azia.az
azia.az

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

15-11-2016, 09:25

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı
Düşmən ölkə Azərbaycanı mühakimə etmək üçün beynəlxalq təşkilatlara müraciət etməyə başladı; Zahid Oruc: “Qarabağ cəbhəsində növbəti savaş lokal olmaya bilər...”

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən həftə Füzuli bölgəsinə səfər edərək, aprel ayında ordumuzun düşməndən azad etdiyi Lələtəpə yüksəkliyində əsgər və zabitlərimizlə görüşməsi, işğalçıya və havadarlarına etdiyi xəbərdarlıq təkcə ölkəmizdə deyil, Ermənistanda da ciddi müzakirə mövzudur.

Son aylarda himayədarından “pay” aldığı silah-sursat, raket komplekslərinə görə danışıqlardan imtina yolunu seçən, üstəlik, cəbhəboyu təxribatları yenidən artıran işğalçı Azərbaycan prezidentinin xəbərdarlıqlarının ardınca ənənəvi hay-küy şousuna başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan beynəlxalq birliyə müraciət edərək cəbhə zonasında eskalasiyaya yol verməməyə çağırıb. Ehtiyatda olan general-mayor Vardan Avetisyan isə qeyri-nizami dəstələrin komandirlərini bütün könüllü gücləri səfərbər etməyə çağırış edib. Erməni saytları Azərbaycan prezidentinin cəbhə zonasına kamuflyajda gəlməzdən öncə ABŞ-ın yeni lideri D.Trampa yazdığı təbrik məktubunda Azərbaycanın 20% işğal olunmuş ərazisi, BMT-nin 4 qətnaməsinin icra olunmamasına diqqət çəkməsini xatırladıb.

Qeyd edək ki, Azərbaycan prezidenti Lələtəpədəki çıxışında ölkəmizin son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika aldığını xatırlatmaqla, “əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq” - xəbərdarlığı növbəti döyüşlərin anonsu kimi dəyərləndirilir. Prezidentin Lələtəpədən düşmənə və beynəlxalq aləmə çağırış etdiyi saatlarda isə Silahlı Qüvvələrimizin 60 min nəfərlik şəxsi heyəti, döyüş texnikalarının iştirakı ilə irimiqyaslı hərbi təlimlərə başlayıb.



Bu arada prezident Vladimir Putin Rusiya və Ermənistanın birləşmiş ordu qrupunun yaradılması barədə saziş bağlanmasına sərəncam verib. Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyinin iştirakı ilə Ermənistanla müzakirə aparmaq və razılıq əldə olunacağı təqdirdə sazişi imzalamaq tapşırılıb. Görünür, Lələtəpə xəbərdarlığından sonra İrəvanın növbəti dəfə həyəcanlanması Kremli bəzi addımlara vadar edib.

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, aprel döyüşlərindən sonra yeni təmas xətti yaranıb: “Ermənistanın son 6 ayda həyata keçirdiyi diplomatik və hərbi tədbirlərə baxanda düşmənin Azərbaycan əleyhinə hansı əməliyyatlara əl atdığını aydın görmək olur. Sankt-Peterburq görüşü ilə bütün cəbhəyanı bölgəyə müşahidə qrupunun yerləşdirilməsinə və tərəflərin hərbi eskalasiyadan çəkinməsinə dair öhdəlik götürməsinə nail olmayınca, erməni hakimiyyəti Ağdam və ətraf rayonlara yeni texnika və canlı qüvvə gətirməyə başladı. Kəşfiyyat məlumatları ilə bunları müşahidə edən Azərbaycan tərəfi Pakistan və İsraildən aldığı silahlarla Bakının təhlükəsizliyini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini artırdı. Deməli, müharibə başlayacağı təqdirdə strateji nöqtələrə zərbə endiriləcəyi haqda tam əminlik var. Neft və su mənbələrinə, həmçinin enerji sektoruna gözlənilən təhlükəni neytrallaşdırmaqla arxa cəbhədə dayanıqlığa nail olan olmağa çalışan Azərbaycan prezidenti məhz ön cəbhəyə gedərək, Lələtəpədən növbəti çağırışlarını etdi. Ali Baş Komandanın hərbi libasda əsgər və zabitlərin yanında olması, döyüş tapşırıqlarına bilavasitə nəzarət etməsi ordumuza mənəvi ruh verməklə bərabər, prezidentin böyük planlarını təyin etməyə imkan verdi”.



Z.Oruc hesab edir ki, hazırki beynəlxalq şərait siyasi vasitələrin yaxın müddətdə işə düşməyəcəyini deməyə imkan verir: “ABŞ-da keçirilən seçkilərin nəticələri Minsk Qrupunun taleyini sual altında qoyur. Belə olan təqdirdə Qarabağ cəbhəsində növbəti savaş aprel toqquşmalarından fərqli olaraq, lokal olmaya bilər. Əgər qırıcı təyyarələr və helikopterlər tankları müşayiət edirsə, deməli, çox mürəkkəb coğrafiyalarda müharibəyə hazırlıq gedir. Kəlbəcər, Laçın, Ağdərə və digər cəbhəyanı zonalarda, dağlarda və çökəklik ərazilərdə hərbi əməliyyatları yerinə yetirmək üçün ordu qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Razılaşın ki, həmin relyefləri-strateji yüksəklikləri çox asanlıqla əldən verdiyimiz halda, indi yalnız ”Smerç" raketləri, yaxud T-90 tankları ilə onları geri qaytarmaq mümkün deyil. Havadan hücumsa, mülki insanları canlı şitə çevirən ermənilərin kütləvi qırğın səhnələri yaratmasının yeganə yoludur. Ona görə də qarşı tərəf dünəndən başlayaraq, Azərbaycanı mühakimə etmək üçün beynəlxalq təşkilatlara müraciət etməyə başlayıb. Hər halda, Lələtəpədən Ali Baş Komandanın baxdığı hərbi nöqtələrdə atəşkəsin pozulacağı təqdirdə daha böyük toqquşmalar qaçılmaz olacaq. Bu arada Ermənistan hakimiyyəti sürətlə silahlanma yarışına getməklə xalqın sosial vəziyyətini daha da ağırlaşdıraraq siyasi böhranı bir az da yaxınlaşdırır. Bizə də elə bu lazımdır".

Deputat Kremllə İrəvan arasındakı növbəti hərbi razılaşmaya fərqli prizmadan yanaşır: “1 milyondan artıq ordu qüvvəsinə malik Rusiyanın zəif bir dövlətin hərbi imkanlarına ehtiyac duyması absurd görünərdi. Lakin Ermənistan aprel döyüşlərindən sonra anti-Putin və anti-Rusiya mitinqləri ilə Moskvanın tam himayəsini qazanmaq istəyirdi. İndi qeyd etdiyiniz birləşmələrin sayı, qoşun növü, hərbi bazası bəlli olmadan onu rusların gəlib Qarabağda Azərbaycana qarşı döyüşəcəyi kimi qələmə vermək qarşı tərəfin avantürasıdır. Məqsəd Moskva-Bakı arasında yüksək siyasi-hərbi əlaqələrinə zərbə vurmaqdır. Ruslar ikinci dəfə ermənilər əvəzindən başqa torpaqlarda vuruşub işğalçılıq müharibəsində iştirak etməyəcəklər. Lakin vahid hərbi birləşmələr NATO-nun Gürcüstanda həyata keçirdiyi tədbirlərə, cənub cinahının Türkiyədən qorunmasına və Yaxın Şərqdən gələn təhlükələrə qarşı cavab reaksiyasıdır. Azərbaycan Türkiyə ilə demək olar ki, vahid ordu qüvvələri halına gəlib. Ümidvarıq ki, Rusiya siyasi rəhbərliyi ermənilərin son addımdan ölkəmiz əleyhinə canfəşanlıqla istifadəsini yaxşı görürlər. Dünənə kimi Gümrüdəki bazanı ”işğalçı qüvvə" adlandıranlar indi sanki əsrin əvvələrindəki bolşeviklərin xilas ordusunu qarşılayırlar. Azərbaycan Rusiya ilə səngərdə üz-üzə deyil və Sərkisyanın avantürası onu xilas edə bilməyəcək".



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti var: “Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növ Azərbaycana açıq verirdilər ki, ”bu kənd bizim nəzarətimizdədir". İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış kəndinin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu. İkincisi, İlham Əliyevin səfərə hərbi formada çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə, elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz. Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Üçüncüsü, İlham Əliyevin vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa Lələtəpədə verdiyi konkret açıqlamalar da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür".

Ekspert şübhə etmir ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək: “Prezidentin ”Şuşa və Xankəndi də Azərbaycandır" sözləri isə ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var. Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyyətli mesajlardan biri bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi ittifaqına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz. Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu, heç Rusiyanın da maraqlarına cavab vermir".

Ekspertin fikrincə, Putinin Ermənistanla birgə qoşun yaradılması barədə sənədi imzalaması təsadüf də ola bilər, mesaj da...



Lakin eyni zamanda növbəti “təsadüf”ün olması inandırıcı görünmür. Belə ki, Rusiya Ermənistana 6 ədəd “Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A (“Solnçepyok”) ağır odpüskürmə sistemi verəcək. (axar.az) Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında bildirilir ki, Ermənistan bu “Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, “Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan “Tiqr” tankları və “İqla-S” zenit-raket kompleksləri də alacaq.

Moskva Azərbaycana silah satdığına görə şivən qoparan işğalçı nədənsə bu faktların üstündən sükutla keçir. Rusiya prezidentinin son qərarı və Ermənistana göndəriləcək silahlarla bağlı məlumat şübhə yoxdur ki, panik vəziyyətdə olan Ermənistanı sakitləşdirmək niyyəti daşıyır. Moskva Ermənistanda yenidən anti-Rusiya aksiyalarının başlanmasını istəmədiyi üçün ermənilərə təskinlik verir.

Amma şübhə yoxdur ki, bununla Kreml Bakını növbəti silah və hərbi texnika almaq üçün hərəkətə keçməyə də sövq edir. Necə ki, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov ötən həftə buna eyham vuran açıqlama vermişdi. Dekabr ayında isə bu mövzuda müzakirələrə məsul şəxslərdən biri, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi