azia.az
azia.az

Dalağa dəyən Şair! Əlisəmid Kürün 65 yaşına...

9-02-2019, 12:36

Dalağa dəyən Şair! Əlisəmid Kürün 65 yaşına...
“Ay nə gözəl qaydadı… şal sallamaq” (M.Şəhriyar) – “oranjeman” etsək: fb-də kimin ad günü oldusa, təbrik etmək gözəl qaydadır!
Bəri başdan deyim: Əlisəmid Kürü “oranjeman” etmək olmur! Çün həm orijinaldı, həm original! Bütün etdiklərini təkrar etməyə, “oranjeman”a ilk olaraq, kişilik çatmaz, ardından da istedad, sonra da yaşantılar.
Əlisəmidin etdiklərini heç bir “ağıllı” adam eləməz, eləyə bilməz – vurub öldürərlər! Amma Əlisəmid eləyib və elədiyinə, qədeşfason yanaşsaq, deyə bilərik ki, “otveçat” da olub. Onçun da yaşayır! Yaşayır və yaradır!
Mən ilk gəncliyimdən tanıdığım Əlisəmid Kürlə birgə yaşadığım bu şəhərdə təsadüfdən təsadüfə rastlaşmışam.
Tanıyanların hamısı Əlisəmid Kürlə yeyib-içməyə hazır olub və yaxud da əksinə, amma mən bu yeyib-içməklərə qıcıq olmuşam həmişə: zalım balası, Əlisəmid Kür bir süfrədə oturub şeir içməyə, həyat içməyə layiq ən yaxşı müsahbdi e.
Ədəbi mühitdən kimi dindirsən, hamısının Əlisəmid Kürün yeyib-içmək məclislərindən, “dəlilik” olaylarından bir xeyli ehtiyatı var saxlancında! Zalım balası, adamın o qədər şeiri var ki, deyəsən, yada salasan, sonra da gedib arvadların qul bazarından doqquzunun gündəlik haqqını və hərəsinin də əlinə bir dəsmal verib deyəsən ki, ağlayın, əziz bacılar, ağlayın, əziz analar, ağlayın, əziz qızlar, sizi ağlayan halına ağlamalı Əlisəmidi – atanızı, qardaşınızı oğlunuzu... ölkəni!
Mən bilmirəm Əlisəmid Kürü axır vaxtlar görənlər “Baksovet”dəki – "Vahid" Poeziya Evinin qarşısında Əliağa Vahidin büstünü gətirirlərmi gözlərinin önünə? Əlisəmid Kürün sifətidi eynən elə bil – həm də Azərbaycan ədəbiyyatınının ÇTZ traktoru ilə kotan ağzına şırımlanmağa verilmiş sifəti! Azərbaycan ədəbiyyatının bütün və son əzablarının ifadəsi!
İkisinin də adı mürəkkəb isimdir. İkisinin də Əlisinə beyəti var! Amma Əli-AĞAmız Ağa kimi yaşamadı, ƏliSƏMİDimiz adam kimi! Taleyin ironiyasına bax ki, guya Əli SƏMİD – lal-dinməz, sakit, möhkəm dayanan olacaqmış deyə adamı dünyaya gəldiyi andan birinci olaraq, ismiylə mürəkkəbləşdiriblər, sonra da həyatıyla! İkisi də şair kimi faciələrdən heykəl yapdı, salnamə yaratdı!
Əlisəmid! Təkcə “Yol” adında ədəbi-bədii qəzetin sahibi olmadı mən tanıdığım illərdən bu yana, həm də YOLu olan oldu – bir daha heç kimin keçməyə cəsarət edə bilməyəcəyi yolun!
Əlisəmid! Ədəbi Arazlara qovuşan Kür şairimiz! Bütün yaxşılıqların içində, önündə və həm də şahidi! Bütün pisliklərin hədəfi və acıların-ağrıların mərkəzində! Hər dəfə Əlisəmid Kür hərlənib-fırlanıb mənə rast gələndə, yaxud da məclisdə ondan söz düşəndə dədəmin və qardaşımın, üstəlik də sevgilimin mənə dediyi yadıma düşür:
Dədəm Məmməd deyirdi ki:
- Ay bala, sənə bu qədər əziyyət çəkirik, sevirik, əzizləyirik, varımızı-yoxumuzu veririk, amma sən bir niyyətini nümayiş etdirirsən: doğulan gündən ölmək üçün əlləşirsən - əvvəllər, uşaq vaxtı xəstələnirdin, bir az böyüdün, başladın dalaşmağa, ağlının ümidinə buraxdıq, getdin qan çanağının içinə, diplom aldın, ağa demədin, xan demədin, rəiyyət demədin... Adam da öl(dürül)mək uğrunda vuruşarmı? Bəs sən haçan yaşamaq üçün mübarizə aparmaq istəyəcəksən?
Əzizgirami qardaşım da özüm-özümü zülmlərə salmağıma baxıb-baxıb köksünü ötürüb demişdi:
- Bu yer üzündə səni tanıdığım 40 ildə səndən başqa birini görmədim ki, sənin qədər özü özünə düşmən olsun!
Sevgilim deyirdi ki:
- Sən xoşbəxt yaşamağı bacarmırsan, hökmən gərək öz başına bir müsibət açacan!
Hə, Əlisəmid Kür, sən 65-ə çatıbsan, mən 50-ni keçmişəm! Bəlkə “bəs” deyək? Yoxsa hələ də “yeri var”? Dalağa dəyməyib? Axı sən dalağa dəyən şairsən hər misranla!
Axı nə qədər “sonrası nə ola-ola” deyərsən, deyərik?

Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.

Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.

Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.

Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.

Axı belə getsə:
səni büllur külqabı kimi satacaqlar hərracda!
Axı:
türmələrdə ad günü keçirmirlər!
Axı bəs deyilmi:
Ürək qızdırdığıN, çörək kəsdiyiN
Qəfildən üstüNdən atdanıb keçir.

Axı bəs deyilmi:
Adam nə qədər cibindən üşüyər, adam nə qədər canından çürüyər? Qoy Ağacın dərdini yarpaqlar çəkSİN də, qoy “Ağaclar ölSÜN ayaqüstə” də...
Axı:
Yüz əliqılınclı hazır
bir bənövşə boynu vurmağa...

Ehh, Cəfər kişinin oğlu, Sən-də-Mİ sübut etmək istəmirsən bu həyata Kİ, BİRÜZLÜ olub da xoşbəxt olmaq olar? Day onda bizə yazığın gəlmədi gəlmədi, özünə niyə 65 il zülm elədin?
Nə qədər ki, ölməmisən, xoşbəxt olmağı da bacar, qalan hər şeyi bacardın, BİRÜZLÜ oğlan!

YAZIYA SÖZARDI:
Cəlilabaddan bir cavan şair peyda olur, Salam Novruzov. Əlisəmid ağrısını aldığım da istedadı göydə tutan adamdı axı, istedad uğrunda gülləyə gedər, nəinki evinə qonaq getmək ola. Bəli, bir dəstə, başda Əlisəmid olmaqla gəlirlər bu Salam Novruzovgilə. Nəinki Salamgilin, ölkənin kasıb vaxtları olur, yığışıb həyət evinin dalında, başlayırlar vurmağa. 1..., 2..., 3..., 5..., 7..., 9..., 11..., nəhayət, 13-cü araq butılkasını boşaldanda, Əlisəmid qayıdır ki, hə, dəydi! Soruşurlar ki, Əlisəmid, nə dəydi?
Ustad da qayıdır ki:
- İndi dəydi, dalağa dəydi!
Biz Əlisəmid Kürün dalağına bəlkə də 13-cü butılkadan sonra dəyə bilirik, amma o hər şeiriylə dəyir dalağımıza! İnanmırsınız? Buyurun:

ALO, MƏN SƏNİ GÖRÜRƏM

Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…

-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

Aydın Canıyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi