Qarabağ üçün yeni şans pəncərəsi – Qərbdən yox, Şərqdən!
Rus-türk anlaşması: Suriyadan sonra Qarabağ...İki regional gücün dünyanın ən böhranlı məsələsində gözlənilən əməkdaşlığı Güney Qafqaza da inikas edə, bölgənin ən “yaşlı” probleminin həllinə yol aça bilər; Putinin danışmanı: “Qarabağ nizamlanmasında Türkiyəyə böyük rol ayrılıb...”
Artıq əminliklə söyləmək olar ki, Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşü iki ölkə münasibətləri tarixində yeni bir səhifə açıb. Bir sıra Qərb analitikləri hətta təəccüblə qeyd edirlər ki, münasibətlər 24 noyabr təyyarə insidentində kimi olan səviyyədən də yüksəyə qalxmaq potensialı qazanıb.
Böyük ehtimalla, belə də olacaq. Çünki barışdan sonra prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə 15 iyul hərbi çevriliş cəhdi xüsusi rəng qatmışdı - hansı ki cəhdin arxasında ABŞ-ın durduğu haqda ciddi iddialar var. Əksinə, Rusiya prezidenti ilk saatlardan Türkiyənin legitim hakimiyyətinin yanında olmuş, Putin isə şəxsən Ərdoğana dəstək zəngi etmişdi.
Bunun qarşılığı gecikmədi - Türkiyə lideri də “darbe girişimi”ndən sonra ilk xarici səfərini məhz Rusiyaya etdi. Bu, sözsüz ki, bütövlükdə Qərbə açıq bir mesaj idi. Eyni zamanda Moskva-Ankara münasibətlərində həqiqətən də yeni bir dönəmin başladığının anonsu idi.
İki liderin Peterburq danışıqları kifayət qədər uğurlu hesab edilir. Əlbəttə ki, Rusiya ilə Türkiyə arasında bəzi regional məsələlərlə bağlı diametral fikir ayrılığı var. Daha doğrusu, Peterburqda bağlı qapılar arxasında aparılmış 2 saatlıq danışıqlara kimi belə idi. Həmin məsələlərdən biri və birincisi isə Suriya böhranıdır. Ərdoğan və Putin heç şübhəsiz, bu böhranın aradan qaldırılması üçün ortaq əməkdaşlıq imkanlarını ciddi şəkildə müzakirə ediblər.
[img=left]https://scontent-arn2-1.xx.fbcdn.net/v/t34.0-12/14011981_560092464179878_48546637_n.jpg?oh=749eabb2c5d633e015b16e4fab8cd10f&oe=57B0AD35[/img]
Detallar hələ ki açıqlanmır. Ancaq bəzi ümidverici gəlişmələr var. Məsələn, Sankt-Peterburq səfərindən bir gün sonra məlumat yayıldı ki, Türkiyə Suriya ərazisində İŞİD-ə qarşı birgə quru əməliyyatlara başlamaq barədə Rusiyaya sensasion sayılacaq təklif verib. Məlumata görə, rəsmi Moskva təklifi qismən qəbul eləsə də, detallı müzakirə eləmək niyyətindədir.
“Ankara Suriya məsələsində Rusiya ilə fəal əməkdaşlıq eləmək niyyətindədir”.
Bunu isə dünən “Habertürk” telekanalının efirində Türkiyənin müdafiə naziri Fikri İşık bildirib. Onun sözlərinə görə, belə bir anlaşma Sankt-Peterburqda 9 avqust Ərdoğan-Putin görüşü zamanı əldə olunub. “Həmin danışıqlarda ölkələrimiz tərəfindən Suriya mövzusunda birgə işlə bağlı baza yaradılması haqda razılığa gəlinib” - müdafiə naziri qeyd edib.
Analitiklər də aradakı ziddiyyətlərə, ilk növbədə də Bəşər Əsədin taleyi, PKK məsələlərində fikir ayrılığına rəğmən, Suriya böhranının həllində Ankara və Moskvanın kompromis əldə etmə şansını yüksək ehtimallı sayırlar. Onların qənaətincə, bu iki dövlətin Suriya məsələsinə birgə təsiri gerçəkdən, həlledici ola bilər.
Bir şeyə şübhə yox ki, Suriya məsələsində İki regional gücün uğurlu əməkdaşlığı Güney Qafqaza da inikas edə, bölgənin ən “yaşlı” problemi hesab edilən Dağlıq Qarabağ ixtilafının həll yolunun açılmasına mühüm töhfə verərdi. Ən azı ona görə ki, artıq ortada bənzər problemlə bağlı işbirliyi təcrübəsi olacaq. Belə bir qənaətin altını həm də ona görə cızmaq istərdik ki, Moskvadan da Türkiyənin bölgədə artan roluna pozitiv dəyər verildiyi haqda siqnallar daxil olmaqdadır.
“Qarabağ nizamlanmasına dair son intensiv danışıqların gedişində müvəqqəti tarixi kompromis üçün siyasi zəmin formalaşıb və bu prosesdə Türkiyəyə böyük rol ayrılıb”. Musavat.com-un məlumatına görə, bu barədə Rusiyadakı Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, prezident Putinin etibarlı şəxslərindən sayılan Sergey Markov konfliktlə bağlı son danışıqlar prosesini Türkiyə-Rusiya yaxınlaşması fonunda şərh edərkən bildirib.
Onun sözlərinə görə, belə bir kompromis artıq bu il əldə oluna bilər. “Böyük ehtimalla da bu, hələ 2011-ci ildə hazırlanmış, lakin bəzi səbəblərdən işə düşməmiş ”Kazan formulu" əsasında baş tutacaq. Həmin formula əsasən, belə bir mübadilə baş verir: Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana verir - bu rayonlar 7-dir. Başqa yandan, Ermənistan öz ərazisindən keçən tranzit xətlərinə zəmanət alır, həmçinin Ermənistanın və Dağlıq Qarabağın de-blokadasına nail olur. Üçüncü yandan isə həmin rayonların hərbsizləşdirilməsi həyata keçirilir" - Putinin danışmanı deyib.
“Bu danışıqlar Rusiya tərəfdən ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, intensiv şəkildə aparılır. İki digər həmsədr dövlət - ABŞ və Fransa isə öz daxili problemləri ilə bağlı passiv mövqe tutur. Bu dəqiqə onlar Qarabağ hayında deyillər. Türkiyə hələ ki, prosesə aktiv şəkildə cəlb olunmayıb, ancaq anlaşma əldə olunacağı təqdirdə onun iştirakı labüd olacaq. Çünki söhbət Ermənistanın təkcə Azərbaycan tərəfdən deyil, Türkiyə tərəfdən də blokadasının götürülməsindən gedir” - Markov əlavə edib. Onun fikrincə, məhz bu səbəbdən Türkiyə maraqları əldə ediləcək anlaşma çərçivəsində nəzərə alınmalıdır.
***
Beləliklə, bölgənin, hətta dünyanın ən qanlı və böhranlı məsələsi sayılan Suriya məsələsində Türkiyə və Rusiyanın birgə uğurlu, tandem şəklində hərəkəti Qarabağ üçün də şans pəncərəsi aça bilər. (musavat.com)