5 rayonun qaytarılmasına bir neçə saat sonra qərar veriləcək - İddia
Regionda Azərbaycan-Rusiya-İran və Azərbaycan-Rusiya-Türkiyə yaxınlaşması ilə Azərbaycan-Türkiyə-Rusiya-İran birliyi yaranır
Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin bunu “Avrasiya qövsü” kimi qiymətləndirir.
Ən maraqlısı odur ki, Duqin bu qövsə Ermənistanı da əlavə edir. Ermənistanın bu qövsə daxil olması isə heç şübhə yox ki, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
Duqin bu məsələni istisna etmir və bildirir ki, ilkin olaraq Qarabağ ətrafında 5 rayon Azərbaycana qaytarılacaq.
Duqinin bu fikirləri fonunda bu gün Moskvada Putin-Sarkisyan görüşü gündəmə gəlir. Gözləntilərə görə, Putin Moskvada Sarkisyanı münaqişənin həllinə razı salacaq.
Rusiyanın irəli sürdüyü formul belədir: İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı yeddi rayondan beşi ilkin mərhələ olaraq Azərbaycana qaytarılır. Qarabağa aralıq status verilir. Daha sonra iki rayonun qaytarılması məsələsinə baxılır. Qaçqın və məcburi köçkünlərin qayıdışı təmin olunur. Son nəticədə Dağlıq Qarabağın yekun statusu həll edilir.
Ermənistan mediası da bu gün keçiriləcək Sarkisyan-Putin görüşünü ərazilərin qaytarılmasına startın verilməsi kimi qiymətləndirir.
“Lragir” saytı yazır ki, Qarabağ ətrafındakı beş rayon ilkin olaraq qaytarılacaq.
“Rusiya “Avrasiya qövsü”ndə Azərbaycanı körpü olaraq seçib. İki gün öncə Bakıda üçtərəfli görüş keçirildi. Dünən isə Putin Ərdoğanla görüşdü. Onun üç prezidentlə nələri razılaşdırdığı məlum deyil. Lakin bu gün Sarkisyanla görüşdə beş rayonun qaytarılması məsələsini həll etməyə çalışacağı istisna deyil”.
Qeyd edək ki, Putin-Sarkisyan görüşünün günün ikinci yarısı, yaxud axşam saatlarında baş tutacağı gözlənilir.(Publika.az)