azia.az
azia.az

“Laçınım” mahnısının sözlərinin əsl müəllifindən qalmaqallı AÇIQLAMA – FOTO

30-08-2023, 08:05

Xəbər verildiyi kimi bu günlərdə “Laçın şəhəri günü” ilə bağlı bayram şənliyi təşkil olundu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak etdi. Bu dəfə illərdir Məhəbbət Kazımovun ifasında məşhur xitə çevrilmiş “Laçınım mənim” mahnısı Laçın diyarından səsləndi. 

Həmin tədbirdən sonra mahnının sözlərinin müəllifinin kim olduğu məsələsi gündəmə gəldi. Günlərdir aktual qalan məsələ ilə bağlı hələ də müzakirələr gedir. 

Qeyd edək ki, mahnının sözlərinin müəllifi kimi üç nəfərin - əslən Laçından olan coğrafiya müəllimi Osman Alıoğlu, tovuzlu polis Fəxrəddin Rəhimov və Xalq şairi Məmməd Aslanın adı hallanır. 

Araşdırmalar nəticəsində mahnının sözlərinin müəllifinin Osman Alıoğlu olduğu məlum olub.

Bu barədə Bizim.Media-ya danışan Osman Alıoğlu müəllifi olduğu mahnının sözlərinin necə ərsəyə gəldiyindən bəhs edib.

Müsahibimiz qeyd edib ki, Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra polis Fəxrəddin Rəhimov yenidən mahnının sözlərini öz adına çıxıb:

“Əslən Laçının Mişni kəndindənəm. Hazırda Laçın məktəbində coğrafiya müəllimi kimi çalışıram. Laçın işğal olunanda Qubadlıda məskunlaşmışdım. “Laçınım sevincim, kədərim mənim” adlı bu şeiri 1993-cü il mayın 17-də Həkəri çayının sahilində yazmışam. Əlyazma dəftərimdə də həmin tarix qeyd olunub. 

Mənim bundan əlavə çoxlu şeirlərim də var ki, indi də onlara mahnı bəstələnib və ayrı-ayrı ifaçılar tərəfindən səsləndirilir. Müəllif Hüquqları Agentliyi ilə heç əlaqəm olmayıb. Rəhmətlik Məhəbbət Kazımov biləndə ki, şeirin müəllifi mənəm, özü gedib adıma təsdiqlədib. Onunla tanışlığımız mahnı bəstələnəndən sonra olub. 

O, mahnını ilk dəfə 1997-ci ildə Füzulidə əsgərlərin qabağında oxuyub. Efirdə oxuyanda dəftərimi götürüb baxdım ki, mənim şeirimdir, amma sözlərin yerlərini dəyişiblər. O vaxtlar bir jurnalist dostum var idi, Məhəbbət Kazımovla tanış idi, ondan Məhəbbət Kazımovla bizi görüşdürməyini xahiş etdim. Bilmək istəyirdim bu şeiri haradan əldə edib”.

Osman Alıoğlu şeirin Məhəbbət Kazımovun əlinə necə keçməsindən danışıb:

“1994-1995-ci illərdə “Təzadlar” qəzetində 4 ay işləmişdim. Laçının işğal günü ilə bağlı qəzetə üç şeir vermişdim. Necə oldusa, o şeirlər redaksiyadan yox oldu. Mən şeirin Məhəbbət müəllimin əlinə necə keçməsi ilə maraqlandım. Məhəbbət müəllim ilk görüşdə mənə dedi ki, bu şeiri mənə əslən tovuzdan olan yol polisi Fəxrəddin Rəhimov verib və araşdırcağına söz verdi. Fəxrəddinlə məni üzləşdirdi. Yanımızda 15 nəfərə qədər şair də var idi. O məclisdə sübut olundu ki, şeir mənimdir. Fəxrəddin sadəcə sözləri dəyişib. 

Məhəbbət müəllimin çox gözəl xüsusiyyəti var idi ki, sözü üzə deyən idi. Orada “Fəxrəddin sən dostumsan, Osman sən isə yerlimsən, bu gün birinizi buradan qovacağam” dedi. Fəxrədiinə dedilər ki, bu şeirin əlyazmasını oxu. Oxudu, dedilər ki, başqa bir şeir də oxu. Bildirdi ki, mənim başqa şeirim yoxdur, yazmamışam. Mənim şeirlərimi eşitdilər. Laçına aid iki şeir oxudum, dəftərimi alıb əlyazmalara baxdılar. Məhəbbət müəllim elə oradaca Fəxrəddinə “bir də gözümə görünmə, adam başqasının yazısını oğurlayıb kiməsə verməz” dedi. 

Məni təəccübləndirən odur ki, Fəxrəddinin 2014-cü ilə, yəni Məhəbbət müəllim rəhmətə gedənə qədər səsi çıxmadı. İndi Məhəbbət müəllim yoxdu, amma Allahı burdadır. Adam insanın sağ vaxtında qarşısına çıxar və boğazdan yuxarı danışmaz. Kaş Məhəbbət müəllim sağ olaydı, bu oğurluğun üstündə Fəxrəddinə nələr edərdi, onu Allah bilir. Hansı sözləri yazmısansa, o cür də çap etdir, niyə başqasının şeirini oğurlayıb sözlərini dəyişdirirsən?” 

Osman Alığolunun  sözlərinə görə sonralar nəşr olunan “Min bir mahnı” adlı kitabda “Laçınım mənim” mahnısının sözlərinin müəllifi kimi şair Məmməd Aslanın adı qeyd edilmişdi:

“Müəllifin kimliyini bilməyib onun adını yazmışdılar. Məhəbbət Kazımov mənim də xəbərim olmadan Məmməd müəllimlə danışıb, o da "şeir mənim deyil" demişdi. O, kitabların hamısını satışdan yığışdırıb, yenidən dərc etdirdi və mənim müəllif kimi adımı ora saldırdı. 
O vaxt çox şairlər mənə zəng edirdi ki, Yazıçılar Birliyinə üzv olum. Mən istəmədim və bu gün də istəmirəm. Çünki mən özümü Yazıçılar birliyinə layiq bilmirəm. 5-10 şeirimə Könül Xasıyeva, Elnarə Abdullayeva da mahnı oxuyurlar. Mən müəlliməm, sadəcə sözlə oynamaq, şeir yazmaq hobbimdir”.

Osman Alıoğlu Laçınla bağlı arzusu gercəkləşdiyi üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib:

“Xoşbəxtəm ki, məğrur ordumuz və Prezidentimiz Laçını işğaldan azad etdi. Özümə söz vermişdim ki, Laçın azad olunanda ora ayaqyalın gedəcəyəm. Bu il iyunun 7-də ziyarətinə də elə getdim. Yaşım çox olsa da, ayaqyalın kəndimizə qədər yeriyə-yeriyə gedə bildim. Bu, mənim üçün dünyanın ən böyük bəxtəvərliyi oldu”. 






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi