Rusiyanın Zabaykalye diyarında, “Baykal” şossesində avtobusun yoldan çıxaraq aşması nəticəsində 10 nəfər ölüb, 25 sərnişin yaralanıb.
Axar.az xəbər verir ki, avtobusda xristianların müqəddəs məbədlərinə ziyarətə yollanan 50 nəfərin olduğu bildirilir. Qəza Xoxtoy qəsəbəsindən 7 kilometr məsafədə, “Baykal” trasının 702-ci kilometrliyində baş verib.
***
TAA-ın yaydığı məlumata görə, qəzada ölənlərin sayı 11 nəfərə çatıb, yaralılar isə 40-a yaxındır.
"Bu dəqiqələrə qədər hadisə yerindən 34 yaralı xəstəxanaya aparılıb. Onların vəziyyəti ağır və çox ağır kimi dəyərləndirilir", - rayon mərkəzi xəstəxanasının rəsmi nümayəndəsi bildirib.
Qəzanın baş verməsinə səbəb kimi şossenin mürəkkəb hissəsində sürücünün idarəetməni itirməsi göstərilir. Belə ki, sözügedən ərazidə döngə 180 dərəcəyə yaxındır. Həmçinin ərazidə təmir işləri aparılmasına baxmayaraq, nişan qoyulmayıb.
Avtobus 25-30 metr hündürlükdən yerə çırpılıb.