edilə bilər. Qarabağ müharibəsi isə faktiki olaraq, Ermənistanın özgə torpaqlarını işğal etməsinə gətirib çıxardı və bütün sahələrdəki inkişafı dayandırdı. Hamı əziyyət çəkir, ilk növbədə isə bu müharibədən cana doymuş xalq. Aprel döyüşləri zamanı çox şey bəlli oldu, ilk növbədə hakimiyyətin öz xalqına necə münasibət bəsləməsi göründü. Xalqı qurbanlıq kimi top qarşısına göndərirdilər”- Lusine Nersisyan müsahibəsində demişdi. Erməni yazıçı Ermənistan ordusunu da ifşa edib: “Nəyə görəsə cəbhədə əsgərlərə silah çatışmırdı, hətta güllə də yox idi, amma yayda İrəvanda polis alayı zəbt ediləndə, birdən-birə məlum oldu ki, ölkədə silah istədiyin qədərdir. Hardansa xüsusi texnika peyda oldu və başqa bir çox şeylər də həmçinin. Buradan yalnız bir nəticə çıxır: bütün bu silahları saxlayırlar ki, lazım olanda bizə, öz xalqına qarşı istifadə etsinlər”.
Bu kimi fikirlər Ermənistanda dəfələrlə dilə gətirilib. Ancaq hakimiyyət onların tənqidlərinə dözümlü yanaşıb. Qarabağ ermənilərinin isə hansısa formada Azərbaycana yönəlik mesajlarını İrəvan birmənalı şəkildə istisna edir və sərt yanaşır. Azərbaycan hakimiyyəti dəfələrlə Qarabağ ermənilərinə normal, təhlükəsiz yaşayış vəd edib, hətta Bakıda yaşayan 30 min ermənini onlar üçün nümunə gətirib. Ancaq Qarabağ erməniləri terrorçu rejimin təhdidləri səbəbindən səslərini qaldıra bilməyiblər. Həm də yaxın tarixdə baş verənlər onları tərəddüddə qoyub. Ermənistan hakimiyyəti və separatçı rejim Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasını mümkün saymır. Hətta Sərkisyan iddia etmişdi ki, dünya yığılsa da, Qarabağ ermənilərini birgəyaşayışa inandıra bilməz. 7 rayonun azadlığını da İrəvan Dağlıq Qarabağın “təhlükəsizlik zolağı” olması səbəbindən azad etməkdən imtina edir. Yəni Qarabağ ermənilərinin Azərbaycana yönəlik müsbət mesajları işğalçı ölkənin bütün kursunu alt-üst etdiyi üçün belə meyllərin dərhal qarşısını almağa çalışırlar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan ona görə sülh istəmir ki, bunun üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq lazımdır: “Sərkisyan isə buna hazır deyil. Hələ 1998-ci ildə Sərkisyan daxili işlər və milli təhlükəsizlik naziri işləyəndə mən eyni sualı İrəvanda ona verdim. Sözünün canı bu oldu ki, Azərbaycan torpaqlarını işğal etmək üçün ”böyük əmək" sərf ediblər və Azərbaycandan “istədiklərini” almadan sülh sazişinə imza atmayacaqlar. Bəlkə Ermənistanda prezident və baş nazir Ermənistan doğumlu olsa, vəziyyət fərqli olardı. Qarşımızda Levon Ter-Petrosyan örnəyi var. Düzdür, məhz onun prezidentliyi dövründə Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu. Ancaq Levon Ter-Petrosyan istəsəydi belə, Sərkisyanın, Köçəryanın və onların Rusiyadakı havadarlarının işğal planına mane ola bilməzdi. Şuşanın işğalı əslində Levon Ter-Petrosyana zərbə idi. Tehranda saziş imzalayır, sənədin mürəkkəbi qurumamış separatçılar Şuşaya basqın edirlər. Azərbaycan torpaqlarının işğal altında qalmasının Ermənistan üçün ağır nəticələri olacağını ilk anlayan elə Levon Ter-Petrosyan oldu, “mərhələli həll” planına razılaşdı və dərhal da onu devirdilər". E.Şahinoğlunun fikrincə, ona görə də nə qədər ki, Ermənistanda hakimiyyətdə Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edən, qətliamlar tərədən şəxslər yer alıb, Ermənistanla masa arxasında sülhə nail olmaq mümkün deyil: “Belələri ilə ancaq güc dili ilə danışmaq lazımdır”.
Politoloq “sülh platforması”na qoşulan erməni yazıçının həbsini səbəbsiz saymır: “Erməni və azərbaycanlı fəalların ”sülh platforması" yaratması İrəvanın yuxusunu pozub. Çünki ermənilər arasında Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana aid olduğunu bildirən ermənilərin sayı az da olsa, artır. Ona görə də Ermənistan hakimiyyəti repressiya aparatını işə salıb. Azərbaycanla sülh istəyən erməniləri həbs etməyə başlayıb. Nəticədə Azərbaycanla sülhə çağıran ermənilər Ermənistanı tərk edərək başqa ölkələrdə sığınacaq tapırlar. Hadisələrin bu istiqamətdə inkişafı xeyrimizədir. Məsələn, Ermənistandan gələn jurnalist hazırda Bakıda haqqın.az saytında fəaliyyət göstərir. Həmin jurnalist “sülh platforması”nın üzvü olaraq Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Xocalı abidəsi qarşısında baş əyib. Məgər biz demirikmi ki, Azərbaycan qanunlarını qəbul edən Qarabağ ermənilərini heç bir təhlükə gözləmir, onlar Azərbaycanın tərkibində rahat yaşayacaqlar? Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıyan ermənilərin sayının getdikcə çoxalması Ermənistan hakimiyyətini, o cümlədən erməni lobbisini də çaşdırıb, bu duruma reaksiya verə bilmirlər. Onlar gözləmirdilər ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həmyerliləri olsun. Ona görə də “erməni jurnalist Azərbaycandan rədd olsun” şüarını yanlış və zərərli hesab edirəm. Həmin erməninin Bakıdan qovulması Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın çörəyinə yağ sürtmək, onun arqumentini gücləndirmək deməkdir. Çünki məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, ortada etnik dözümsüzük var. İndi biz əksini sübut etməliyik. Yox, əgər erməni jurnalist Azərbaycandan qovularsa, Köçəryanın dediyi təsdiq olunacaq. Bizə bu lazım deyil. Mən hakimiyyətin xeyir-duası ilə yaradılan “sülh platformasın”da da qəbahətli heç nə görmürəm. Əgər bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsa, bunun nəyi pisdir ki?" (musavat.com)