Qısqanc ər bacanağını niyə güllələyib - Bakıdakı qətlin təfərrüatı məlum oldu
Bakıda bacanağını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Kamran Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Azia.az” xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
İttihama görə rayonun Səməd bəy Mehmandarov küçəsi, 74 saylı binanın qarşısında 45 yaşlı Xəyal Cəfərov bacanağı Kamran Mahmudov tərəfindən qətlə yetirilib.
Qanlı cinayəti törətməkdə şübhəli bilinən Kamran Mahmudov Nəsimi rayon ərazisində saxlanılıb və ondan kustar üsulla hazırlanmış tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda CM-nin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən olunub ki, Kamran Mahmudov istintaqa müəyyən olunmuyan mənbədən kustar üsulla hazırlanmış “revolver” və 3 ədəd patronu əldə edərək Nəsimi rayonunda qeydiyyatda olduğu evdə qanunsuz saxlayıb.
2017-ci il aprelin 12-də rəsmi nikahda olduğu yoldaşı Samirə Mahmudova ilə bacanağı Xəyal Cəfərovun bir-birinə qarşı mehriban münasibət bəsləmələrinə, özü olmadığı vaxt sonuncunun evlərinə gəlməsinə görə onların intim əlaqədə olmalarını zənn edib. Arvadının xəyanət etməsindən şübhələnərək bununla bağlı ailə üzvlərinə və qohumlarına şikayət edib. Sentyabr ayından etibarən həyat yoldaşı və azyaşlı övladı ilə Xətai rayonunda kirayədə qalıb. Xəyal Cəfərovu qısqanclıq zəmnində qisas məqsədi ilə öldürmək qərarına gələrək alverişli şəraitin yaranmasını gözləyib.
Dekabrın 26-da arvadı birlikdə yaşamaq istəmədiyini və ondan boşanacağını bildirdikdən sonra mənzildən çıxıb. Ailəsinin dağılmasında təqsirkar hesab etdiyi Cəfərovu qətlə yetirmək üçün yüngül dərəcəli sərxoş vəziyyətdə Nəsimi rayonunda yerləşən evə yollanıb və kiçik otağda gizlətdiyi tapançanı götürüb.
Ayın 27-si saat 8 radələrində Xəyal Cəfərov idarə etdiyi avtomaşınla qızını General Mehmandarov küçəsində yerləşən məktəbə gətirəndən sonra arxa oturacaqda oturub bacanağına söhbət etmək istədiyini deyib. Sonuncu maşını sürərək məhəllə arası yolla hərəkətdə olan zaman ona arvadı ilə görüşməsi barədə məlumatlı olduğunu bildirərək avtomobildən çıxmasını tələb edib. Üzərindəki odlu silahdan yaxın məsafədən baş nahiyyəsinə iki dəfə atəş açaraq Xəyal Cəfərovu qəsdən həyatdan məhrum edib.
Məhkəmə iclası zamanı Mahmudov ittiham üzrə özünü qismən təqsirli hesab edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edib.
Məhkəmə hesab edib ki, MAhmudovun əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə tövsif edilməli və o, təqsirli bilinib cəzalandırılmalıdı.
Sonda məhkəmənin hökmü ilə 1986-cı il təvəllüdlü Kamran Mahmudov 13 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin
nümayəndəsi apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.