Köhnə xatirələr”ə səyahət -Könül pıçıltısı
Aynanın önündəyəm… Köhnə xatirələrə aparan yola xəyalən səyahət edirəm. Bu xəyallar qəlbimdə olub keçənləri mənə xatırladır və gözlərimdə yenidən canlandırır.
Ən əsasıda – köhnə xatirələri…
Uşaqlığımın yıxıla-dura anama tərəf qaçdığım günlər gözlərimin önünə gəlir. Anamın uzanan qolları məni qucaqlayanda bilmirdim ki, həyat bir gün mənə amansız olacaq. Sanki bu acımasızlığı yaşımın üstünə yaş gəldikcə həyat məni hazırlayırmış. Bilmirdim ki, qarşıda məni hansı sıldırımlı qayalar, enişli-yoxuşlu yollar gözləyir.
Axı mən lap balaca “qızcığaz” idim. Həyatın gözəlliklərini anamın qollarında, onun nəvazişində, həzin laylasında görürdüm.
Bu gün isə qollarım qırıq, qəlbim sınıqdır. Özümü qənadsız quş kimi boşluqda hiss edirəm. Axı nə anam var, nə də atam… Amansız ölüm onları məndən vaxtsız aldı. Həyat əzə-əzə beləcə əyilməyən qəddimi əydi və məni, mənən sındırdı.
Lakin anam həyatda olmasa da, onun nurlu siması hər zaman yoluma işıq salır. Bir nüansı yaxşı bilirəm:- Atamla anam bir-birinə sevdalı aşiqlər kimi ailə qurmuşdular. Mən iki yanan qəlbin atəşindən yaranmışdım.
Ey könül aynam!
Qəlbimin dərinliklərinə nüfuz edən bütün acı duyğularımı səninlə bölüşmək istəyirəm. Aynanın parıltısında məni seçib mənə yer göstərərsənmi? Açıqla mənə arxada qoyduğum, lakin irəli baxdığım o yolları! Mənimlə danış… Mənə məndən danış!
Bu usanmış qəlbimi mənə qaytar ki, köhnə xatirələrə yenidən səyahət edim.
— Məni dinlə, məni eşit, Könül aynam!
Davam edən həyat atanı və ananı səndən aldı… Amma əvəzində sənə işıqlı, nurlu yol göstərdi. Göylərin ənginliyinə baxanda başının necə uca olduğunu görmürsən? Allah sənə elə bir yol açdı ki, pərvanə kimi öz duyğularının başına dolanırsan. Sənin elə düşüncələrin var ki, onlar sənə və həyatına yol yoldaşıdır.
Sən qəm etmə, gözlərini nəm etmə!
Elə bir yolda yürüyürsən ki, qoyduğun iz daim səni irəli aparacaq. Özünə inan, sözünə inan, mənə baxan gözünə inan!
Bilirsənmi?
Uşaqlığın çox hadisələrdən xəbər verirdi. Amma sən balaca "qızcığaz" olduğun üçün anlaya bilmirdin. İndi isə qarşımda şəstlə dayanırsan. Qəlbini, ürəyini oxuyuram, duyuram və daima yanındayam.
Bil və agah ol: həyat səni artıq püxtələşdirib. Öz yolunun axarı səni aparır. Səni qorxudan qaranlıqlar arxada qaldı, üzünə işıqlı sabahlar açıldı. Hər qaranlıq gecənin dan üzü açılar və günəşin şəfəqləri qollarını boynuna dolayar. Göylərdə ay var, üşüsən günəş var, ulduzlar var –qaranlıq gecələrdə göylərdə sayrışır.
Tale ulduzun parlayır və üzünə gülür. Milyonlarla səyyarələr başına dolanır.
Səninləyəm! Susma...dillənsənə!
Niyə gözümə baxmırsan? Niyə sözümü eşitmirsən? Nədir səni bu qədər usandırıb üzən?
— Ey könlümün aynası…
Bilirəm ordasan, yanımdasan, məni dinləyirsən və mənə daima qol-qanad verirsən. Sən mənə özümü tanıdan, yoluma işıq tutan bir mələk oldun. Mən özümü tanıdım, sözümü tanıdım, sözün, şeriyyətin, həyatın gözəlliyini – Allahın verdiklərini duydum.
Həyatımda yaranmış boşluqlara sən ayna tutdun. Daxilimdəki səsə, səs verdin və məni, mən etdin.
Niyə inciksən məndən? Neynim ki, qəlbim qırıqdır, könül yaram var. Bu üzdən telinə sığal çəkə bilmirəm… Amma qəlbinin çırpınan duyğusunu hiss edirəm. Bu sənə yetməzmi, səni şən və şaqraq etməzmi? Sənin susqunluğun bitməzmi? Bu susllar səni düşündürməli, üşündürməli və ayıltmalıdır!
— Sən artıq ayaqdasan, küllərindən yaranmağı bacardın! Kimsədən asılı deyilsən. Öz dəsti-xəttin, öz yolun var. Elə bir idrak sahibisən ki, bəzən bu ağırlığa təfəkkürün gücü yetmir. Özünlə fəxr elə! Özünlə ÖYÜN!
Sən tək deyilsən! Mən daima yanındayam və irəlilədiyin yollara işıq saçıram. Bu işıqdan güc alan isə sənin ruhun, incə, nəfis duyğulu könlündür. Mən də o könülün bir küncündə arxanda kölgə kimi səninlə yan-yana dayanıram. Bu sənin gücün və qüvvətindir, Allah bəxş edən qüdrətindir!
Təranə Şəms
19.11.2025