Uruqvayla Azərbaycan diri mal-qara və ət məhsullarının ixracı üzrə razılıq əldə edib
Uruqvay hökuməti Azərbaycanla kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlığa maraq göstərir.
Gün.Az bu ölkənin KİV-nə istinadən xəbər verir ki, Uruqvayın heyvandarlıq, kənd təsərrüfatı və balıqçılıq naziri Tabare Aqerre Mina şəhərində Nazirlər Şurasının iclasından öncə kənd təsərrüfatı və heyvandarlıq sahəsində çalışan yerli sahibkarlar ilə görüşü zamanı Uruqvay hökumətinin diri mal-qara və ət məhsulları ixracı üzrə yeni bazarların axtarışı istiqamətində iş apardıqlarını və bu xüsusda Azərbaycan tərəfi ilə müvafiq razılıq əldə olunduğunu bildirib.
Tabare Aqarrenin açıqlaması Uruqvay Prezident Administrasiyasının rəsmi internet səhifəsində yerləşdirilmiş və Uruqvay KİV-də geniş işıqlandırılıb.
Qeyd etmək lazımdır ki, 14-16 sentyabr 2015-ci il tarixlərində Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kanselanın Azərbaycana səfəri çərçivəsində digər mövzularla yanaşı, iqtisadi sahədə, xüsusilə kənd təsərrüfatı və heyvandarlıq sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Səfərdən sonra iki ölkənin müvafiq qurumları arasında baytarlıq sertifikatlarının qarşılıqlı tanınması həyata keçirilib.