Bakının hər həftə qəza baş verən küçəsi... - Nə kamera var, nə tramplin, nə də nişan... - FOTOFAKT
Gecələr qorxaraq səsə ayılmaqdan bezmişik. Bu ərazidə, demək olar, hər həftə bir qəza baş verir
Bunu Azia.Az-a şikayətində Binəqədi qəsəbəsi, II mədən küçəsi, 90-cı korpusun sakinləri söyləyib. Onlar bildirib ki, qeyd edilən ərazidə gecələr tez-tez avtomobil qəzaları baş verir.
"Yol qısa və sərt döngələrdən ibarət olduğu üçün tez-tez bu ərazidə avtomobil qəzaları baş verir. Qəzalar gündüz yox, gecə vaxtı, xüsusən də, 1-də, 2-də baş verir. Demək olar ki, elə bir qapı, qonşu divarı qalmayıb ki, ora maşın dəyməsin. Üstəlik, ərazidə kamera olmadığına görə qəzanı hansı avtomobilin törətdiyini bilmək də olmur. İdarəetməni itirərək divara çırpılan maşınların çoxu avtomobil sürüləcək vəziyyətdə olanda hadisə yerindən qaçırlar. Nəticədə, vətəndaşın əmlakına dəymiş zərəri özü düzəltməli olur".
Sakinlər bildirib ki, avtomobillər divarlardan əlavə, qaz borusu və elektrik dirəklərini də zədələyib, yararsız vəziyyətə salıblar. Bundan əlavə, səki də dağılıb.
"Qonşulardan birinin qapısı döngədə yerləşdiyi üçün orda lap tez-tez qəzalar baş verir. Hətta onlar bunun qarşısını almaq üçün qapının qarşısına dəmirlər basdırıblar", - deyən sakin bildirib.
O, əraziyə kameranın quraşdırılmasını, trampilin qoyulmasını və yaşayış zonasını bildirən nişanlar yerləşdirilməsini səlahiyyətli qurumlardan xahiş edib.
"İşıqfordan hərəkətə başlayan sürücülər burada qaydaları pozaraq yüksək sürətlə döngəyə girdikləri üçün idarətetməni itirib qəzaya səbəb olurlar. Bura trampilin qoyulmalı, yaşayış zonasını bildirən nişanlar quraşdırılmalıdır. Hansısa sürücünün məsuliyyətsizliyinə görə biz qapımızı, divarımızı dəfələrlə öz hesabımıza təmir etməli deyilik. Bundan başqa hər birimizin azyaşlı övladı var, bu ərazidəki yüksək sürət onların həyatı üçün də böyük riskdir".