Qələbə paradına hazırıq
Azərbaycan ilk dəfə olaraq qələbə paradına hazırlaşır. Dekabrın 10-da Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad baş tutacaq. Azia.Az xəbər verir ki, bir neçə gündür başlayan hazırlıqlar tam sürəti ilə davam edir. Hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.
Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Bildirək ki, döyüş meydanında düşməndən əldə edilən texnikalar artıq Bakıya gətirilib. Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri də hazırlıqlarını davam etdirir.
Bir neçə gündür hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirilir. Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Paradda həmçinin Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də iştirak edəcək. Bu dəfə də paradın aparıcısının əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani olacağı gözlənilir.
“Vətəndaşlara tövsiyə edirik ki, möhtəşəm Qələbə paradını televizorlardan izləsinlər”. Bunu Azia.Az-a açıqlamasıda hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikrincə, Azərbaycan hazırda ikinci bir düşmən - koronavirusla mübarizə aparır: “Hamı Qələbə paradında iştirak etmək istəyir. Amma reallığı nəzərə almaq lazımdır. İkinci bir düşmənlə mübarizə aparırıq. Koronavirusun tüğyan elədiyi bir dönəmdə kütləvi şəkildə vətəndaşların paradda iştirakı müəyyən problemləri bəri başdan vəd edir. Ona görə də paradda iştirakçıların sayına mümkün qədər məhdudiyyətlər tətbiq ediləcək”.
Ədalət Verdiyev bildirib ki, Türkiyənin bu paradda ən yüksək səviyyədə iştirakı gözlənilir: "Məsafə gözlənilməli və bütün tədbirlərə əməl olunmalıdır. Çünki ikinci bir təhlükəni yaxın buraxmaq olmaz. Əlbəttə, hamı istəyər ki, paradın iştirakçısı olsun. Amma mövcud vəziyyətə görə bu, mümkün deyil və bunu anlayışla qarşılamalıyıq".