azia.az
azia.az

Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb

29-06-2020, 20:35

Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb

Azia.Az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən, 17 yanvar 2018-ci il tarixdə başlanmış və 28 ay davam edən "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək" Tvinninq layihəsi başa çatıb.

Layihə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, həmçinin Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (CIEEL) tərəfindən həyata keçirilib. Layihənin məqsədi transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri üzrə auditin tətbiqi və həyata keçirilməsində, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılmasında Dövlət Vergi Xidmətinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Yunanıstanı və digər Aİ üzvü olan ölkələri təmsil edən beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Vergi Xidmətində 38 missiya, 4 tədris səfəri, 24 təlim və 10 seminar həyata keçirilib. Layihə müddətində 61 hesabat, təlimat və metodiki göstəriş hazırlanıb ki, bunlar da gələcəkdə Dövlət Vergi Xidmətinə qanunvericilyin hazırlanması və praktiki tətbiqi prosesində əhəmiyyətli yardım edəcəkdir. Layihə çərçivəsində əldə edilmiş əsas nəticələr aşağıdakılardan ibarətdir:

a) transfer qiymətləri istiqamətində qabaqcıl Aİ standartlarına uyğun effektiv hüquqi baza hazırlanıb;

b) transfer qiymətləri sahəsində "Qiymətlərin əvvəlcədən razılaşdırılması (APA)" və "Qarşılıqlı razılaşma prosedurları" hazırlanıb;

c) transfer qiymətlərinin Aİ standartlarına uyğun olaraq tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmi hazırlanıb və bu sahədə Dövlət Vergi Xidmətinin institusional imkanları artırılıb.

Layihə müddətində bir neçə uğurlu innovativ yanaşma təqdim edilib:

a) Biliklərin ötürülməsinin davamlılığı - Xüsusi testlərin keçirilməsi yolu ilə Dövlət Vergi Xidməti əməkdaşları arasından seçilmiş 10 nəfər beynəlxalq vergitutma sahəsində ali diplom imtahanı olan ADIT (Advanced Diploma in International Taxation) imtahanında iştirak edib və onlardan beş nəfəri uğurlu nəticə əldə edib;

b) Xüsusi olaraq benefisiar ölkənin ehtiyaclarının tam şəkildə qarşılanması üçün hazırlanmış və uyğunlaşdırılmış bir layihə - Fəaliyyətlərin məzmunu və nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün üzv ölkə və benefisiar ölkə rəsmiləri arasında sıx əməkdaşlıq və davamlı təkliflər vasitəsilə müzakirə edilərək işlənib hazırlanıb;

c) Gözlənilməz hallara dərhal və səmərəli cavab verilməsi və adaptasiya olunmaq - Benefisiar ölkənin davam edən ehtiyaclarına cavab olaraq, COVID-19 pandemiyası zamanı layihə fəaliyyətləri interaktiv videokonfransların keçirilməsi yolu ilə uğurla davam etdirilib;

d) Praktik nümunələrə və müxtəlif seminarlara xüsusi önəm verilməklə, bütün müasir tədris metodlarından və təqdimat vasitələrindən geniş istifadə olunub;

e) Benefisiar ölkəni təmsil edən əməkdaşların müzakirə olunan məsələləri anlaması və tənqidi yanaşma bacarıqlarını möhkəmləndirməyə imkan verən müəyyən fəaliyyətlər başa çatdıqdan sonra qiymətləndirmə metodlarından istifadə edilib.

Layihə rəhbəri xanım Aikaterini Perrounun sözlərinə görə, bu layihə çərçivəsində transfer qiymətləri və vergidən yayınma hallarına qarşı tədbirlərin hazırlanması sahəsində uğur əldə edilib, eyni zamanda uzun müddət birgə çalışan Azərbaycan və Yunanıstan respublikalarının vergi əməkdaşları arasında möhkəm işgüzar bağlar qurulub. Qarşılıqlı etimada və hörmətə

əsaslanan bu əlaqələr gələcəkdə hər iki ölkənin vergi orqanları arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.

Benefisiar ölkə üzrə layihə rəhbəri Orxan Musayev bildirib ki, bu, vergi orqanlarının Avropa İttifaqı ilə birgə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Qeyd olunub ki, layihə çərçivəsində Vergi Məcəlləsində dəyişikliklərlə bağlı konkret təkliflər hazırlanaraq təqdim edilib. Həmçinin, transfer qiymətləri üzrə yoxlamaların səmərəliliyini artırmaq və onların riskə əsaslanan bal sistemi üzrə qiymətləndirilməsini təşkil etmək məqsədilə digər qanunvericilik aktlarına da dəyişikliklər olunub. Vergi orqanı əməkdaşlarının təlimi layihənin əsas prioritetlərindən biri hesab olunurdu. Dövlət Vergi Xidmətinin ərazi vergi idarələrinin əməkdaşları da layihədə fəal iştirak ediblər. Tvinninq layihəsi çərçivəsində 2 il müddətində təlim keçmiş vergi orqanı auditorları artıq transfer qiymətləri ilə bağlı səyyar vergi yoxlamalarına başlayıblar. Bu, layihənin ən önəmli uğurlarından biri hesab edilə bilər.

Layihənin tərəfdaşları Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinə davamlı dəstək üçün, həmçinin layihənin rezident tvinninq müşavirləri, xanım Theodora Messiniyə və Ceyhun İsmayılova təşəkkür ediblər.

Layihənin həyata keçirilməsində yalnız Yunanıstanı təmsil edən ekspertlər deyil, həmçinin Aİ üzvü olan digər ölkələrin ekspertləri də fəal iştirak ediblər. Qeyd olunub ki, layihənin icrası Yunanıstan Respublikası ilə Azərbaycan Respublikasının vergi orqanları arasındakı səmərəli əməkdaşlıq, müsbət iş atmosferi və effektiv vergi inzibatçılığının qurulmasına töhfə verib və bu əlaqələr gələcəkdə də davam etdiriləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi