azia.az
azia.az

Kremlin “yaşıl ada” uğrunda çabaları...

18-04-2019, 09:26


Əvvəldən də deyilirdi ki, prezident R.T. Ərdoğan heç bir vəchlə İstanbulu güzəştə getməz, çünki bu meqa-şəhər onun üçün elə Türkiyə deməkdir.

Odur, indi diqqətlər daha çox İstanbul uğrunda hakim partiya ilə əsas müxalifətin açdığı savaşa yönəlibdir.
Kremlin “yaşıl ada” uğrunda çabaları...
Demirik burada hansısa sirli və ya konspirativ proseslər cərəyan edir, yox, sadəcə, hər səs, hər bir seçici uğrunda gərgin mübarizə gedir. Ümidliyik ki, tez zamanda bu problem də həllini tapacaq və hər iki tərəfi qane edən nəticə ortaya qoyulacaqdır.

Bir məsələ də var, o, bir ay deyil ki, müzakirə olunur, dəqiq tarix deməyə çətinlik çəkirik, amma ən azı iki-üç ildir ki, həmin mövzu gündəmdən düşmür, demək olar ki, elə bir gün olmur ki, media bundan yazmasın və yaxud da danışmasın.

Bəli, söhbət ABŞ-Türkiyə münasibətlərindəki gərginlikdən və ən çox da belə münasibətlərin yaranmasına rəvac vermiş bir məsələdən - Ankaranın Moskvadan S-400 raket kompleksi almaq istəməsindən gedir.

Hazırda demək olar ki, məsələ tam həlledici məqamdadır, səhv etmiriksə, ortada cəmi bir neçə ayın söhbəti var - bundan sonra kompleks Türkiyəyə təhvil veriləcək.

Amma okeanın o tayında da təslim olmaq istəmirlər, belə təsəvvür yaranır ki, Vaşinqton hələ də bu sövdələşməni poza biləcəyini zənn edir.

Məsələnin detalları yetərincə bəllidir. Bir daha ərz edək ki, ABŞ “Petriot”larını Türkiyəyə satsaydı bəlkə də bu sövdələşmə heç baş tutmazdı. Amma problem də bundadır ki, satmır.

Nədən Vaşinqton özünün əsas hərbi müttəfiqlərindən birinin etibarlı hava hücumundan müdafiə sisteminin olmasını istəmir - doğrusu, bu sual bizim üçün də qaranlıq qalır.

Əlbəttə, hakimiyyətlər arasındakı ziddiyyətlər, bölgədəki hərbi balansı yenidən dəyərləndirmək cəhdləri, hərbi-siyasi vektorların təzədən qruplaşması - bunların hamısı ortadakı ziddiyyətlərin səbəbləri kimi çıxış edə bilər.

Amma ara-sıra Türkiyənin özündə də Moskva ilə isti münasibətlərin kimə gərəkli olması, alınacaq raket kompleksinin ölkənin müdafiəsi baxımından nə dərəcədə məqsədəuyğun olması ilə bağlı tənqidi fikirlər və hətta ciddi siyasi ittiham xarakterli bəyanatlar səslənir.

Məsələn, ötən günlərdə maraqlı bir təhlillə türkiyəli politoloqlardan biri çıxış etmişdi və müəllif iki mühüm məqama diqqət çəkmişdi.

Birincisi, onun fikrincə, öz siyasi problemləri, sırf daxili hakimiyyət maraqları Türkiyə siyasi elitasını Moskvaya sığınmağa məcbur etdi və hətta belə fikir də səslənir ki, ölkənin siyasi elitası Kremlin əsirinə çevrilibdi, hətta bəzən fərqinə varmadan belə Moskvanın formalaşdırdığı ittifaq və koalisiyalara qoşulur, Rusiyanın barmağını tuşladığı istiqamətə yönəlirlər.

Əlbəttə, biz bunun nə dərəcədə düzgün olduğunu deyə bilmərik. Amma həqiqətən də suallar çoxdur; məsələn, niyə görə Ankara N.Maduroya dəstək verən beş-on dövlətin cərgəsində olmalıdır? Niyə görə anti-Avropa və anti -ABŞ ritorikası Türkiyə hakimiyyətinin ifasında adicə bir siyasi şüar olmalıdır?..

Axı indiyədək biz belə görmüşük ki, dövlət və hökumət başçıları hər sözlərini, cümlələrini on dəfə ölçüb-biçərlər ki, birdən bu, yanlış anlaşılar və münasibətlərdə problem yaradar. Məsələn, Türkiyə rəsmilərini dinləyən məlumatsız şəxsin heç ağlına da gəlməz ki, bu ölkə NATO -nun üzvüdür, ABŞ-ın regionda ən yaxın hərbi müttəfiqlərindən biridir.

İkincisi, bir az əvvəldə də epizodik olaraq qeyd etdik ki, alınacaq raket kompleksinin ölkənin müdafiəsi prizmasından nə dərəcədə məqsədəuyğun olması da yerli təhlilçilər tərəfindən şübhə altına alınır.

O səbəbdən ki, Türkiyə ordusu təkcə taktiki baxımdan deyil, texniki cəhətdən də tamamilə NATO standartlarına uyğun qurulmuş ordudur və Rusiyanın bu sistemə müdaxiləsi hətta texniki baxımdan məqsədəuyğun sayılmır.

Üstəlik, Kreml ABŞ-la Türkiyə arasındakı ziddiyyətlərin dərinləşməsində maraqlıdır. Odur ki, prosesin onun üçün faydası raket kompleksinin satışından gələcək bir neçə milyard dollardan da önəmlidir. Neçə dəfə Ankaranın yenidən hərbi-siyasi seçim edəcəyi ilə bağlı rusiyalı siyasətçilərin “öncəgörmə”lərini eşitmişik. Əslində buna Kremlin arzuları demək olardı, çünki Ankaranı NATO-dan və ABŞ-dan qoparmaq, təkcə quruda əhəmiyyətli mövqelərə çıxmaq demək deyil, bu həm də Aralıq və hazırda uğrunda açıq savaş gedən Qara dənizlər baxımından önəmlidir və bir az da dərinə getsək, Pyotrun vəsiyyətlərinə adekvat bir hadisədir - düzdür, o, İstanbulu fəth etməyi düşünürdü, amma 21-ci əsrin prizmasından baxanda İstanbul üzərində nəzarətini bərqərar etmək və “yaşıl ada”nı öz cazibəsinə almaq Moskva üçün heç də onu fiziki mənada fəth etməkdən az uğur deyil...

Hüseynbala Səlimov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi