XİN: Ermənistan başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır
Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Ermənistan Respublikasının hökuməti cari ilin 5 mayında keçiriləcək iclasında "Dağlıq Qarabağın müstəqilliyinin tanınması" adlandırılan qanun layihəsini nəzərdən keçirmək niyyətindədir.
Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, müzakirələrin nəticələrindən asılı olmayaraq, Ermənistan bu cür təxribatçı əməli ilə beynəlxalq hüququn norma və prinsipləri, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq sənəd və qərarlarını növbəti dəfə kobud şəkildə pozmuş olur: "Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu birmənalı olaraq təsdiq edib və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib".
XİN rəsmisi qeyd edib ki, mütəmadi olaraq təxribatçı əməllər həyata keçirməklə, o cümlədən atəşkəs rejimini pozmaqla, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti və iki ölkənin sərhədi boyunca Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla Ermənistan vəziyyətin dondurulması və danışıqlar prosesində hər hansı irəliləyişin əldə edilməsinin qarşısının alınmasına nail olmaq məqsədi güdür: "Öz silahlı təxribatlarına sarsıdıcı cavab alan, Azərbaycanın hərbi sahədə artan gücünə tab gətirmək və status-kvonun saxlanmasını davam etdirmək qabiliyyətində olmadığını dərk edən Ermənistan rəhbərliyi öz məsuliyyətsiz hərəkətlərinin nəticələri haqqında düşünmədən vəziyyətin siyasi partlayışına və münaqişənin sülh yolu ilə həllinin pozulmasının hazırlığına başlayıb. Ermənistan tərəfi başa düşür ki, münaqişənin həlli prosesində işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi qaçılmazdır".
H.Hacıyev deyib: "Bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır: "Əgər məhdud xudbin məqsədlər sağlam düşüncədən üstün olarsa və bu təxribat həyata keçirilərsə, bunun nəticələri ilə bağlı bütün məsuliyyət Ermənistan və onun rəhbərliyinin üzərinə düşəcəkdir".