Eldar Namazov: “Azərbaycan Ermənistanla sərhəd boyu “təhlükəsizlik zolağı” yaratmalıdır”
Azərbaycan mövqelərinin Ermənistan tərəfdən atəşə tutulması müntəzəm xarakter alıb. Son olaraq Tovuz rayonunun Qaralar kəndində əsgərlərimizə atəş açılıb. Ağdam rayonunun Əliağalı kəndi yaxınlığındakı hərbi hissəmiz isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində məskunlaşmış qanunsuz erməni silahlı dəstələrinin atəşinə məruz qalıb, bir hərbçimiz yaralanıb. Bundan əvvəl Kəlbəcərin Zeylik və İmambinasi kəndləri ərazisindəki Azərbaycan ordusunun mövqeləri atəşə tutulmuşdu.
Haqqin.az saytı Azərbaycan tərəfinin İrəvanın təxribatına qarşı mümkün cavab tədbirləri ilə bağlı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovun fikirlərini öyrənib. Musavat.com müsahibəni təqdim edir.
- Son günlər sərhəddə erməni təxribatları haqda həyəcanlı xəbərlər gəlir. Tovuz və Ağdam istiqamətlərində mövqelərimiz atəşə tutulub. Nə baş verir, yeni bir hərbi qarşıdurmanın astanasındayıqmı?
- Təxribatlar, sərhəddə atışmalar onun nəticəsidir ki, Ermənistan hələ də Azərbaycanla sülhün lehinə qəti seçim etməyib. Təbii ki, növbədənkənar parlament seçkilərinin nəticələri bu xüsusda müəyyən müsbət mesajların olduğunu göstərir. Ancaq illüziyalara qapılmağa da dəyməz. Söhbət Ermənistandakı seçicilərin yalnız 25 faizinin iradəsindən gedir. Özü də bir çox seçici səsi köhnə hakimiyyətin və Qarabağ klanının nümayəndəsi Robert Köçəryanın əleyhinə verilib, nəinki Nikol Paşinyana lehinə. Köçəryan ictimai rəydəki böyük anti-reytinqi ilə Paşinyan üçün ən əlverişli rəqib idi.
Odur ki, unutmayaq, Ermənistanın mövcud hakimiyyəti tərəfindən Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina barədə heç bir açıqlama olmayıb. Erməni tərəfi nə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına, nə də Böyük Sülh Müqaviləsi ilə bağlı danışıqlara razı olub. Həmçinin ölkəmizə qarşı ərazi iddialarını əks etdirən qanunvericilik aktları və qərarları ləğv edilməyib.
Yenə faktlar sadalamaq olar, lakin qeyd olunanlar da vəziyyəti birmənalı qiymətləndirmək üçün yetərlidir: Azərbaycan hər zaman Ermənistanın hərbi təxribatına cavab verməyə hazır olmalıdır. Əslində Azərbaycan Prezidenti bu barədə erməni tərəfinə dəfələrlə xəbərdarlıq edib. Özü də təkcə sözdə yox: müharibədən sonra ölkəmizin müdafiəsinə ayrılan büdcənin həcmi daha da artıb, silahlı qüvvələrin tərkibi də artıb, İkinci Qarabağ müharibəsinin nəticələri nəzərə alınaraq, ordumuzun yenidən quruluması prosesi davam edir, azad edilmiş ərazilərdə və sərhəd boyu geniş miqyasda kommunikasiyaların, yeni hərbi bazaların və sərhəd zastavalarının inşası aparılır. Bu, belə söyləməyə əsas verir ki, ölkə rəhbərliyi baş verən prosesləri olduqca real qiymətləndirir və adekvat addımlar atır.
- Bəzi ekspertlər 3-cü Qarabağ müharibəsini istisna etmirlər...
- Əvvəla, yaxın gələcəkdə Ermənistanın nə hərbi-texniki, nə iqtisadi, nə də demoqrafik planda Azərbaycanı təzədən hərbi təhdid etməyə imkan verəcək potensial formalaşdırmaq imkanı olmayacaq. Ancaq əvvəlki illərin təcrübəsindən bilirik ki, ermənilərə uşaqlıqdan - ailədə, məktəbdə aşılanan türkofobiya, Azərbaycan torpaqlarına ərazi iddiaları ideyaları və guya dünya geosiyasətində ermənilərin xüsusi “önəmi” barədə açıq-aşkar şişirdilmiş, qeyri-real fikirlər onları daim səfeh avantüralara sövq edir - bəzən həm də üçüncü tərəfin təhrik ilə. Ona görə biz qonşu ölkədə gedən prosesləri çox diqqətlə izləməli və vaxtında adekvat, önləyici addımlar atmalıyıq ki, atışmaların təzədən başladığı sərhədyanı bölgələrdə yaşayan dinc sakinlərimizi, dövlət sərhədlərimizi qorumağa hazır olaq.
- Hansı önləyici tədbirləri nəzərdə tutursunuz?
- Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bütün illərində erməni tərəfi informasiya-diplomatik məkanda Qarabağın dağlıq hissəsi ətrafında işğal edilmiş 7 rayonu nəzərdə tutaraq ,“təhlükəsizlik zolağı” anlayışından məqsədyönlü şəkildə istifadə edib. Əlbəttə ki, bu anlayışın mütəmadi xatırladılması riyakar xarakter daşıyırdı və ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycan ərazilərinin işğalı faktına haqq qazandırmaq niyyəti güdürdü. Axı Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmürdü, onun torpaqlarını ələ keçirməyə çalışmırdı. O Ermənistan idi ki, ərazilərimizi ələ keçirmiş, sonra da onun bir hissəsini “təhlükəsizlik zolağı” elan etmişdi. Bax, biz də bu gün Ermənistanla sərhəd boyu “təhlükəsizlik zolağı” yaratmaq barədə ciddi şəkildə düşünməliyik.
Eldar Namazovun hazırladığı “təhlükəsizlik zolağı” xəritəsi
Bu məsələni görməzlikdən gəlməmək üçün olduqca çox səbəb və arqumentlər yığılıb. Birincisi, beynəlxalq səviyyədə qəbul edilmiş gerçək budur ki, Ermənistan uzun müddət yad torpaqları işğalda saxlayıb və BMT Təhlükəsizlik Şurasının tələblərinə baxmayaraq onları azad etməkdən imtina edib. İkincisi, Azərbaycana qarşı ərazi iddiaları Ermənistanın konstitusiyasında, qanunvericilik aktlarında, hökumət qərarlarında əksini tapıb və heç kim onları belə görünür ki, ləğv etməyə hazırlaşmır. Üçüncüsü, Ermənistan bu günədək Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımaqdan imtina edir. Nəhayət, dördüncüsü, Ermənistan sərhəd bölgələrimizi atəşə tutmağa davam edir və yuxarıda qeyd etdiyim kimi, bu ölkədə revanşizm ideyaları hələ də kifayət qədər güclüdür və ölkəni yeni avantüralara sövq edə bilər.
Odur ki, fikrimcə, əgər Ermənistanda proseslər qorxulu ssenari üzrə inkişaf edərsə və sərhədlərimiz üçün, sərhədyanı bölgələrimizin sakinləri üçün real təhlükə yaranarsa, Azərbaycan “təhlükəsizlik zolağı” tətbiq etməyə hazır olmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycana hərbi hücumlar təkcə Qarabağda deyil, həm də bütün sərhədimiz boyu baş verib və verir. Nümunə kimi 2020-ci ilin iyulunda Tovuza edilən hücumları göstərmək olar. Həmçinin Qazaxın 7 kəndinin, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin hələ də işğal altında olmasını nəzərə alsaq, “təhlükəsizlik zolağı” sadəcə, qaçılmazdır. Və bu “zolaq” Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğunu və Ermənistan dərinliyində təxminən 30 kilometr ərazini əhatə etməlidir.
Yalnız bu yolla biz sərhədlərimizi və sərhədyanı bölgələrimizin sakinlərini Ermənistanın taktiki artilleriya sistemləri tərəfindən atəşə tutulmasından qoruya bilərik. Mənim təxminlərimə görə, “təhlükəsizlik zolağı”nın hüdudları Qazax hissəsindəki Alaverdi yaşayış məntəqələri xətti boyunca, Karvansaraydan (İcevan), Dilican bölgəsi, ardınca Göyçə (Sevan) gölünün orta xətti boyunca, daha sonra Qırxbulaq (Akunk), Böyük Vedidən (Naxçıvan hissəsində) keçməklə və dar zolaq olması səbəbi ilə bütünlüklə Qərbi Zəngəzuru əhatə etməlidir. Sxemi Mərkəzimizin hazırladığı xəritədə izləmək olar.