Azərbaycanla sülh müqaviləsi olmasa, Ermənistan olmayacaq
İrəvan üçün kritik seçim anı; kapitulyasiya edən ölkə bir daha müharibə haqda deyil, qonşularla dostluq, sülh və əməkdaşlıq içində yaşamaq barədə düşünməlidir...
Ötən həftəsonu Azərbaycanın bölgəyə və dünyaya verdiyi növbəti sülhpərvər mesajlarla yadda qaldı. Xüsusən də postmüharibə dönəmi ilə bağlı rəsmi Bakının bəyan elədiyi və davam edən konstruktiv mövqeyi regionda dinc və uzunmüddətli birgə yaşayış və tərəqqi kontekstində geniş perspektivlər açır, istər Ermənistandakı, istərsə də onun xaricindəki - Qərbdəki radikal qüvvələrin və onların havadarlarının təbliğati arqumentlərini və hərbi ritorikasını faktiki puç edir.
“Mən tamamilə əminəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev keçən həftə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.
İrəvan üçün Azərbaycan - Türkiyə yolu: » AzərTaym İnformasiya Portalı
“Mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Nə etmək lazımdır? Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirilənədək gözləmək lazımdır. Biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq. Əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər. Bu baxımdan ümid edirik ki, seçkilərdən sonra bizdə bu məsələ ilə bağlı daha çox aydınlıq olacaq”, - deyə İlham Əliyev qeyd edib.
Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür - İlham Əliyev ELAN ETDİ
Prezident uzunmüddətli sülhün əsas şərtini də deyib: “Sülh sazişi, əlbəttə ki, hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur və biz bunu etməyə hazırıq. Biz Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırıq və sözsüz ki, Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil”.
Dövlət başçısı onu da qeyd edib ki, sülh sazişinə nail olunarsa, onda ikinci mərhələdə üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da realdır. “Biz buna hazırıq. Biz Ermənistan tərəfindən müsbət cavab gözləyəcəyik”, - deyə Azərbaycan Prezidenti ümid elədiyini söyləyib.
*****
Amma Bakının bu növbəti, olduqca xoşməramlı jestinə görün Ermənistandan hansı reaksiya verilib. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan beynəlxalq hüquqa riayət edilməsini vacib saymaqla yanaşı, heç kimə gərək olmayan köhnə ritorikadan çıxış edərək bildriib: “Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası prosesi ilk növbədə ”artsax respublikası" ərazilərinin işğaldan azad edilməsi və ATƏT-in Minsk Qrupu həmsədrliyinin himayəsi altında “artsax”ın son hüquqi statusunun müəyyənləşdirilməsi də daxil, münaqişənin hərtərəfli sülh yolu ilə həlli prosesinin tərkib hissəsi olmalıdır".
Beləcə, Ermənistan XİN Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləməsini misilsiz sırtıqlıqla, “artsaxa qarşı təcavüz”, “işğal” hadisəsi hesab edir, iki ölkə arasında sülhün mümkünlüyünü “artsax ərazilərinin azad ediılməsi”nə, daha dəqiqi, Azərbaycan torpaqlarında ikinci erməni “dövləti”nin qurulmasına bağlayır və üstəlik, həyasızcasına bu zaman beynəlxalq hüquqdan da dəm vurur.
Bu xüsusda Azərbaycan XİN-in cavabı tam yerindədir. XİN-in mətbuat katibi Leyla Abdullayeva haqlı olaraq qeyd edib ki, bütün bu illər ərzində beynəlxalq hüququn fundamental prinsiplərinin məhz Ermənistan tərəfindən tapdanması son 30 ildə iki dövlət arasında sərhədin müəyyən olunmamasının əsas səbəbidir. “Ermənistanın 30 ildən sonra nəhayət, beynəlxalq hüququ yada salması ümumilikdə müsbət haldır. Lakin Ermənistan yenə də beynəlxalq hüquq prinsiplərini özünəməxsus şəkildə başa düşür. Ermənistan hələ də anlamır ki, bir ölkə öz ərazisini işğal edə bilməz, yalnız işğaldan azad edər. Ermənistanın artıq bu həqiqəti anlaması, yaranmış yeni vəziyyəti qəbul etməsi gərəkdir”.
Mənfur qonşular isə hələ də Qərbdəki havadarlarına, özəlliklə Fransaya güvənərək, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Ermənistan XİN-in açıqlamasından da göründüyü kimi, bu yöndə ATƏT-in ermənipərəst Minsk Qrupunu təzədən diriltmək onların əsas arzusudur, nəinki Azərbaycanla beynəlxalq hüquq əsasında sülh sazişinin imzalanması. Çünki bu bədnam qurumun tək hədəfi “danışıqlar” yolu ilə Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaratmaq idi.
ATƏT-in Minsk Qrupu özü-özünü "dəfn" etdi
Lakin “qatar” artıq gedib. Azərbaycan əsgəri status-kvo ilə birgə Minsk Qrupunu da tarixin arxivinə göndərib - özünün bizə sırımaq istədiyi “müqəddəratı təyinetmə” prinsipi ilə birgə...
*****
“Minsk Qrupu ləğv edilməlidir, çünki artıq Dağlıq Qarabağ problemi yoxdur”.
Bunu Fransa Senatının üzvü Natali Qule deyib. O bildirib ki, bu qrup faydasızdır. Çünki o, balanslı siyasət aparmayıb, 30 ilə yaxın fəaliyyəti ərzində heç nəyə nail olmayıb (“Trend”).
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olan senator deyib: “Mən azad edilmiş ərazilərə də baş çəkəcəyəm və Azərbaycana dəstək olacağam. Çünki Azərbaycanı Fransada dəstəkləyən rəsmilərin sayı elə də çox deyil. Xatırladım ki, yalnız mən senatda Dağlıq Qarabağın ”müstəqilliyi"nin tanınmasının əleyhinə səs vermişəm".
Son günlər Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən süni şəkildə yaradılan gərginlik fonunda Fransa prezidentinin sosial şəbəkə vasitəsilə yazdığı fikirlərə münasibət bildirən fransalı siyasətçi qeyd edib ki, ölkəsində ikili mövqe sərgilənir: “Sizə də məlum olduğu kimi, senat sədri böyük bir nümayəndə heyəti ilə Ermənistanda olub. Keçmişdə bu səviyyədə nümayəndə heyətinin Ermənistana getməsi və daha sonra Azərbaycana gəlməməsi heç vaxt olmamışdı. Hətta prezident Sarkozi o zaman bir gecəni İrəvanda keçirdikdən sonra bir gün də Bakıda qalmağa gəlmişdi. İndi seçkiqabağı səbəblərdən parlament fərqli bir siyasət yürüdür. Bu gün açıq şəkildə rəsmi mövqedən fərqli mövqelər var. Beləliklə, bu gün Fransa açıq-aşkar Ermənistanın tərəfini tutur və buna görə mən təəssüf edirəm. Təəssüf edirəm ki, artıq balans yoxdur”.
Fransalı senator erməni işğalçılarının Azərbaycan torpaqlarını talan etməsi, müsəlmanlara məxsus bütün mədəniyyət abidələrini məhv etmələri ilə bağlı da fikirlərini bölüşüb: “Avropa Şurası Parlament Assambleyasındakı azərbaycanlı millət vəkilləri uzun illərdir bu məsələləri gündəmə gətirirlər, ona görə də bu məsələ barədə yetərincə məlumatlıyıq”.
O, 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın regionda nəqliyyat qovşağı qismində rolunun artması perspektivlərini qiymətləndirərkən qeyd edib ki, Azərbaycan bölgədə sabitlik ölkəsidir: “Bura Cənubi Qafqaz regionu boyunca dəhlizləri, yolları, dəmir yolu xətlərini gücləndirən iqtisadi qovşaq, eyni zamanda enerji qovşağıdır. Azərbaycanda hər şey öz axarında gedir”.
*****
Azərbaycanı dəstəkləmək lazımdır” - Natali Qule
Təəssüf ki, Natali Qule kimi obyektiv düşünən fransız rəsmiləri, bütövlükdə Qərb yetkililəri həqiqətən də azdır. Avropa Parlamentinin ötən həftə erməni diversantları ilə bağlı çıxardığı qərəzli, şantaj xarakterli və rüsvayçı qərar buna şəkk-şübhə saxlamadı. Şübhəsiz ki, kapitulyasiyadan sonra erməni tərəfinin təzədən ayaqlanmaq istəməsi məhz buradan qaynaqlanır - Qərbdə, özəlliklə Fransada, Avroparlamentdə Dağlıq Qarabağ konfliktinin artıq tarixə çevrildiyi ilə barışılmaması, Ermənistana konflikti davam eləmək üçün altdan-altdan şirnikləndirici vədlər verilməsi, erməni toplumunun Azərbaycana və Türkiyəyə qarşı israrla qızışdırılması və diasporun da destruktiv fəaliyyəti fonunda bu bədbəxt xalqa yeganə düzgün seçimi eləməyə imkan verilməməsindən. Ötən yazılarımızda vurğuladığımız kimi, sanki 44 günlük müharibədə Azərbaycana uduzan Ermənistan yox, Fransa, Qərb imiş.
Nəticə etibarilə bölgədə çoxdan gözlənilən uzunmüddətli sülh hələ ki əlçatmaz olaraq qalır. Ancaq böyük sülh enində-sonunda mütləq bərqərar olacaq. Ən əvvəl də o səbəbə ki, bu, hamıdan çox yoxsul Ermənistana lazımdır. Böyük sülh olmasa, Ermənistan olmayacaq. Bunu anlamaq üçün siyasətçi və ya siyasi təhlilçi olmağa lüzum yox...
Siyasət şöbəsi