Anasının gözündə qızartı gördü, hamilə arvadını dənizdə boğdu: uşaqlarına dedi ki... - Təfərrüat
Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azia.az xəbər verir ki, ittihama görə 2020-ci ilin avqustun 7-də, gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Anar Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Dindirilmə zamanı Anar Əhmədov ifadəsində bildirib ki, 1993-2005- ci illərdə Ağdaş rayonunda təhsil alıb. 2006-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra rayonda təsərrüfatla məşğul olub. Şahanə Əhmədova ilə 2007-ci ilin may ayında evlənib və iki övladları dünyaya gəlib. Ailə qurduqdan 6 ay sonra Sumqayıt şəhərinə köçüb. 2010-cu ildə Sumqayıtda torpaq sahəsi alaraq ev tikib. Anası və bacısı da onlarla birlikdə yaşayıb. Şahanə hər dəfə ona tək (oğlanın ailəsindən ayrı) yaşamaq istədiyini deyib və buna görə aralarında dəfələrlə mübahisələr yaranıb.
2019-cu ildə evə gəldikdə anasının gözünün altında qızartı görüb. Sonradan onun Şahanə ilə dalaşdığını bilib. Arvadına ayrılmaq istədiyini söyləyəndə, qadın boşanacaqları təqdirdə uşaqların onda qalacağını deyib.
2020-ci il avqustun 7-də Şahanə və övladları ilə Novxanıda çimərliyə gediblər. Təxminən saat 20:00 radələrində çimərkən arvadını boynunun arxasından və başından tutub suya salıb. Şahanə çırpınıb çıxmağa çalışanda boğazından möhkəm tutaraq sıxıb. Müqavimət göstərdiyini görüb boynuna, sinəsinə və boğazına xəsarətlər yetirib. Təxminən 5-10 dəqiqə onu suyun altında saxlayıb və onun öldüyünü anlayıb.
"Suyun içində üz-üzə dayanıb söhbət eləyirdik. Mənə dedi ki, boşansan uşaqlar məndə qalacaq. Bu söhbətə görə yenə aramızda mübahisə düşdü. Qorxutmaq istədim deyə tutdum boynundan başın basdım suya. Əli ilə mənə müqavimət göstərmək istəyirdi. Qolumu dırnaqları cırdı. Bir neçə dəqiqədən sonra gördüm artıq tərpənmir".
Anar Əhmədov ifadəsinin davamında bildirib ki, sudan çıxaraq övladlarından analarının harada olduğunu soruşub. Uşaqlar isə onu görmədiklərini deyiblər.
Bundan sonra dəniz kənarında olan insanlar eşitsin deyə səs-küy salaraq qışqırmağa başlayıb. İlkin ifadəsində həyəcanlı olduğundan Şahanəni öldürmək istədiyini və hamilə olmasını bildiyini göstərib.
Anar əhmədov əlavə edib ki, yoldaşını qətlə yetirmək niyyəti olmayıb. Onu yalnız qorxutmaq istəyib. Şahanə kök olduğundan onun hamilə olmasını bilməyib.
Məhkəmə prosesi zamanı Anar Əhmədov ittiham üzrə özünü təqsirli bilib. Arvadını heç vaxt öldürmək fikrində olmadığını və əməlindən peşman olduğunu qeyd edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı Anar Əhmədovun əməlini aşkar sürətdə hamilə qadını qəsdən öldürmə yəni 120.2.8-ci maddəsi ilə düzgün tövsif edib.
Sonda məhkəmənin hökmü ilə Anar Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.